KANAL24.AZ
Az Iw En Ru

İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirlərsə...

"Azərbaycanda il ərzində qeydə alınan məişət zorakılığı insan alveri hallarından 8-9 dəfə çoxdur". 

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bu gün Bakıda keçirilən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının iclasında deyib. 

Onun sözlərinə görə, məişət zorakılığı haqqında Milli Fəaliyyət Proqramının hazırlanmasına və qəbul edilməsinə ehtiyac var: "Məişət zorakılığına məruz qalanlar üçün sığınacaqlarla bağlı da çatışmazlıq var. Yeddi QHT tərəfindən belə sığınacaqlar yaradılsa da, bu, yetərli deyil. Sözügedən sahədə maddi problemlər var. Məişət zorakılığı haqqında Milli Fəaliyyət Proqramı qəbul edilməlidir. Əgər il ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirlərsə, mövcud olan bu vəziyyət bizi narahat etməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı ilə bağlı məlumat bankı yaradılacaq. Söhbət fiziki məişət zorakılığından gedir".

 

S.Qəhrəmanova deyib ki, insan alverinə qarşı mübarizə ilə əlaqədar iki dəfə Milli Proqram qəbul olunub, lakin hələ də bu istiqamətdə işlər görülməlidir: "Cinsi ayrı-seçkiliklə bağlı məsuliyyətə görə məsuliyyət qanunvericilikdə nəzərdə tutulsa da, bununla bağlı mexanizm yoxdur. Qız uşaqlarının erkən yaşda ərə verilməsi təhsildən yayınma reproduktiv sağlamlıqla bağlı problemlərin yaranmasına səbəb olur. Bu istiqamətdə görülən işlər öz səmərəsini verir. İl ərzində bu qədər uşaq dünyaya göz açırsa, bununla bağlı qanunvericiliyə uyğun olaraq hansı sayda günahkarlar məsuliyyətə cəlb edilir? Bu sahədə hüquq-mühafizə orqanları və digər müvafiq qurumlar öz işlərini görməlidirlər. Yerli orqanlar da bu sahədə mövcud olan problemlərə həssaslıqlarını artırmalıdırlar".


20:39 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər