KANAL24.AZ
Az Iw En Ru

YENİ ƏSRİN LİDERİ

Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri sırasında görmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir

Tarixi nailiyyətimiz olan dövlət müstəqilliyimizin bərpasından 23 ildən artıq vaxt keçib. Möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün inşa olunmuş binanın mənzillərinin paylanması mərasimində söylədiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “Müstəqilliklə bağlı olan mövzulara daha da geniş yer verilməlidir. Müstəqilliyin üstünlükləri nədən ibarətdir. Düzdür, bu mövzularla bağlı vaxtaşırı yazılara, materiallara rast gəlmək olar. Amma mən hesab etmirəm ki, bu, kifayətdir. Çünki bu mövzu daim gündəlikdə olmalıdır. Müstəqilliyin üstünlükləri, müstəqilliyin əlamətləri və gələcək həyatımızla bağlı fikirlər, mülahizələr, fikir mübadiləsi çox vacibdir. Çünki bir daha demək istəyirəm ki, bizim nəslimizin ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz müstəqil dövlətdə yaşayırıq. Bizdən əvvəlki nəsillər də bu arzularla yaşamışlar. Ancaq bu arzulara çata bilməmişlər. Bizim xoşbəxtliyimiz ondadır ki, müstəqil, azad dövlətdə Azərbaycan Respublikasının vətəndaşı kimi yaşayırıq. Biz bunu qiymətləndirməliyik və müstəqilliyi hər şeydən üstün tutmalıyıq. Müstəqillik, dediyim kimi, sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik müstəqil həyatdır, müstəqil siyasətdir, dövlətin və milli maraqların qorunmasıdır.” Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı həmin dövrün bəlalarından, çətinliklərindən xilas etdi, müstəqilliyinin daimiliyini, sarsılmazlığını şərtləndirən bütün amillərin mövcudluğuna səy göstərdi, bir sözlə, dünya xəritəsində bir müstəqil dövlət olaraq varlığını təsdiqlədi. Məhz bu gün Azərbaycan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atır, yeni-yeni hədəfləri gerçəkləşdirməklə inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyini ortaya qoyur.

2003-cü ildən sonrakı dövrün Böyük Yolun davamı kimi dəyərləndirilməsi də səbəbsiz deyil. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu inamı böyük qətiyyətlə ifadə etmişdir: “Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik.” Bu fikirlərin davamı olaraq o da qeyd edilmişdir ki, bizdə bütün imkanlar vardır - Təbii sərvətlər, insan potensialı, ən önəmlisi, xalqın iradəsi. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.

2003-cü ildə səsləndirilən proqram xarakterli bu fikirlər növbəti illərdə görüləcək işlərə işıq saldı. Cənab İlham Əliyev Prezident kimi jurnalistlərə ilk müsahibəsində “Sizcə, Sizi asan işlər gözləyir, yoxsa çətin” sualını belə cavablandırmışdır: “Həm asan, həm də çətin. Asan o mənadı ki, artıq Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On bir il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma eyni zamanda, həyat yerində durmur. Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

Möhtərəm İlham Əliyev Prezidentliyinin ilk dövründə (2003-2008) gördüyü işlərlə bir daha hər vədinin arxasında konkret əməli işin dayandığını nümayiş etdirdi. Qeyd olunan müsahibəsində də bu fikri bəyan etmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Ölkənin iqtisadiyyatı möhkəm olarsa, bütün məslələri həll etmək mümkündür: “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq.”

