KANAL24.AZ
Az Iw En Ru

Bakının dərdi vardı...

Qanlı şənbə gecəsi imperiya cəlladları yaraqlılarla yaralıları üz-üzə qoymuşdi

Bakı, sənin hüsnünün gözəlliyinə, tariximizin daş yaddaşı kimi qədimliyinə, dünənimizlə bu günümüzün qovuşduğu bir məkana heyran qalanlarınla yanaşı, səni qanına qəltan etməyə, qan gölündə boğmağa fərman verənlərin də var imiş.

Nələr çəkmiş başın sənin?! Zamanın sərt, siyasətlərin boz üzündən az çəkməmisən! Daş yaddaşa çevrilib hər dar dalanın, orada yatan min illik tarixin. Ağ günlərin uğrunda mübarizə aparan oğlun-qızın yeri gəldikcə yadellilərin hücumları qarşısına əliyalın çıxmaqla belə onlara göz dağı olublar -vətənpərvərlikləri ilə!

20 Yanvar – Qara yanvar, Qanlı şənbə...


O zil qaranlıq, zülmət, dəhşətli və vəhşətli Qanlı şənbə gecəsindən (19 yanvar 1990-cı il) çıxmağınla xalqımızı ağ günlərinə - azadlığına, istiqlaliyyətinə və müstəqilliyinə yenidən qovuşdurdun! Sinən Azadlıq uğrunda qanlı savaş meydanına çevrildi. Azadlıq meydanı səni və Vətənini sevənlərə darlıq etdi. Açdın sinəni vətənsevərlərin üzünə, millətləri Odlar diyarında bir ocaq başına yığan, bağrına basan Bakı!

Qanımızla yazıldı, canımızla qazanıldı Azadlıq!

25 illik gənclik ömrünə bənzəyir Azadlığımız, Müstəqilliyimiz və İstiqlaliyyətimiz! 
Bu müqəddəs amallar uğrunda aparılan mübarizədə düşmən, imperiya cəlladları o dəhşətli günlərdə yaralılarımıza da qənim kəsildi, onlara yardım göstərməyə can atanlarımıza da. O günlərin şahidlərinin sırası seyrəlsə də, yaddaşlar bəzilərində yad daşa dönsə də, unudulmayan, müstəqillik tariximizə yazılası hələ çox faktlarımız var.
O gecə dinc əhalinin üstünə ağır hərbi texnika yeridiləndə daha çox zülm çəkən, hər an həyatları təhlükə altında olan əsasən Bakıdakı təcili tibbi yardım stansiyalarında səfərbərliyə alınan həkim, tibb bacıları, hətta texniki işçilərdən ibarət yaradılan briqadalar idi. Həmsöhbətim - Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov da məhz fikirlərini o gecənin yaratdığı vahiməyə, qanlı-qadalı günlərdə qarşılaşdıqları amansızlıqlara yönəltməyə çalışır: “ Çox haqlı deyirlər ki, 20 Yanvara gedən yol 1988-ci ildən başlamışdı. Hələ 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələr – təxribatlar, terror hərəkətlər heç də təsadüfi deyildi. Bu barədə 25 ildən də artıqdır ki, danışılır, dünyaya bəyan edilir. Bu hadislər biz nəslin gözləri qarşısında baş verib və canlı şahidlərik. Bəli, həmin iğtişaşların baş verdiyi günlərdə bizim təciliyardım həkimləri öz müqəddəs peşə andlarına sadiq qalaraq o hadisələrdə zərər çəkmiş insanların köməyinə yetməyə çalışırdılr. Neçələri göstərilən təcili tibbi yardımlar hesabına amansız və vaxtsız qanlı ölümün pəncəsindən xilas edildi. Həmin hadisələr keçmiş sovet hakimiyyəti illərində baş verirdi. Hamı çaş-baş qalmışdı. Baxışlardan sanki oxunurdu ki, nədən bu iğtişaşlar baş verir, güc strukturları, hakimiyyət və hüquq-mühafizə orqanları niyə seyretmə mövqeyindədir”?! 
Həkim deyir ki, həmin iğtişaşlar sıravi vətəndaşlara da yaxşı məlum idi: azərbaycanlılar tərəfindən törədilmirdi. Bunlar məqsədli şəkildə törədilir və Azərbaycan xalqının milli azadlıq arzularının yenidən cücərtisini hiss edən imperiya cəlladları onu beşikdəcə boğmağa bəhanələr, səbəblər axtarırdı. Ən “əlveriışli bəhanə” isə burada milli ayrı-seçkilik törətmək idi. Bunu erməni-rus şovinistləri törətdilər və beləliklə, Bakıya sovet qoşunlarının müxtəlif hissələrinin, hətta ağır hərbi texnikanın yerdilməsinə zəmin yaratdılar. Əlbəttə, sonralar aparılan istintaq-araşdırmalar zamanı tamamilə sübut edildi ki, bu iğtişaşların başında o zamankı sovet hakimiyyətinin rəhbərliyi, SSRİ-nin ilk və son prezidenti M. Qorbaçov və “erməni ideoloqları” dayanırdı.
Sumqayıtda yalnız azərbaycanlı, rus və ermənilər deyil, o zaman SSRİ-nin işğal altında saxladığı ərazilərindən müxtəlif xalqların nümayəndələri yaşayırdı. Ermənilərin məkirli siyasətlərinin

“Sumqayıt ssenarisi çanağı onların öz başında çatdatdı”

Haşiyə: Onlar bu çirkin siyasətdə uduzduqdan sonra taktikanı dəyişdirərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin respublikanın tabeliyindən çıxma iddiasını ortalığa atdılar. Topxana meşələrinə divan tutmaqla xalqımızın mənəvi heysiyyatına əl uzatdılar. Amma, nədənsə, rəsmi Moskvanın bütün bu məsələlərə göz yummasının son aqibəti heç də yaxşı nəticə vəd etmirdi. Bütün bunlar Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Xalqımızın 70 il ərzində qəlbində qoruyub saxladığı milli müstəqilliyinin bərpası, azadlığına yenidən qoşmaq arzu və istəklərinin baş qaldırmasına rəvac verdi. Haqq-ədalətin zəfər çalacağına inam o qədər gücləndi ki, imperiyanın dinc əhali üzərinə qoşun yeridə biləcəyi heç kimin ağlına belə gəlmədi.
“Azadlq meydanının təlatümə gəldiyi günlər gözlərimiz önündədir”,-deyə o gecənin vahimələrini qan yaddaşına yazan, “Tərəqqi medalı”na layiq görülmüş əməkdar həkim Mürsəl Həmidov ötənləri xatırlayaraq deyir ki, dəniz kimi dalğalanan meydan təlatüm içərisində olanda haqsızlığa göz yuman, erməni vandallarının müdafiəçisi və havadarına, onların çirkin niyyətlərinin reallaşmasına şərait yaradan mərkəzi hakimiyyət orqanlarına Bakıdan göndərilən müraciətlər Moskvada qulaqardına vurulurdu. Çünki xalqımızın haqlı hayqırtısında təbii ki, milli azadlıq ideyalarının cücərtiləri və işartıları özünü göstərirdi. Rəsmi Moskva isə hadisələrin məcrasından çıxması üçün gözləmə mövqeyində idi.

25 il öncəki Bakı...

1990-cı il yanvar ayının əvvəlindən Bakı şəhərinin üstünü sanki qara bulud almışdı. Həmin ilin qışı özünü daha sərt göstərirdi: şaxta qılınc kimi kəsir, soyuq iliyə işləyirdi. Bəlkə də Bakı sovetlərin hakimiyyətdə olduğu yetmiş illik tarixdə belə cansıxıcı günlərini yaşamamışdı. Şəhərdə hərbçilər həmişəkindən daha çox, həm də vahiməli görünürdülər. Hələ elə bir ciddi hadisə baş verməsə də, sanki zəlzələdən öncəki kimi, “ nisbi sakitlik” – ölümcül əhval-ruhiyyə hökm sürürdü. Amma güclü bir tufan və qasırğanın yaxınlaşdığı hiss olunurdu. 
Həkim fikirlərini o günlərə ünvanlayır: “Bakı şəhərinin indiki Yasamal (o zaman Oktyabr) rayonunda fəaliyyət göstərən Köməkçi Təcili Tibbi Yardım Stansiyasının baş həkimi idim. Yanvar ayında məzuniyyətə buraxılsam da, işlə əlaqədar hər gün stansiyaya gedib-gəlirdim. Həmin şənbə günü nazirlikdən bildirdilər ki, Dağlıq Qarabağa həkim briqadaları göndərilir. Qarabağa getməyə hazır olduğumu bildirdim. Gündüz saat 3 radələrində bizi Səhiyyə Nazirliyinin binasına dəvət etdilər. O zaman səhiyyə naziri Rəhim Hüseynov idi. O, Qarabağa könüllü və tapşırıq əsasında gedəcək həkimlərlə görüşüb tövsiyələrini verdi. Onu da bildirdilər ki, Dağlıq Qarabağa ancaq hava yolu açıqdır, yəni helikopterlərlə uçuş mümkündür... Başçılıq etdiyim həkim briqadası bölgüdə Xocalının Meşəli kəndinə verildi”...
Onlar nazirlikdən təxminən saat 5 radələrində çıxırlar. Mürsəl həkim birbaşa “Salyanski kazarma” adı ilə məşhur olan (Hərbi Təlim-Tədris Mərkəzi) hərbi şəhərciyin yaxınlığında yerləşən iş yerinə qayıdır. O, iş yerində də hamının gərginlik və təlaş içərisində olduğunu görür. Çünki “Salyanski kazarma”da xüsusi təyinatlılar yerləşdirilmişdi. Müəyyən komanda gözləyirdilər ki, şəhərə çıxsınlar. Bunun qarşısını almaq üçün şəhərciyin giriş və çıxış yollarında maneələr qurulmuşdu. Maneələr isə yandırılmış tonqallardan ibarət idi. 
Həkimin dediklərindən: “Məlumatlar var idi ki, hansı saatdasa buradakı hərbi kontingent və ağır texnika (orada tanklar və digər hərbi zirehli maşınlar var idi) şəhərə çıxacaq. O zamankı N.Nərimanov prospektində (indiki H.Cavid prospekti) “Xəzər” kino-teatrının qarşısında hərbi şəhərciyin bir çıxışı var idi. Orada “barrikada” qurmuş xeyli insanın (xüsusən də gənclərin və yeniyetmələrin toplaşdığını gördüm. Həkimlərimiz də artıq hazır vəziyyətdəydilər. Ara-sıra gələnlər olur və bizdən yardım istəyirdilər.

Gözlənilən “tufan”da

Yaralananlar üçün yardım dərman preparatları, sarğı, digər təciliyardım ləvazimatlarından ibarət idi. Şəhərə müxtəlif istiqamətlərdən hücum gözlənilirdi: “Qurd qapısı”ndan, indiki “20 yanvar” dairəsindən (Şamaxı yolu), Bayıl, Mərdəkan şossesi tərəfdən və Binəqədi səmtindən.
Əlbəttə, bu məlumatlarının dəqiq olub-olmaması barədə düşünmık gec idi. Şəhərdəki ümumi ab-havadan da duyulurdu ki, qarşı saatlarda bizi müjdə yox, hansısa bəd bir xəbər gözləyir. Ona görə də təciliyardım olaraq bizdə olan tibbi ləvazimatlardan gələib istəyənlərə verirdik. Hətta, tabeçiliyində olduğumuz baş idarədən göstəriş almadan belə bu işə başlamışdıq. Təcili tədbirlər görmək vaxtı idi, gecikmək daha çox fəlakət, ölüm-itim demək olardı. 
Axşam saat 20-yə qalmışdı, deyəsən, məlumat gəldi ki, Az.TV-nin binasında yanğın baş verib, briqada ilə təcili ora getməliyəm. Biz yanğınsöndürən maşınlarla eyni vaxtda həyətə girdik. Burada adam az gözə dəyirdi, sanki hamı işdən çıxıb getmiş, həyət-baca boşalmışdı. Doğrudur, yanğın, alov gözə dəymirdi, amma partlayış nəticəsində yaxınlıqdakı binaların da pəncərələrinin şüşələri sınıb tökülmüşdü. Enerji bloku deyilən texniki binada partlayış elə zərbədə olmuşdu ki,o qədər güclü elektrik yarımstansiyaları, transformatorlar əriyib getmişdi. Diktorun, rejissorun otağı darmadağın idi.
Həyətdə hərbçilər gözə dəymirdi. Bu zaman balacaboy bir nəfərin (ilk baxışdan çox cılız uşaq təsəvvürü bağışlayırdı) burada video-kamera ilə çəkiliş apardığının şahidi olduq. Bu, sən demə, sonralar

Azərbaycanın Milli Qəhrəmanı kimi tanıyacağımız jurnalist Çingiz Mustafayev imiş.

Ağ xalatda olduğumdan bildilər ki, həkiməm. Ona görə də kimsə yaxınlaşıb dedi ki, buranı partladan hərbiçilər aşağıda, birinci mərtəbədədilər. Uzun bir dalanla xeyli getdik, pilləkən bizi 1-ci mərtəbəyə apardı. Bu zaman qarşımızı kəsdilər. Televiziyanın işçisi bildirdi ki, bir neçə dəqiqə bundan əvvəl bizi iş otaqlarından çıxarıb binanın birinci mərtəbəsinə yığdılar və dedilər ki, təhlükə gözlənilir, sizə zərər dəyə bilər, yığışın aşağıkı mərtəbəyə. Onun deməsinə görə, təxminən 5-10 dəqiqədən sonra partlayış baş vermişdi.
Bizi oradan uzaqlaşdırmaq istəyirdilər. Kimsə dedi ki, burada elə operatorlar var ki, onlar heç cür pultu tərk edə bilməzlər. Onlar ya məhv ediliblər, ya da girov götürülüblər. Bir azdan məlum oldu ki, həmin iki nəfəri hərbçilər özləri otaqdan uzaqlaşdırıblar. Enerji blokunu partlatdıqdan sonra həmin operatorları buraxmışdılar. 
Həyətdə ilk olaraq tanıdıqlarımın arasında xalqımızın sevimli şairi Bəxtiyar Vahabzadəni gördüm. Orada yaralılar olmadığından biz geri, iş yerimizə qayıtdıq”...
O gecə daha çox təlatüm içərisində olan Yasamal rayonu idi. Çünki hərbi şəhərcik bu rayonun ərazisində yerləşirdi. Şəhərə gözələnilən hücumun mərkəzi məhz həmim hərbi şəhərcik idi. Bundan başqa şəhərin inzibati idarəetmə, hüquq-mühavizə orqanları da bu rayonda yerləşirdi. Ona görə də hələ qanlı qırğınlar baş verməmişdən tonqalların ətrafındakı insanlar yaxınlıqdakı təciliyardıma, gümanları gələn ünvana müraciət edirdilər. 
Həkim deyir ki, o zaman Bakı şəhərində cəmi 15 təciliyardım stansiyası fəaliyyət göstərirdi. Bu gün isə, paytaxt sakinlərinə, eləcə də Bakının qonaqlarına Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 22 köməkçi, 18 isə filialımı vu vacib xidmətlə məşğuldur. 
Xatırlamalar: “Bakının Qala kəndi yaxınlığında, Zabratdakı hərbi aereporta yaxın ərazidə, Qaradağ rayonunda, Biləcəri qəsəbəsində və s. yerlərdə təciliyardım stansiyalarımız fəaliyyət göstərirdi. Təbii ki, bütün bu stansiyalarla o zaman əlaqə ancaq hava telefonları (“ratsiya” qurğuları) vasitəsi ilə saxlanırdı. Təxminən saat 23-ün yarsı olardı. Məlumat daxil oldu ki, Bakı-Mərdəkan yolunda bir təciliyardım maşınımız vurulub. 10-cu (Mərdəkandakı) yarımstansiyamızın əməkdaşı, həkim Aleksandr Marxevka çağırışa gedən zaman vurulmuşdu. Türkan-Mərdəkan yolunun kəsişməsində güllədən yaralanmış bir nəfərə yardım göstərməyə gedirmiş. Çağırış yerinə çatarkən təciliyardım maşınını atəşə tuturlar. Dəhşətlisi o deyildi ki, təciliyardım maşını atəşə tutulub, o idi ki, həkim maşında yaralının üstünə hazır vəzyyətdə getdiyi yerdə (o yaralıya təcili “sistem” köçürmək üçün hazırlıq da görmüşdü) vurmuşdular. Yaralıya çatdırmaq istədiyi “sistem” şüşəsi əlində qalmışdı”...
Artıq həmin saatdan məlum olmuşdu ki, “dişindən-dırnağınadək silahlanmış ordu öz ölkəsinin vətəndaşlarının üstünə yeridilir. Bundan sonra təcili və təxirəsalınmaz tədbirlər görülməli idi. Gecə saat 24-də “Salyanski kazarma”dan havaya işıqsaçan güllələr atıldı. Bir-iki dəqiqə keçməmiş mərkəzdən (Bakı Şəhər Təciliyardım və Təxirəsalınmaz Stansiyası) məlumatlar verilir ki, filan ünvanlardan atırlar və oradan yaralılar gətirilir. Bütün bunlar Bakı əhalisini yalnız çaş-baş salmamışdı, eyni zamanda stresslər, həyəcan və qorxular da insanlara təcili tibbi yardım göstərməyə məcbur edirdi:

“Hər cür çağırışlara hazır olmalıydıq.

İlk növbədə yaralılara özümüzü çatdırmalı, yardım göstərərək, yaxınlıqdakı xəstəxanalara yerləşdirməliydik. Amma necə? Yol var idimi? Hər yan blokadaya alınmışdı. Məlumat aldıq ki, “Xəzər” kino-teatrının yaxınlığında artıq yaralıar var, təcili ora briqada getməlidir. 13 həkim briqadamız var idi. Məhz o gecə törənə biləcək fəlakət yaxınlaşdıqca istər-istəməz tədbir görmək lazım gəlirdi. Biz də həkim və təciliyardım avtomobillərini bu briqadalarda qruplaşdırmışdıq. “Xəzər” kino-teatrınaın yaxınlığına getdik. N.Nərimanov prospektindən Ə. Haqverdiyev küçəsinə təxminən 50 metr qalmış aşağı düşdük. İrəli getmək mümkün deyildi, yol bağlanmışdı. Ora çatanda gördük ki, insanlar ağlaya-ağlaya, Yasamal istiqamətinə, 5 N-li çörək zavodunun qarşısından üzüyuxarı (o zamanlar Musabəyovun heykəlinin yanına) gedirlər. Zülmət gecədə güllələrin haradan atıldığı bilinmirdi, yalnız dəydiyi yerdə parlayan qığılcımları görmək mümkün idi. Kazarmanın yaxınlığındakı yaşayış binasının 3-cü və 4-cü mərtəbəsini də güllə yağışına tutmuşdular. Bu zaman gördük ki, “Olimp” tərəfdən ağ rəngli bir “QAZ-24”markalı “Volqa” üzüyuxarı qalxdı. Üzü bizə tərəf gələn maşının sürücüsünə nə qədər işarə elədik ki, gəlməsin. Yəqin ki, o, qaranlıq olduğundan, qarşıdakı tankı və hərbçiləri görmürdü. Qışqırırdıq ki, gəlmə. Maşın bir az gəldikdən sonra dayandı. Təkərlərini partlatdıqdan sonra sürücünü və içərisindəkiləri də avtomatla deşik-deşik etmişdilər. Elgün adlı həkimimiz var, Hacıyev, hazırda 4 saylı köməkçi yarımstansiyada çalışır. O, sol tərəfdən binanın küncü ilə sürünərək maşındakı yaralılara (onda bilmirdik ki, onlar yaralıdır, ya artıq şəhid olublar) yaxınlaşıb onları şıxarmağa kömək etdi. Biz o vaxta kimi inanmazdıq ki, yaralı üstünə gedən həkimə də güllə atarlar. Bundan sonra həmin əraziyə daha bir maşın – “jiquli” gəldi və “QAZ-24” kimi, onu da güllə-barana tutdular. Güllə yağış kimi yağırdı. Heç kim bu güllə yağışından qorxmurdi sanki. Həmin dəqiqələrdə hər yerdən çağırışların sayı artmağa başladı. Bizim xidmətimiz üçün isə şərait yox idi. Şəhərin mərkəzi, əsas hərəkətli küçələri bağlandığından, yaralıları təcili olaraq xəstəxanalara çatdırmaq zülm idi. Yollar qorxulu olmaqla yanaşı, həm də hərbçilər tərəfəfindən bağlnamışdı”...

O gecə eşidilənlərdən: “...balkonda vurublar, blokda yaralanan var”

“O zaman Bakı Şəhər Təciliyardım Stansiyasının baş həkimi Sabir Adnayev idi”,-deyə Mürsəl həkim yaddaşındakıları xatırlamağa çalışır: “Onun həyacanlı səsi bizi hərbi rejimə və qayda-qanuna kökləmişdi. Ratsiyadan hər dəfə eşidirdim: “...təcili filan yerə briqada göndər, balkonda vurublar, blokda yaralanan var, çalışın ki, həkimlərimizi də qoruyun”. Bizim həkimin birini artıq vurmuşdular. Həkimlərimiz hətta maşınsız özlərini yeririrdilər yaralının üstünə. Belə təlatümlü yerlərdən biri də Yasamal rayonu ərazisində, indiki Əzizbəyovun heykəli olan bağın iki addımlığında yerləşən hərbi idman oyunları meydançası yaxınlığındaydı.
Orda da yaralılar var idi. Bir həkimlə yollandıq ora. Sürücü maşının üstünün sayrışan işıqlarını yandırmışdı. İnanmazdıq ki, bu təciliyardım işarəsini verən maşına da güllə atılsın. Xəzər Hövzə Xəstəxanasının yanından keçəndə (“Salyanski kazarma”nın yaxınlığında) bir də onu gördüm ki, maşının qapısından qığılcımlar tökülür. Maşın öz-özünə siqnal verməyə başladı. Elə bildim ki, sürücü bilərəkdən yol istəyir, təciliyardım olduğuna görə. Sürücünün üstünə əsəbləşəndə, and içdi ki, siqnal vermirəm, öz-özünə çalır. Sən demə, güllə maşının mühərrik hissəsinə dəymiş və orada elektrik siqnalizasiya sistemində qısaqapanma yaradıbmış. Səhər işıqlaşanda baxdıq ki, maşında 18 güllə yeri var. Sürücü sol əlindən və qulağının birindən güllə yarası almışdı”.
O gecə təciliyardım maşınlarından biri (67N-li) də indiki Kömrük Komitəsi binasının arxasındakı yaşayış binalarından birinə çağırışa gedəndə güllə yağışına tutulmuşdu. Həkim yaralıya tibbi yardım göstərmək üçün binaya daxil olanda sürücü həyətdə maşında gözləyirmiş. Əliavtomatlı hərbiçilər yaxınlaşıb ona buranı tərk etmək əmrini verəndə sürücü həkim və xəstə gözlədiyini bildirir. Bu cavabdan qəzəblənən hərbçilər maşını vermişdilər güllənin qabağına. Sürücü zorla binanın dalanına girib yuxarıkı mərtəbələrə qaçmaqla canını zorla qurtarmışdı.

Alı Mustafyev də təciliyardımdan yardım ummuşdu

... Yanvarın 20-si idi. Səhər saat 7-8 radələri olardı. Bir qara “Volqa” Yasamal rayonundakı təciliyardım stansiyasının qarşısında dayandı. Maşından düşəni o dəqiqə tanıdılar: televiziyadan yaxşı tanış olan Alı Mustafayev idi. O, çox yorğun görünürdü. Bütün gecəni yatmamışdı. Bakının dar küçələrində belə daldalanan insanların hədəfə alınmasını lentə almaq, yaddaş salnaməsi yaratmaq üçün ölümün düz üstünə gedirdi. Bu yol qısa deyildi. Sən demə, 20 Yanvardan başlayan yolun o başında Qarabağ və qanlı 20 noyabr hadisəsi var imiş. Qara yanvardan “salamat çıxan” Alı Mustafayevin Qarabağa qartal qanadlarında səfəri var imiş tale yazısında. Özü yazmamışdı o yazını. Səmalardan Qarabağın Qarakəndi üzərində qara buluda girdilər. Dəmir qanadlı “qartal” uça bilmədi: qanadları düşmən tərəfindən vurulub sındırıldı. Amma düşmən onun Vətən üçün döyünən qəlbini susdursa da, Alının yazdıqları və çəkdikləri dil açıb faciələrimizdən danışdı və göstərdi...
Həkim təəssüf və kədər hissi iləsöhbətinə davam edir: “Alı Musatafayev bizim maşınlarla hadisə yerlərinə getmək və çəkilişlər aparmaq istəyini bildirdi. Axı, küçədə hətta təciliyardım maşınlarına güllə atılırdı. Ona görə də gəldiyi maşınla hərəkət etməsi mümkün deyildi. O, bizim maşınla bütün hadisə yerlərini operatorla videolentə aldı. Bu da bizim xidmətlərimizin başqa bir forması kimi tarixə yazıldı və Alı müəllim bunu verilişlərində xatırladırdı.

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova isə o gecədən tanındı

“Bakı qan çanağını xatırladanda sıravilərdən alimlərimizə kimi, hamı ayaqüstə idi. O gecə professor (sonralar uzun müddət Milli Məclisin sədri) Murtuz Ələsgərov da bizimlə birlikdə sabahı dirigözlü açmışdı. yasamaldakı təciliyardım stansiyası Murtuz müəllimgilin yaşayış binasının birinci mərtəbəsində yerləşirdi. O, sanki həmin gecə qərar tuta bilmir, yaralılara öz köməkliyini bizimlə birgə olmağında bildirmək istəyirdi...
Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova çalışdığım təciliyardım stansiyasında bizimlə birgə çalışırdı. Onun yaralılara necə köməklik göstərdiyinin canlı şahidi oldum. Arıq, balacaboy canı ilə bu qız təciliyardımda hamı ilə ünsiyyət qurmuşdu. Çox vətənpərvər idi. Sonra Qarabağda, cəbhədə yaralılara yardım göstərərkən düşmən gülləsinə tuş gəldi. 
Əlbəttə, fəaliyyətimiz yalnız o qanlı Qara yanvar gecəsindəki xidmətlə bitmədi. Yanvarın 26-dək biz müxtəlif istiqamətlərdən yaralılar tapır və xəstəxanalara çatdırırdıq. Söhbət yalnız Yasamal rayonundakı təciliyardım stansiyasının 20 Yanvar hadisələrindəki xidmətindən getmir. O günlər Bakıda 164 təciliyardım briqadası çalışırdı. Yalnız 100 briqada ayrılmışdı ancaq yaralılara ilk tibbi yardım göstərilməsi, onların xəstəxanalara çatdırılması və şəhidlərin dəfninə qədər hazırlıq prosesindəki xidmət işlərinə. 
Qanlı şənbə gecəsi və ondan sonrakı günlərdə bəlkə də 137 yox, daha çox şəhid verə bilərdi Bakı. O günlər fədakarlıq göstərən həkimlərimizin, tibb işçilərinin, eləcə də əhalinin yaralılarımıza göstərdiyi doğma münasibət, gördüyümüz və qürur duyduğumuz monolit birliyimiz bu itkiləri minimuma endirdi. Həmkarlarım həyatlarını belə həsr etdilər öz peşələri ilə xidmətə - heç nədən çəkinmədən güllə yağışının altında onlara ilk təcili tibbi yardımlarını göstərdilər, yaralıları təhlükəli ərazilərdən uzaqlaşdırmağa müvəffəq oldular. Həkimlərimizin özləri də yalnız ağır yaralanmadılar. Onlar eyni zamanda güclü həyəcanlardan müxtəlif xəstəliklərə düçar oldular və bundan sonra qəfil ölümlərə həyatlarına son qoydular.Məgər bunlar da şəhidlik deyilmi?!
Yanvarın 24-də bizə daxil olan məlumatda bildirilirdi ki, hərbçilər xeyli insanı, xüsusən də gəncləri və tələbələrimizi təxribatçı adı ilə “Salyanski kazarma”da saxlayıblar və onların azad edilməsi üçün hansısa əməliyyat keçiriləcək. Buna görə də təciliyardım briqadaları tam hazır olmalıdır. Bizdən tələb etdilər ki, ora 6 briqada göndərilsin. Sözsüz ki, ora gedən həkim və tibb işçilərimizi təhlükə gözləyirdi. Amma getməliydik. Əlbəttə, qayıtmayanlar da ola bilərdi. Əməliyyat təxirə salındı. Çünki, bu, çox təhlükəli idi”.
Vətənimizin azadlığı və istiqlaliyyəti uğrunda aparılan mübarizədə təciliyardımda fəaliyyət göstərən fədakarlarımızın Qarabağda da ölümün gözünə dik baxaraq, düşmən gülləsindən yara alan vətən oğullarının harayına özlərini az yetirmədilər. 
Hələ 1989-90-cı illlərdə Qarabağda separatizm baş qaldıranda, azərbaycanlılar güllə-barana tutulanda Səhiyyə Nazirliyinin xətti ilə cəbhə bölgəsinə səfərbərlik elan edildi. Bu zaman Mürsəl həkim də könüllü olaraq həkim briqadaları ilə birlikdə 1989-cu ilin yanvar ayında Tərtər bölgəsinə gedəsi oldu. Hərbçilərin yataqxanasında (“kazarma”ya çevrilmiş texniki peşə məktəbinin binası) gecələyən həkimlərimiz Tərtərin hansı təhlükə qarşısında olduğunu gözləri ilə gördülər.

