KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə FETÖ-çülərin həbsi davam edir - məşhur jurnalist də saxlanılıb

“Türkiyə ordusu FETÖ-dən, agentura şəbəkəsindən təmizlənməlidir” 

 

 
Türkiyədə 15 iyul qiyamı ilə bağlı həbslər davam edir. Son günlərdə həbs dalğası daha da genişlənib. 22 əyalətdə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyat nəticəsində daha 34 nəfər hərbçi həbs edilib. Əməliyyatın keçirilməsi üçün Ankara Şəhər Prokurorluğu sanksiya verib. İnformasiyaya əsasən, onların 4-ü zabit, 30-u isə gizirdir.
 
 
Çorum əyalətində isə şübhəli şəxs qismində dindirilən 17 nəfərdən 14-ü həbs edilib. İstanbul prokurorluğunda aparılan bir istintaq çərçivəsində isə dekabrın 29-da təhlükəsizlik şöbəsinin əməkdaşları məşhur qəzetçi Ahmet Şıkı saxlayıblar.
 
Jurnalistin zəruri sənədləşdirmə işlərindən sonra məhkəmə qarşısına çıxarılacağı bildirilir.
 
Ahmet Şık saxlanıldığı barəsə twitter hesabında belə yazıb: “Həbs edilirəm. Bir twitlə bağlı prokurorluğa aparılacaqmışam”.
 
Qeyd edək ki, Ahmet Şık 3-4 il öncə də həbs olunub, bir il həbsdə qalıb. O zaman onun həbsinin səbəbi Fətullah Gülənə dair yazdığı, amma hələ nəşr edilməyən “İmamın ordusu” kitabına görə olmuşdu. Həmin işlə bağlı məhkəməsi gedən zaman A.Şık məhkəmə binası önünə toplaşan jurnalistlərə səslənmişdi: “Dostlar, ona toxunan yanır”.
 
Bundan əlavə, Samsun, Antalya və digər böyük şəhərlərdə FETÖ tərəfdarlarından onlarla şəxs istintaqa cəlb olunub.
 
Image result for Ahmet Şık
 
Göründüyü kimi, 15 iyul qiyamının üzərindən 5 aydan çox zaman ötsə də, proses səngimir və həbslər davam etməkdədir. Yaxın bir neçə ay ərzində də FETÖ tərəfdarlarının həbslərinin davam edəcəyi istisna olunmur. Ekspertlərin həbslərlə bağlı mövqeləri müxtəlifdir. Əksəriyyət başladılan işin tam başa çatdırılmasının qardaş ölkənin gələcəyi üçün çox mühüm olduğunu qeyd etsə də, bunun əksini deyənlər də var. Həbsin əleyhdarları Türkiyənin gələcəyi baxımından bunun mənfilərinin olacağından, ən əsası, türk ordusunun imicinə ciddi zərbə dəyəcəyindən ehtiyalanırlar. 
 
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli hesab edir ki, Türkiyədə gedən proseslər normal qəbul olunmalıdır: “Azərbaycan da vaxtilə hərbi qiyam yaşayan ölkə olub. Təəssüflər olsun ki, o zamankı iqtidar bunun qarşısını ala bilməyib. Hərbi qiyamda hərbçi də, jurnalist də, həkim də, müəllim də tutular. Günahı olan hər kəs kimliyindən asılı olmayaraq həbs oluna bilər. Türkiyədə baş verirsə, bu proses ölkənin miqyasına uyğun şəkildə gedəcək. Burada təəccüblü heç nə görmürəm. Türkiyədə yeni bir sistem qurulur. Türkiyə NATO-ya üzv qəbul edildikdən sonra orduda yeni bir sistem var idi. Amerikanın idarəçiliyi altında bir sistem mövcud idi. Ərdoğan iqtidarından öncə Türkiyə ordusu tam şəkildə ABŞ-ın nəzarətində idi. Ondan öncə qardaş ölkə iki dəfə hərbi qiyam yaşamış və bunun ölkəyə necə ciddi zərbə vurduğunu hər kəs görmüşdü. Orduda hansısa bir ölkənin agenturasının olması artıq ordunun zəif olmasına səbəb olan başlıca amildir. 
 
Türkiyədə təmizləmə orduda aparılırsa, deməli, bu, müsbət prosesdir. Təbii ki, çox ağrılı prosesdir. Amma bu olmasa, Türkiyədə növbəti hərbi çevrilişlər gözlənilə bilər. Bunun qarşısını almaq üçün də həbslər davamlı olmalıdır, son nöqtəyə qədər iş aparılmalıdır. Türkiyə ordusu FETÖ-dən, agentura şəbəkəsindən təmizlənməlidir. Bu, normal prosesdir. Qiyamdan sonra türk ordusunun zəifləyəcəyi deyilirdi. Amma Suriyaya baxaq. Türk ordusunun bu ölkəyə müdaxiləsindən sonra Azad Suriya Ordusu rahat nəfəs aldı. DAİŞ, PYD-dən çox strateji ərazilər təmizləndi. Suriyada quru əməliyyatlarına yalnız Türkiyə ordusu risk edib getdi. Amerika hələ indiyə qədər buna risk etməyib, yalnız havadan Suriya müharibəsində iştirak edib. Türkiyə hakimiyyəti öz ordusuna əmindir. Daxildə FETÖ və terrorçu kürdlərə qarşı mübarizə aparılır, eyni zamanda Suriyada hər kəs türk ordusunun gücünə şahidlik edir. Bu həbslər türk ordusunu zəiflətməyəcək, əksinə, daha güclü edəcək”.
 
musavat.com

17:22 30.12.2016
Xəbər lenti
Bütün xəbərlər