KANAL24.AZ
Az Iw En Ru

Kreml ABŞ-ın Astanaya dəvət edilməsi xəbərini təsdiqləməyib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ona ünvanlanan "ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası nümayəndələrinin Astanadakı görüşə dəvət olunmasını təsdiq edirsinizmi?" sualına inkaredici cavab verib və əlavə edib ki, Astanada təşkil edilməsi planlaşdırılan Suriyaarası danışıqlar Cenevrə prosesini tamamlayır.

Bundan əvvəl “The Washington Post” qəzeti D.Trampın keçid komandasının üzvünə istinadla Rusiyanın gələcək administrasiya nümayəndələrini Qazaxıstanın paytaxtında keçiriləcək Suriyaarası danışıqlara dəvət etdiyi barədə məlumat verib.

Daha sonra Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğıu Ankara və Moskva hökumətlərinin Astanada baş tutacaq danışıqlara ABŞ nümayəndələrini dəvət etməyə birgə qərar verdiyini söyləyib. O, həmçinin Türkiyə ilə Rusiyanın ilkin olaraq yanvarın 23-nə planlaşdırılan Suriyaarası görüşdə BMT nümayəndələrinin iştirak etməli olduqları ilə razılaşdığını bildirib.

Yanvarın 14-də Moskvadakı mənbə “İnterfaks”a Suriya münaqişəsi üzrə Astanadakı görüşün formatı barədə danışıqların davam etdiyini və onun iştirakçılarının tərkibi barədə bəyanat verməyin hələlik mümkün olmadığını söyləyib.


22:40 16.01.2017