Təciliyardımlar ön cəbhədə...

...1994-cü il yanvar ayının 8-də səhiyyə naziri Müdafiə Nazirliyindən aldığı əmrlə təciliyardım stansiyasının kollektivi tanış edir: 10 həkim briqadası Beyləqana, Daşburun stansiyasına getməlidir. Briqadaları Mürsəl həkim aparmalı olur, baxmayaraq ki, o növbəti məzuniyyətdə idi. Onları hərbi qərargahın rəisi polkovnik Fətullah Hüseynov qarşılayır. 30 nəfər həkim və 10 təciliyardım maşından ibrət briqdalar həbçilərin sərəncamına verilir. Cəbhənin ikiaddımlığında olduqlarının fərqinə varmırlar. Düşmən tərəfdən atılan mərmilər yaxınlıqda yeri-göyü lərzəyə gətirəndə bilirlər ki, əməliyyat keçirilr və Füzuli rayonunun Şükürbəyli kəndi düşmən əsarətindən azad edilir. Əməliyyat uğurla başa çatsa da, yaralılar da az olmur və onların təcili olaraq mərkəzə və yaxınlıqdakı hərbi hospitala yola salınması döyüş bölgəsinə ezam edilən təciliyardım briqadalarının üzərinə düşür.

Bakı, sabahın xeyir...

Bu da 25 illik zaman məsafəsindən - 20 Yanvar kimi qanlı şənbə gecəsindən çıxaraq müstəqil Azərbaycanımızın inkişaf göstəricisi kimi tanınan, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilən, beynəlxalq tədbirlərə ev sahibliyi ilə qürur duyan, ilk dəfə olaraq Avropa Oyunlarına meydan verən qədim Bakımızın taleyinə yazılan qürur və iftixar tarixinə qısa baxış.
Bakı, nə yaxşı ki, sevənlərin səni sevməyənlərindən qat-qat çox olub! Bax elə bu çoxluq sinəsini sipər edib üstünə düşmən yeriyəndə, qapıların taybatay açılanda, “ağzından od-alov püskürən” ağır hərbi texnika onların üstünə gələndə al qanları ilə Azadlıq yazan övladların şəhidlik zirvəsinə yüksəlməyi şərəf bilib! Dağüstü parkının Şəhidlər xiyabanına - ziyarətgah və and yerimizə çevrilməsi də bunun bariz sübutudur. Səni yaralayan yağılar bilməzdilər ki, “Torpaq uğrunda ölən varsa, Vətəndir!”-deyib sənin əsil övladların! Sən Vətənin döyünən qəlbisən, ruhumuza qida verən, dünyaya tanıdan canlı əfsanəsən! Nələr yazılıbsa şərəfinə, şöhrətinə - layiqsən! Şairlərin qələmində poeziya diliylə bəslənən, bəstəkarların bəstələrində səslənən Bakı, taleyin yox, rüzugarın amansız sərt sınaqlarına sinə gərəndə yalnız sıravi əsgərə, həm də sərkərdəyə dönmüsən – döyüşmüsən! Sən qalibsən! Bu qanlı və şanlı savaşlardan üzüağ çıxmısan, xalqımızı işıqlı səhərlərə, xoş və firavan gələcəyə çıxarmısan, bax, elə o Qanlı şənbə gecəsindən sıyrılıb çıxdığın kimi...


Müəllif: Məhəmməd Nərimanoğlu
08:22 20.01.2015
Xəbər lenti
Bütün xəbərlər