KANAL24.AZ
Az Iw En Ru

Diyarbəkirdə ermənilərin Türk-Kürd qardaşlığına qarşı əməllərinin iç üzü açıldı

                

 

                Dos., Dr. Faiq Ələkbərov (Qəzənfəroğlu)

 

2.Yazi

18-20 dekabr 2014 tarixlərində Türkiyənin Diyarbəkir şəhərinin Dicle Üniversitetində düzənlənən  “Köçün 100-cü ildönümündə Osmanlının son dövründəki üsyanlar” (“Tehcirin 100 yılında Osmanlının son dönemindeki isyanlar”)  beynəlxalq simpoziumın ikinci günündə ilk olaraq Azərbaycandan Naxçıvan Dövlət Universitetinin müəllimi, doç. dr. Qalibə Hacıyeva qeyd etdi ki, XX. yüz ildə özəlliklə Sovetlər Birliyində  1905-1906, 1918-1920, 1948-1963 və 1987-1992-ci illərdə ermənilər tərəfindən soyqırıma məruz qalmış Azərbaycan Türkləri 1990-cı illərdə ermənilərin gerçəkləşdirdiyi “Türksüz Ermənistan” planına görə sonuncu dəfə tamamən öz baba yurdlarından deportasiya edildikdən sonra bu sahədə Türk tarixi və mədəniyyəti tamamən məhv edilərək erməni vandalizminin qurbanı olmuştur: “Ermənilər tərəfindən dəfələrcə Azərbaycan Türklərinə qarşı törədilmiş soyqırım eyni şəkildə tarixi Türk mədəniyyətinə qarşı yönəldilmiş, Türk kəndləri tamamən yandırılmış, milli mədəniyyət abidələri, özəlliklə müsəlman məscidləri məhv edilmiş və sonucda Türk dilinin canlı şahidləri olan tarixi coğrafi adlar kökündən yox edilərək deyişdirilmiştir. Əski dönəm tarixi-coğrafi xəritələr və Osmanlı arxiv bəlgələri üzərə toponimik araşdırmalardan anlaşılır ki, indiki Ermənistanda son dönəmlərdə siyasi amacla deyişdirilmiş qədim tarixə malik mövcud toponimlərin çoxu əski Türk mənşəli coğrafi adlar olaraq bu qiymətli qaynaqlarda Türk dilinin tarixi yadigarı olaraq qorunmaqdadır”.  Eyni zamanda, azərbaycanlı alim ermənilərin işğal altında olan məscidlərdə donuzların, mal-qaranın saxlanılmasına, Xocalı soyqırımına diqqəti çəkdi. Qalibə xanım sonda bildirdi ki, “Türksüz Ermənistan” kimi monodövlət yaradan ermənilər işğal etmiş olduğu tarixi Türk torpaqlarında əski Türk mənşəli coğrfi adları dəyişdirməklə tarixi unutdurmağa çalışmış olsalar da, əski arxiv bəlgələri və tarixi qaynaqlar, özəlliklə Osmanlı dönəmi qaynaqları bu tarixin silinməsinə və unudulmasına imkan verməyəcəkdir.

Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, dos. dr. Cavid Qasımov “Ermeni Tehciri (Yer değiştirme) (Azerbaycan Basınında)” mövzusunda çıxış etdi. O bildirdi ki, 1915-ci il olayları zamanı Bakıda və digər Azərbaycan şəhərlərində 30-a yaxın qəzet və dərgilər nəşr olunmuşdur (“Hnçak”, “Dəvəti-Qoç” vəb.). Ona görə bu qəzetlərdə sözdə erməni soyqırımı insanların şüuruna yeridilməyə çalışılmışdır.

Aksaray Unversitetinin təmsilçisi dr. Refik Turan isə “Lise Tarih Ders Kitaplarında “Ermeni Sorunu” ve “Tehcir”” adlı məruzəsində diqqəti orta məktəblərdə bu məsələyə münasibətə toxundu. Ona görə, orta məktəblərdə “Erməni sorunu” və “Təhcir” anlayışlarının şagirdlərə doğru çatdırılmasının böyük önəmi var. O, örnəklərlə göstrdi ki, orta məktəblərdə bu anlayışları şagirdlər tam mənimsəmirlər. Turanın fikrincə, öncə Türkiyə vətəndaşaları bu anlayışları doğru bilməlidirlər.

 Erciyes Universitetinin əməkdaşı dr. Ali Korkmaz “Tehcir’in 93. Yılında “Özür Diliyorum İmza Kampanyası”nın Basına Yansımaları” məruzəsində bildirdi ki, bir qrup Türk aydınının ermənilərdən “Böyük fəlakət” adıyla üzr diləmək kampaniyası aparması Türkiyədə birmənalı qarşılanmamışdır. Belə ki, bir çox qəzetlərdə (“Hürriyyət”, “Milliyyət”, “Radikal” vəb.) həm Türk aydınları, həm də ermənilər buna müxtəlif cür reaksiya veriblər. Türk aydınları ermənilərə qarşı heç bir soyqırımın olmadığnı müdafiə etdiyi halda, ermənilər isə “Böyük fəlakət” sözü ilə razılaşmadıqlarını ortaya qoymuşlar.

Daha sonra Bingöl Universitetinin təmsilçisi dr. Kasım Tatlıoğlu “Tehcir Kavramı ve Tehcir’in Psiko-Sosyal ve Günümüz Real Politik Bağlamda Değerlendirilmesi”, Bitlis Eren Universitetinin təmsilçisi dr. Serap Toprak “Rum İsyanlarını Hazırlayan İtici Güçler”, Sakarya  Universitetinin təmsilçisi dr. Turgut Subaşı “Mora İsyanı ve Osmanlı-İngiliz İlişkileri”, Sinop   Universitetinin təmsilçisi dr. Hüseyin Vehbi İmamoğlu “19. Yüzyıl Bulgar İsyanlarında Avrupa’nın Rolü ve Osmanlı Devleti’nin Reaksiyonu”, Makedoniyadan araşdırmaçı-qəzetçi  Eyüp Salih “Makedonya’daki Osmanlı’ya Karşı İsyanlar” mövzularında məruzə ediblər.

Simpoziumun bağlanış oturumunda iki gün ərzində dinlənən məruzələr dəyərləndirildi. Belə bir nəticəyə gəlindi ki, Avropanın da dəstəklədiyi erməni uydurmalarına qarşı Azərbaycan, Türkiyə və b. müsəlman ölkələrinin alimləri eyni mövqedən çıxış etmişlər. Bildirilərdən bəlli oldu ki, 1915-ci ildə baş verən köç olayları zamanı daha çox əziyyət görən, soyqırıma məruz qalan türklər və kürdlərdir. Bunu edən Avropa və Rusiyanın dəstəyi ilə ermənilər olub. Gələcəkdə də bu cür simpoziumların keçirilməsi məqsədəuyğun sayıldı. Bununla da simpozium öz işini başa vurdu.

Simpoziumun 3-cü günündə isə iştirakçıların Diyarbəkir və Mardin şəhərlərinə gəzintilər təşkil edildi. Öncə Diyarbəkirin tarixi yerləri olan Ulu Camiyə, Hz. Süleyman camisine, Keçi Bürücünə, dörd dayaqlı minarəyə, erməni kilsəsinə daha sonra Mardində əski tarixi abidələrə (Deyrul Zafaran Manastırı, Ulu Cami vəb.) ziyarət edildi.

Doğrudan da, Diyarbəkirin və Mardinin hər bir qarışında bir tarix yatır. Sadəcə, təəssüf doğuran hal odur ki, bu tarixi şəhərlərdə insanlar arasında qarşılıqlı sevgi, inam, etibar və barış duyğuları bir qədər azalmışdır. Ancaq sevgi, inam, etibar və barışın yerini isə müəyyən qədər qorxu, inamsızlıq və etimadsızlıq tutumuşdur.

Şübhəsiz, bu qorxu, inamsızlıq və etimadsızlıq müvəqqətdidir. Çünki türkü, kürdü, türkməni ilə buradakı insanlar barışa, sevgiyə, etibara daha şox meyillidirlər. Tarixən bu torpaqlarda hüzur içində yaşayan insanların arasında nifaq toxumu səpənlər türkün də, kürdün də, türkmənin də, ərəbin də düşmənləridir. Bu düşmənlər isə başda ABŞ olmaqla Qərb dünyasıdır. Bunu Diyarbəkirdəki, Mardindəki kürdləşmiş türkmənlər də, kürdlər də, türklər də başqaları da yaxşı anlayırlar. Məncə, Qərb dünyasının bu bölgədəki əsas kartı az saydakı ermənilər və suriyanilərdir. Özəlliklə, kürdcə danışan-kürdləşmiş ermənilər kürdlər və türklər arasındakı əski sevginin yenidən ortaya çıxmaması üçün əllərindən gələni edirlər və bu yolda Qərbdən böyük dəstək alırlar.

Diyarbəkirin, Mardinin küçələrində gördüyümüz insanların üzlərindən oxuduğumuz, dillərindən eşitdiyimiz barış və sevgi hisləri daha güclədir. Bəzi kürd qardaşlarımız vaxtilə Qərbin oyunları nəticəsində kürdlərə münasibətdə müəyyən hüzursuzluqların olduğunu, ancaq son zamanlar bunun aradan qaldırıldığını da etiraf edirlər. Artıq kürdlərin ana dillərində təhsil almaları, qəzetlər nəşr etmələri, telekanallar açmaları problem deyildir. Sadəcə, əskidən qalan inamsızılıq və güvənsizlik bərpa olunmadığı üçün zaman-zaman müəyyən xoşagəlməz olaylar baş verir. Ancaq bu o demək deyil ki, Diyarbəkir də hüzur içində yaşamaq mümkün deyildir. Yəni Diyarbəkirdə, Mardində həyat televizyalarda, qəzetlərdə verilən xəbərlərdə olduğu kimi heç də qorxulu deyildir. Tərsinə, Türkiyənin digər yerlərində olduğu kimi bu bölgəmizdə də insanlar öz işlərinin başındadırlar.

Bu baxımdan Diyarbəkir, Mardin küçələrində, caddələrində polislə vətəndaş arasında ciddi problemin olmadığına, sadəcə müəyyən çəkingənliyin davam etməsini gördüm. Özəlliklə, Türk polisinin Diyarbəkirdə, Mardində Türkiyənin digər şəhərlərində olduğu kimi, heç bir ayrımçılıq yapmadan insanların, Türkiyə vətəndaşlarının hüzurunu qorumağa çalışdıqlarına inanması lazımdır. Həmin polislər, əsgərlər arasında türkü də, kürdü də, çərkəzi də vəb. da vardır. Bu mümkün deyildir ki, türk, kürd öz polisinə deyil, hansısa yad bir qüvvəyə, ya da terrorist qruplaşmalara inansınlar. Unutmamalıyıq ki içimizə nifaq toxumu səpənlər, birliyimiz pozanlar məhz həmin yad qüvvələrdir.

Məncə, bu bölgədə müəyyən qədər hökm sürən etimadsızlığın aradan qaldırılmasının tək yolu türk və kürd qardaşlığının arasına girmiş yad qüvvələri görməmizdir. Eyni zamanda, bunu görməklə iş bitmədiyi üçün, yad qüvvələrin Türk-İslam birliyinə vurduğu zərbələri zərərsizləşdirmək lazımdır. Yalnız bu halda yüz illərlə sürən birilyimiz yenidən geri gələcək,  artıq düşmənlərimizi sevindirməyə birlikdə son verməli olacağıq.

Bunu üçün də türklər və kürdlər müəyyən qədər hökm sürən inamsızlığa, bu inamsızılığın nətəcəsi də olaraq ayrı-ayrı köşələrə çəkilərək fısıldaşmağa son qoymalıdırlar. Yəni insanlarımız birbirləri ilə birbaşa vasitəçi olmadan danışmalı və anlaşmalıdırlar. Öncəlliklə, üçüncünün aramıza soxulmasına yol verməməliyik. Nə zamana qədər aramızda üçüncü olacaqdır inamsızlıq və çəkingənlik də davam edəcəkdir. Bu anlamda dərdlərimizi, sorunlarımızı vasitəçi-üçüncü olmadan çözəcəyik. Zənnimizcə, geniş anlamda isə türklərin və kürdlərin anlaşa bilməyəcək heç bir sorunu yoxdur. Sadəcə, yad qüvvələrin son zamanlarda düşüncələrimizə yeritiyi zərərli fikirlərə deyil, yüzillərə söykənən sağlam birliyimizə, dirliyimizə, adət-ənənələrimizə əsaslansaq hər şey yoluna girmiş olacaqdır.

Əslində bu gün Diyarbəkirdə, Mardində, Şirnakda, Hakkaridə və bu bölgədəki bütün torpaqlarda hüzurun yenidən bərpa olunması yolunda bəzi yanlışlıqlarla yanaşı ciddi işlər görülməkdədir. Sadəcə, bu işlər görülərkən yəni Türk-Kürd qardaşlığı normala qovuşdurularkən Türkiyənin bütövlüyünə, əzəmətinə zərrə qədər xələl gətirilməməlidir. Çünki Türkiyənin bütövlüyü, əzəməti sarsılarsa bunda uduzan yalnız türklər deyil, bütövlükdə türkü, kürdü, çərkəzi, romanı, ərəbi ilə bütün Türkiyə olacaqdır. Eyni zamanda Türkiyənin milli-mənəvi qardaşı olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Quzey Kipr Türk Cümhuriyyəti bir sözlə bütün Türk və İslam dünyası zərər görmüş olacaqdır. Bu anlamda artıq düşmənlərimizi sevindirməkdən əl çəkməli, əski birliyimizi bərpa etməliyik.

Allah birliyimiz pozmasın! Türk-İslam birliyi daha da güclü olsun!

 


06:53 26.12.2014
Xəbər lenti
Bütün xəbərlər