KANAL24.AZ
Az Iw En Ru

BÖYÜK DOSTLUĞUN TƏRƏNNÜMÇÜSÜ

Onunla 2016-cı ildə Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən bir klip təqdimatında tanış olduq. Daha dəqiqi, bu tədbirin səbəbkarı və təşkilatçısı da elə özü idi.

Səadət Şükürova 1970- ci il noyabr ayının 23-də Quba şəhərində anadan olub. Atası azərbaycanlı, anası yəhudidir. 1978-ci ildən, Bakı şəhər 8 saylı musiqi təmayüllü məktəbdə orta təhsillə bərabər, fortepiano ve rəqs üzrə də oxuyub.

1988-ci ildə, “Azərnəşr”in binasında, Rafiq Əzimovun rəhbərlik etdiyi "Damğa " özfəaliyyət teatr dram dərnəyində həvəskar kimi fəaliyyət göstərib.. 1989-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinə qəbul olub. Səadət xanımın diplom müdafiəsi Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?” əsəri olub.

1994-cü ildə İncəsənət Gimnaziyasında, bəstəkar Oqtay Rəcəbovun, rejissor Ələmdar Quluzadənin, Mədəniyyət və İncəsənət Universitetinin və İncəsənət Gimnaziyasının müəllim və tələbələri qarşısında keçirilən diplom tamaşası yüksək qiymətləndirilib. Və bəstəkar Oqtay Rəcəbovun, onu İncəsənət Gimnaziyasında işə dəvət etməsi gənc rejissorun hədsiz sevincinə səbəb olub. 1995 – 2009-cu illərdə gimnaziyada aktyor sənəti ve səhnə danışığından ders deyib... Eyni zamanda jurnalist kimi də fəaliyyət göstərib. Daha sonra ailəsi ilə İsrailə köçən Səadət Şükürova orada özünün böyük missiyasına başlayıb. O, öz həyat və yaradıcılığını bir amala – qədim dostluq ənənələrinə malik Azərbaycan və yəhudi xalqlarının daha da yaxınlaşmasına kökləyib. 2014-cü ildə İsraildə ilk olaraq "Odlar Yurdu " ailə teatrını yaradıb.

İlk dəfə İsrailin Akko şəhərində 31 dekabr Həmrəylik Gününü 6 nəfərdən ibarət ailəsi ilə birlikdə qeyd edib. Vətənpərvər xanım, istedadlı rejissor S. Şükürova öz işləri haqqında danışır: -2015-ci ildən etibarən teatrın üzvlərinin sayı 14-ə catıb. Sonra mütəmadi olaraq dövlət bayramlarımızı, ağrı-acılarımızı, Vətənin bütün tədbirlərini qeyd etməyə başladıq. “Xocalıya ədalət” və digər bu tipli aksiyalar kecirdik. 2015-ci il dekabrın 14-də Rəşid Behbudovun 100 illik yubileyini də İsraildə “Odlar yurdu” teatr truppası qeyd etdi. 2016-cı ilin mart ayında İki dövlət arasındakı dostluğu tərənnüm edən (multikulturalizm, toleyrantlıq mövzusunda) klip çəkdim. Aprel ayının 15-də İsraildə klipin təqdimatı kecirildi. .İştirakçılar tərəfindən klip yüksək səviyyədə qarşılandı. Bu klip hər iki dövlət tərəfindən də xoş qarşılandı.

Klipin 17.000-dən yuxarı baxıcı sayı var. 2016-cı il dekabrın 17-də isə Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində, klipin təqdimatı qeyd olundu. 2016-cı ilin dekabr ayında isə, eyni mövzuda – multikulturalizm, toleyrantluq mövzusunda "Yaşadığım torpaq" bədii-sənədli filmini çəkdim. Bu film də hər iki dövlətdə xoş qarşılandı, yüksək səviyyədə qəbul olundu. Film 4 dildə - Azərbaycan, rus, ingilis və ivrit dillərində təqdim olunur. 2017 ci ilin yanvar ayında isə yeni layihəmi - "Qürbətdə Vətən " layihəsini Vətəndə “Kanal 24” internet televiziyasına təqdim etdim. Layihəm kanalın rəhbəri tərəfindən bəyənildi və yeni ildən, yeni işə başladım. İsraildə yaşayan yəhudi əsilli azərbaycanlılarla bağlı silsilə verlişlərə (ayda 4 dəfə, 1 saat) efir vaxtı ayrıldı . Bundan başqa daha iki layihə üzerində işləmək fikirindəyəm. Hal hazırda prezidentimiz bu ili İslam Həmrəyliyi İli elan etdiyi ücün, " İsrail torpağında Azan səsi!"sənədli filminin ssenarisi əsasında çəkiliş düşünürəm. Bundan başqa, ən böyük istəyim itkinlər haqqında sənədli filmin çəkilişidir. Bu sənədli film ilə dünya miqyasında dərdlərimizi bir daha yaddaşlarda görüntü ilə əbədi olaraq tarixdə saxlamaqdır.

Səadət xanım Şükürovaya – İsraildə yaşayan və İsrail – Azərbaycan dostluğunun möhkəmləndirilməsinə böyük töhfələr verən, ölkəmizi və xalqımızı dünyada layiqincə təbliğ edən istedadlı rejissorumuza, təvazökar və zəhmətkeş həmyerlimizə yeni-yeni uğurlar arzu edirik! 

Şöhlət ABBAS


20:10 08.02.2017
Xəbər lenti
Bütün xəbərlər