KANAL24.AZ
Az Iw En Ru

Yeni dünya müharibəsi - Amerika dirənib, Almaniya sevinir, Yaponiya və Çin isə...

Dünyada indi də, deyəsən, yeni müharibə - valyutalar müharibəsi yetişir.

Bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

 

 

 

Onun sözlərinə görə, ABŞ dollarının ucuzlaşacağı gözlənilən idi: "Donald Tramp Amerika dollarının getdikcə möhkəmlənməsinin ölkə iqtisadiyyatı üçün xeyir gətirmədiyini hələ ABŞ-ın prezident seçilməmişdən öncə də, seçki kampaniyası zamanı söyləmişdi. Budur, Ağ Ev administrasiyasına yaxın olan mənbələr xəbər verirlər ki, Tramp öz fikrində qətidir. Yəni ki, 45-ci Prezident ABŞ dollarının dünya valyutaları üzrə hazırkı kursunun heç də səmərəli xarakter daşımadığı fikrindədir".

Ekspertin fikrincə, bu xüsusda ABŞ-Almaniya münasibətlərinin hazırkı və yaxın perspektivdə gözlənilən vəziyyəti daha çox diqqəti cəlb edir: "Kansler Angela Merkel, hələ ki, Ağ Evin yeni administrasiyasına qarşı çox arxayın danışır və çəkinmədən hətta tənqidi fikirlər də söyləyir. Halbuki, "heç kimə" sirr deyil ki, Avropa Birliyinin vahid valyutası olan avronun dollara görə hazırkı kurs səviyyəsi, əslində, ən çox elə məhz Almaniya iqtisadiyyatının işinə yarayır.

Başqa sözlə desək, ayrılıqda götürdükdə həm Almaniya ilə ABŞ arasında, həm də sonuncu ilə Aİ arasında istər qarşılıqlı ticarət münasibətlərində, istərsə də iqtisadi rəqabətdə proseslər bilavasitə alman iqtisadiyyatının xeyrinə işləyir. D.Tramp da bir biznesmen olaraq, çox gözəl başa düşür ki, Angela xanım, həmçinin buna görə "qazlı-qazlı" danışır. Odur ki, yaxın müddətdə çox maraqlı hadisələr və qarşılıqlı "gedişlər" gözlənilir".

P.Heydərov dolların möhkəmliyinin zərərindən danışdıqda qarşılıqlı ifadəsinin işlədilməsinə də aydınlıq gətirib: "Məsələ bundadır ki, D.Tramp Amerika valyutasının dəyərini aşağı salmaq istiqamətində hər hansı bir təşəbbüsdə bulunarsa, təbii ki, Aİ də, Almaniya da öz yerində dayanıb durmayacaq. Hələ biz Asiyada Çini demirik. Pekin yuanın dəyərini bacardıqca aşağı salmağa çalışır ki, ixracda öz rəqabətqabiliyyətliliyini qoruyub saxlaya bilsin. Yaponiyada isə iyen ABŞ dollarına münasibətdə möhkəmlənməyə başlasa, ümumiyyətlə, Yaponiya "batacaq".

Ancaq iqtisadçı qeyd edib ki, Ağ Evin dolların möhkəmlənməsinin qarşısını necə və hansı yolla alacağı da tam aydın deyil: "Federal Ehtiyat Sistemi (FES) rəhbərliyi indiyədək tutduğu mövqedən geri çəkilmək niyyətində deyil. Tramp isə, öz növbəsində, Canet Yellen xanımı vəzifə müddəti başa çatdıqdan sonra postunda saxlamaq fikrindən uzaqdır. Üstəlik, ABŞ iqtisadiyyatı geridə qoyduğumuz 2016-cı ilin IV rübünün yekunlarına görə heç də gözlənildiyi nəticəni göstərməyib. Sözün qısası, kimin hansı addım atacağı bilinmir. Lakin bir şey aydındır ki, hər şey "valyutalar müharibəsindən" başlayacaq".


22:59 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər