KANAL24.AZ
Az Iw En Ru

“Rusiya ilə böyük savaşa hazırlıq gedir” - Putinin “sürünən işğal” PLANININ HƏDƏFLƏRİ

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib. Donetsk vilayətinin Avdeyevka qəsəbəsinin ətrafında hökumət qüvvələri ilə separatçılar arasında şiddətli döyüşlər gedir. Hakimiyyət qəsəbə əhalisinin təxliyyəsinə hazırlaşır.

“Donetsk Xalq Respublikası” separatçı qurumunun nümayəndəsi Eduard Basurin jurnalistlərə açıqlamasında iki gün ərzində 80 Ukrayna hərbi qulluqçusunun öldüyünü, 70-dən çoxunun yaralandığını bildirib. Ukrayna ordusunun 72-ci qvardiyası isə rəqibin 100-dən çox itki verdiyini açıqlayıb. Onlardan təxminən 60 nəfərinin Rusiya hərbi qulluqçusu olduğu bildirilir.

Almaniya səfərini yarımçıq qoyaraq Kiyevə qayıdan Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi kabinetinin təcili toplantısını çağırıb.

Döyüşlərin yanvarın 28-də ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışıqlarından bir gün sonra başlanması isə diqqət çəkir.

Publika.az açıqlamasında Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Donbasdakı son durumu şərh edib.

Vəziyyətin gərginləşməsinin Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışıqları ilə əlaqəsinin mümkünlüyünə gəlincə, politoloq bildirir ki, telefon söhbətində Ukrayna böhranı ilə bağlı ciddi və fumdamental təhlillərin aparıldığına inanmır:

“İnanmıram ki, telefon danışığı hərbi aktivliyə təsir etsin. Amma Tramp deyə bilər ki, sanksiyaların ləğvi yalnız Minsk razılaşmalarının tam yerinə yetirilməsindən sonra mümkün olar. Təbii ki, bu şərt irəli sürülübsə, yeni döyüşlər Moskvanın adekvat cavabı hesab oluna bilər. Bu versiyanı kənara qoysaq belə, istənilən halda Donbasda döyüşlərin aktiv fazaya keçməsi bilavasitə Rusiyanın təhriki ilə baş verir. Bu separatçılar, yaxud da terrorçuların qısamüddətli hərəkəti deyil, birbaşa olaraq Rusiya tərəfindən sifariş verilən hərbi təxribatdır”.

N.Miri hesab edir ki, Rusiya bununla da geosiyasi mövqelərini yenidən möhkəmləndirmək və Trampla müzakirələr öncəsi Vaşinqtonun Ukraynadakı proseslərə münasibətini öyrənmək istəyir:

“Bunu bir növ nəbzin yoxlanılması kimi qəbul etmək olar. ABŞ-ın yeni administrasiyasının Ukraynaya münasibəti Barak Obama administrasiyasından fərqli olaraq o qədər də müsbət deyil. Yəni, ABŞ prosesə birbaşa müdaxilə etmək niyyətində deyil. Hər halda Moskva ABŞ-ın nəbzini yoxlamaq istəyir. Digər tərəfdən, döyüşləri Ukrayna ordusundakı boşluqları üzə çıxarmaq üçün aparılan kəşfiyyat əməliyyatı hesab etmək olar. Rusiya bir neçə strateji məntəqəni ələ keçirməklə mövqelərini möhkəmlədə bilər. Bu isə Trampla danışıqlar öncəsi Putinin əlini möhkəmlədə bilər”.

Müsahibimizin fikrincə, Donbasda baş verənləri birbaşa olaraq Suriyadakı vəziyyətlə də əlaqələndirmək düzgün deyil:

“Hazırda Suriyada əli güclü olan tərəf Rusiyanın rəhbərlik etdiyi koalisiyadır. Bu gün Suriyada Rusiya üçün elə bir problem yoxdur. Yenə deyirəm, Ukraynada baş verənlər nəbz yoxlanılmasıdır. Rusiya ABŞ-ın Ukraynada gedən döyüşə biganə olduğunu hiss etsə, hərbi təxribatların dozasını artıracaq. Əksinə, ABŞ və NATO-nun ciddi müqaviməti ilə üzləşərsə, Rusiya yenidən atəşkəsə qayıdacaq”.

Rusiya Suriyadakı vəziyyətə demək olar ki, tamamilə nəzarət edir və bu ölkədə istədiyini alıb. Belə vəziyyətdə hesab etmək olarmı ki, Donbasda hərbi əməliyyatların miqyasını genişləndirmək üçün Rusiyanın qarşısında heç bir mane yoxdur?

Müsahibimiz hesab edir ki, Ukrayna və Suriyada gedən proseslər bir-birindən fərqlidir:

“Rusiyanın qarşısında güclü hərbi sistemi və inkişaf etmiş hərbi-sənaye müəssisələri olan Ukrayna var. Ukrayna bu illər ərzində hərbi sistemini gücləndirib. Bir məsələni də qeyd etmək lazımdır ki, Rusiya ordusu Ukrayna ordusu ilə birbaşa havada qarşılaşa bilmir. Çünki, separatçıların heç bir aviasiyası yoxdur. Hansısa bombardmanlar olarsa, Rusiya bütün dünyada birmənalı olaraq hədəfə çevriləcək. Buna görə də Rusiya müharibəni sadə raket sistemləri ilə aparır. Bununla Ukrayna kimi bir dövlətə qalib gəlmək çətin məsələdir. Rusiya dünya güclərinin reaksiyasından çəkinərək çoxsaylı ordunu Ukrayna istiqamətinə yönəldə bilmir. Separatçı qüvvələrlə Ukraynaya qalib gəlmək isə mümkün deyil. Rusiyanın etdikləri “sürünən işğal”ın tərkib hissəsidir. Amma görünən odur ki, Ukrayna ordusu buna imkan vermir və Ukrayna Rusiya ilə böyük savaşa hazırlaşmaqdadır”.

Politoloq bu fikirdədir ki, Tramp administrasiyasi Kiyevə Donbasa xüsusi statusun verilməsi üçün siyasi təzyiq göstərə bilər. N.Miri bunun Rusiyanın ən böyük strateji hədəflərindən biri olduğunu xatırladıb:

“Poroşenko bu güzəşti heç bir halda Rusiyaya etmək istəmir. Çünki, Rusiyaya etibar etmir. Anlayır ki, bu, növbəti güzəştlər üçün yeni vəziyyət yaradacaq. Rusiya aldığı ilə qane olan ölkə deyil. ABŞ Ukraynaya təzyiqlər edərsə, Yaxın Şərqdə itirdiyi mövqeləri post-sovet məkanında, o cümlədən Avropanın şərqində də itirməyə başlayacaq”.


05:16 01.02.2017
Xəbər lenti
Bütün xəbərlər