KANAL24.AZ
Az Iw En Ru

Rahat yuxu üçün bu iki amil kifayətdir: Qaranlıq və...

Türkiyəli həkim Murat Aksu sağlam yuxu üçün otağın tamamilə qaranlıq olmasını vacib hesab edir. Mütəxəssis xüsusilə uşaqların otaqlarında gecə lampası yandırmağı məsləhət görmür. Çünki uşaq yaxşı yuxu yatırsa, gecə oyanmağına ehtiyac olmayacaq. 

Həkim bildirir ki, yuxu xəstəliyi insan oyaq olan zaman müəyyən olunur. Oyaq olanda özünüzü yaxşı hiss etmirsinizsə və yuxu ilə əlaqədar probleminiz varsa, həkimə müraciət edin: "Yuxusuzluq səbəbindən gündüz özünü yorğun, halsız hiss edən və diqqətini toplaya bilməyən insanlar mütləq həkimə müraciət etməlidirlər. Yaxşı bir gecə yuxusu üçün çay və qəhvə kimi içkiləri içməyi yatmadan təxminən 6 saat əvvəl dayandırmaq lazımdır. Çay və qəhvənin içindəki maddələr beyində yuxu gətirən mərkəzlərə 6 saat ərzində təzyiq edir. Bu da yuxunun başlamasına təsir edir".
 
Bəzi insanlar yuxusu gəlsin deyə bitki çayları içir. Amma M. Aksu bitki çaylarının yuxuya yaxşı təsir etdiyini sübut edən elmi məlumatların olmadığını bildirib. Lakin psixoloji olaraq insan özünü yaxşı hiss edirsə, bitki çaylarından istifadə edə bilər: "Məsələn, "çobanyastığı çayı içirəm, bu zaman daha yaxşı yuxuya gedirəm", - deyə düşünürsünüzsə, o çaydan içə bilərsiniz. Amma bir həqiqət var, yuxunuzu qaçıran heç bir fəaliyyətiniz yoxdursa, yuxunuz gəldiyi zaman yatacaqsınız. Çünki yuxu fizioloji bir hadisədir, istəsəniz də, istəməsəniz də yuxu sizi tutacaq. Amma sağlam bir yuxunun reallaşması üçün yuxu xəstəliyiniz olmamalıdır".
 
Yuxu dərmanlarını həkim məsləhəti ilə, həkimin göstəriş verdiyi müddətdə və dozada qəbul etməlisiniz. Həkim məsləhətindən kənara çıxmaq, özbaşına yuxu dərmanları istifadə etmək çox təhlükəlidir: "Melatonin deyilən hormon var, bioritmi təyin edir, gecə ifraz olunur. Melatonin hormonunun ifraz olması üçün yatdığınız mühit tamamilə qaranlıq olmalıdır. Kiçik bir aydınlıq, işıq melatoninin ifrazına təsir edir və yuxunu davam etdirməyə mane olaraq oyanıqlıq yaradır. Edisonun ilk lampanı icad etdiyi dövrün qəzetində belə yazılmışdı: "Sizin yuxunuza təsir edəcək". Həqiqətən də təsir etdi".
 
Sirr deyil ki, indi şəhərlər o qədər işıqlıdır ki, göydə ulduzları belə görmək olmur. Mütəxəssisin sözlərinə görə, ulduzları görə bilməmək də melatonin ifrazına mane olur. Nəticədə daha pis yatırıq, yuxusuz gecələr keçiririk: "Xüsusilə uşaqların otaqlarına gecə lampası qoymaq məsləhət deyil. Qaranlıq və səssiz mühit yuxu üçün ən əhəmiyyətli faktorlardır. Yataq firmaları tez-tez "bu yataqda daha tez yuxuya gedərsiniz", - deyə mallarını reklam edirlər. Lakin yaxşı yuxu üçün yatağın heç bir əhəmiyyəti yoxdur. Qaranlıq və səssiz mühit - bu iki amil sağlam yuxu üçün kifayətdir".


06:59 07.01.2017
Xəbər lenti
Bütün xəbərlər