KANAL24.AZ
Az Iw En Ru

Dövlət Neft Fondunun təsis edilməsində 17 il ötür

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təsis edilməsindən 17 il ötür.

Ulu öndər Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edilib. Neft Fondunun Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq olunub.

Dövlət Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı ölkəmizin əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə olunmasını və gələcək nəsillər üçün saxlanılmasını təmin edir. Bu mənada, ARDNF Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir. Qurumun yaradılması fəlsəfəsinin əsas qayəsini neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin edilməsi təşkil edir. Məhz bu prinsipin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir-birindən əhəmiyyətli addımlar atılır.

Fəaliyyətə başladığı vaxtdan etibarən ARDNF qarşısına qoyulan məqsədlərə nail olmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib, bu öhdəlikləri layiqincə yerinə yetirib. On yeddi illik qısa müddətdə beynəlxalq səviyyədə tanınan fonda çevrilən Dövlət Neft Fondu hazırda dünyanın 60 ən şəffaf suveren fondları siyahısında 4-cü sırada qərarlaşıb. 2001-ci ildə fondda 270 milyon ABŞ dolları məbləğində vəsait vardısa, cari il oktyabrın 1-nə bu rəqəm artıq 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub. 

2001-ci ildən cari ilin üçüncü rübünün sonuna Neft Fondunun ümumilikdə 67 milyard 162 milyon manat məbləğində vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilib və dövlət büdcəsinə transfert edilib. Qeyd edilən dövrdə ARDNF-in ən ağır şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin sosial-məskunlaşma məsələlərinin həlli ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 981,5 milyon manat məbləğində vəsaiti istifadə edilib. Bu vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin tikintisi işləri həyata keçirilib.

Fond indiyədək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə 297,9 milyon manat sərf edib.

2006-cı ildən başlayaraq neft gəlirlərinin bir hissəsi, eyni zamanda, su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilir və fondun maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərinin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından paytaxta su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur. Bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. 2006-ci ildən bu ilin üçüncü rübünün sonuna Neft Fondunun büdcəsi çərçivəsində bu layihəyə 779,6 milyon manat vəsait yönəldilib.

2006-2016-cə illərdə fonddan Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 1 milyard 278,7 milyon vəsait yönəldilib. Layihənin həyata keçirilməsi ilə Bakı və Sumqayıt şəhərlərinin içməli və texniki su ilə təminatı 2 dəfə yaxşılaşacaq, bənddə quraşdırılacaq elektrik enerjisinin istehsalından əmələ gələn illik mənfəət 2 milyon manat təşkil edəcək.

İndiyədək fondun 87,6 milyon manat vəsaiti “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə layihədə SOCAR-ın iştirak payının tənzimlənməsinə yönəldilib.

Bu vaxtadək Neft Fondu Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə isə 534,4 milyon manat yönəldib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

2008-ci ildən başlayaraq Neft Fondu tərəfindən 177,6 milyon manat məbləğində vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. Bu proqramın icrası sayəsində Azərbaycanda müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsillərinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranacaq.

Fond indiyədək “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə 974,7 milyon manat ayırıb. Azərbaycan təbii qazını Türkiyəyə və bu ölkədən Avropaya nəqlini təmin edəcək “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrinin maliyyələşdirilməsinə indiyədək ölkəmiz tərəfindən 5 milyard 212 milyon dollarlıq vəsait qoyulub. Həmin vəsaitin 2,5 milyard dolları məhz Dövlət Neft Fondu vasitəsilə həyata keçirilib. Fond bu vaxtadək SOCAR-ın Türkiyənin İzmir şəhərində inşa etdiyi “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 723,2 milyon manat yönəldib.

Bu il oktyabrın 1-nə Neft Fondunun aktivləri cari ilin əvvəlinə nisbətən 6,7 faiz artaraq 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub. Fondun cəmi aktivlərinin 33 milyard 949,6 milyon (94,8 faiz) ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 1 milyard 872,5 milyon (5,2 faiz) ABŞ dollarına bərabərdir.

Cari il Fonda “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub. 2007-ci ildən bu il dekabrın 1-dək isə ARDNF “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib. Neft Fondu 2001-ci ilin əvvəlindən bu il dekabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 121 milyard 586 milyon ABŞ dolları gəlir əldə edib. Bu ilin yanvar-dekabr aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 milyard 577 milyon dollar vəsait daxil olub.

Fond hərraclar vasitəsilə valyuta satışında da fəal iştirak edir və ölkədəki bütün bankların hərraclarda iştirakı təmin olunur. Bu ilin yanvar-noyabr ayları ərzində ARDNF tərəfindən valyuta hərracları yolu ilə ümumilikdə 4,6 milyard dollar həcmində vəsait satılıb.

Ötən dövr ərzində fondun vəsaitlərin idarə edilməsi sahəsindəki fəaliyyətində də yeniliklər həyata keçirilib. ARDNF investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi yeni investisiya alətlərini daxil edib. 2015-ci ilin sonuna Dövlət Neft Fondunun daşınmaz əmlak portfeli üzrə London, Paris, Moskva, Seul və Tokio şəhərlərində yerləşən 5 aktivi üçün illik icarə gəlirləri belədir: London - 9 648 048 ingilis funt sterlinqi, Paris - 5 860 400 avro, Moskva–Tverskaya 16 - 349 659 436 rubl, Seul - 31 071 645 406 Koreya vonu və Tokio - 722 169 920 yapon yeni. Moskvadakı Qalereya Aktyor binasının ticarət mərkəzi hissəsinin yenidən qurulması prosesi tamamlandıqdan sonra 2017-ci ilin martından başlayaraq ARDNF-in törəmə şirkəti olan “Tverskaya 16” OAO həmin binanı istifadə edəcək. Həmçinin 2016-cı ildə Fond tərəfindən İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 milyon avro təşkil edən Palazzo Turati ofis binasının satın alınması başa çatdırılıb.

2012-ci ildən etibarən isə Neft Fondu qızılın alınmasına başlayıb və 2013-cü ilin sonuna fond tərəfindən alınmış qızılın miqdarı 30 tona çatdırılıb.

Bu gün ARDNF tərəfindən həmin vəsaitlər səmərəli şəkildə idarə edilir, ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə mühüm layihələrin maliyyələşdirilməsi həyata keçirilir. 


18:37 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər