KANAL24.AZ
Az Iw En Ru

Görkəmli yazıçı, pedaqoq Əzizə Cəfərzadənin doğum tarixidir

Yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadənin doğum günüdür.

Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci ildə Bakıda anadan olub. İbtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik Müəllimlər İnstitutunda oxuyub, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. C.Cabbarlı adına "Azərbaycanfilm" kino studiyasında çalışıb.

Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, sonra "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

Ədəbi fəaliyyətə 16 yaşında başlayıb, "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirib. Nəsr yaradıcılığı əsasən tarixi roman janrında olub. "Natəvan haqqında hekayələr", "Aləmdə səsim var mənim", "Vətənə qayıt" ,"Yad et məni", "Bakı-1501", "Cəlaliyyə" , "Sabir", "Eldən elə", "Bir səsin faciəsi", "Gülüstan"dan öncə", “Zərrintac-Tahirə", "İşığa doğru", "Bəla", "Rübabə-sultanım", "Xəzərin göz yaşları", "Eşq Sultanı” və digər kitabları oxuculara yaxşı tanışdır.

Ə.Cəfərzadə hazırda KİV sahəsində ad-san qazamış bir çox jurnalistlərə BDU-da dərs deyib.

Ömrünün 82-ci ilində dünyasını dəyişmiş yazıçı öz vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşlarının uyuduqları məzarlıqda dəfn edilib.


16:51 29.12.2016
Xəbər lenti
Bütün xəbərlər