KANAL24.AZ
Az Iw En Ru

Qəzəb və kobudluq imanın zəif olmasının nişanəsidir

O zaman ki, su qaynayar, ona bir stəkan soyuq su tökərək qaynamaqdan saxlamaq olar. Əgər qəzəb sorağımıza gələrsə, qaynamağa başlayarıq. Ona görə də üz-gözümüzə bir qədər soyuq su töküb, qəzəbimizi sakitləşdirə bilərik. Bu əziz Peyğəmbərimizin (s) sözüdür ki, buyurub: "Hər kim şiddətli şəkildə əsəbləşərsə, bir qədər suyu üzünə və başına vursun".

Qəzəb və kobudluq imanın zəif olmasının nişanəsidir. Qəzəb - şeytanın çirkin sifətlərindəndir. Bu iki sifət insanı heyvandan da alçaq hala salar.
İnsan fitri olaraq kobud olmaqdan bezardır. O kəs ki, kobudluq edər, onun pis nəticəsini görə bilər. İslam dini davamçılarını etidala dəvət edir. Bunu, müvəffəq olmağın amillərindən hesab edir. Dil kobludluğu ən böyük eyblərdən hesab olunur. Cahil və nadanlığın nişanəsidir.
Allah Təala Həzrət Peyğəmbəri (s) bu rəzil sifətdən uzaq olduğu üçün mədh edir: "Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir". ("Ali-imran" 159).
Həzrət Peyğəmbər (s) buyurur: "Biz səma peyğəmbərlərinin (ə) hamımızın vəzifəsi budur ki, bütün insanlarla mehriban olaq. Necə ki, vəzifəmiz vardır dini vacibatları yerinə yetirək".
Kobudluq ictimai bəlalardan biridir. İnsan ruhuna və psixologiyasına zərbələr vurar. Cəmiyyət də kobudluğu aradan qaldırmaq üçün gərək onun səbəblərini tanısın. Kobudluğun səbəblərinə ağılın zəif olmasını, ifratçılığı, imanın olmamasını, düşmənçilyi, təkəbbürü, hərisliyi, kin bəsləməyi, rəhbər olmaq hissini misal göstərmək olar.
İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: "Qəzəbdən qorxun ki, o, yandıcı və təhlükəli atəşdir".
Kobudluq və qəzəb ardınca sağalmayan izlər qoyar. Cəmiyyətin üzvlərini bir-birinə qarşı düşmən edər. İnsanların etimad hissini zəiflədər.
Təkəbbürlü insanın cəmiyyətdə yoldaşı olmaz və öz hədəfinə çatmaq üçün kobudluq yolunu seçər. Öz hədəflərinə çatmaqda məğlub olduqları üçün bədbin insanlardırlar.
Əgər tarixi yaxşı mütaliə etsək, görərik ki, döyüşlərin, düşmənçiliklərin kökündə qəzəb və kobudluq dayanmışdır. Çünki kobud insanlar səy göstərir ki, kobudluq edərək başqalarını öz istəkləri ilə həmahəng etsinlər.
Həzrət Peyğəmbər (s) buyurur: "Kobudluq - şeytandandır. Şeytan da atəşdən yaradılmışdır. Atəşi ancaq su söndürə bilər. Ona görə də nə zaman qəzəblənsəniz, dəstəmaz alaraq özünüzü müalicə edin".
Qəzəb və kobudluq sifəti şeytana (lən) aid olduğu üçün insanı insanlıqdan çıxardar və bir heyvana bənzədər. Belə insanın nə dostu olar, nə də rəfiqi. Bütün yaxşı əməllərini bada verər. Əgər bu rəzil sifətlərdən xilas olmazsa, axirətini zay edər. Bu xəstəliklərin müalicəsində dəstəmaz və qüsl almağın faydası vardır.


15:15 06.12.2016