Möhtərəm İlham Əliyev qarşıya qoyduğu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə məqsədilə regional inkişaf Proqramının qəbulunu zəruri bildi. Xatırlasaq, həmin proqramda 2004-2008-ci illər ərzində 600 min yeni iş yerinin açılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdu. Artıq sənədin icrası başa çatdıqda bu rəqəm 700 mindən çox idi. Bu onu göstərdi ki, məqsəd uğurlara nail olmaq üçün stimulverici amildir. Möhtərəm Prezidentimiz İlham Əliyevin jurnalistlərə ilk müsahibəsində də vurğuladığı kimi, zaman dəyişir, qarşıya yeni-yeni tələblər qoyulur. Məhz bu tələblər yeniləşməni, modernləşməni daha da aktuallaşdırır. Birinci proqramın uğurlu icrası ikinci sənədin qəbulunu zərurətə çevirdi. Artıq cari ildən üçüncü Dövlət Proqramının icrasına başlanılıb. Regional inkişaf proqramlarının icrası nəticəsində hazırda yeni iş yerlərinin sayı bir milyon 300 mindən çoxdur. Bunların 900 mini daimi iş yeridir. Son on ildə iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Yoxsulluq 49 faizdən 5,3 faizə enib. İşsizlik 5 faiz təşkil edir. Ölkəmizə 160 milyard dollar investisiya cəlb olunub. Təkcə cari ilin ötən dövründə iqtisadiyyata 19 milyard dollar sərmayə qoyulub ki, bunun da 11 milyard dolları daxili sərmayədir. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə ölkə iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 15 milyard dollar təşkil edirdi. Dövlət başçısı İlham Əliyev bu faktı çıxışlarında daim diqqətə çatdırır: “Heç kəsə sirr deyil ki, sərmayələr, xüsusilə xarici sərmayələr sabitlik olan ölkələrə qoyulur. Çünki hər bir sərmayədar o qədər də risk etmək istəmir. Bu baxımdan da Azərbaycan sərmayə qoyuluşu üçün çox münasib ölkədir. Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş sərmayələrin cəlb olunması istiqamətində böyük addımlar atmağa imkan veribdir.”

Göründüyü kimi, Azərbaycan sabitlik diyarına çevrilib, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının uğurlarını yaşamaqla dünyanın diqqət mərkəzində dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasında da iqtisadi uğurlar, sabitlik diyarı kimi nüfuz qazanması, eyni zamanda demokratik inkişafı həlledici rol oynayır. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sabitlik, iqtisadi tərəqqi, ictimai-siyasi əmin-amanlıq olmasa, təbii ki, demokratiyanın ömrü uzun ola bilməz. Son on bir ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanın demokratiya təcrübəsinin digər ölkələrə nümunə göstərilməsi ilə təsdiqlənir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, iqtisadi və siyasi islahatların vəhdətliyi Azərbaycanın hərtərəfli inkişafı üçün əsasdır. İstər insan hüquqlarının qorunması, istər azad mətbuatın inkişafı, istər seçkilərdə vətəndaşlara sərbəst seçim hüququnun verilməsi, istər çoxpartiyalı sistemin yaradılması, istərsə də seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlara diqqət yetirsək, bir məqsəd, amal özünü təsdiqləyir ki, atılan bu addımlar möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi, hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Beynəlxalq əməkdaşlıq fonunda qəbul olunan qanunlara edilən əlavə və dəyişikliklər, yeni qanunların qəbul olunması Azərbaycanın bu gününə və gələcəyinə xidmət göstərir.

Dünyaya inteqrasiya siyasətini həyata keçirən Azərbaycan beynəlxalq əməkdaşlığa bütün sahələrdə önəm verir. Məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə beynəlxalq əməkdaşlığa açılan yol bu gün uğurla davam edir. Cari ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin 20 illiyində “Cənub” qaz dəhlizinin təməlinin qoyulması da bunun bariz nümunəsi, eyni zamanda 20 ildə görülən işlərin zirvəsi kimi dəyərləndirildi. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycan dövlətinin qətiyyətini, iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan bu gün təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi nüfuz qazanıb və beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirib.

Təbii ki, Azərbaycanın uğurlarından bəhs edərkən ulu öndər Heydər Əliyevin uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun fəaliyyətini xüsusi qeyd etməliyik. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bu inamı da ifadə etmişdir: “Gələcəkdə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirdikcə, Azərbaycanda yeni neft yataqları kəşf olunandan sonra, BTC neft kəməri istismara veriləndən sonra, əlbəttə, ölkəmizin imkanları daha da artacaqdır. Hər il Azərbaycana milyardlarla dollar vəsait daxil olacaqdır. Bu vəsaitlə Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılacaq, sosial problemlərin həlli istiqamətində böyük işlər görüləcəkdir.” 2003-cü ildə aktivlərinin həcmi 800 milyon dollar olan Dövlət Neft Fondunda bu gün toplanan vəsaitlərin həcmi 36 milyard dollardan çoxdur. Dövlət siyasətinin prioritetlərini müəyyənləşdirən Fondun vəsaitləri hesabına reallaşdırılan sosial-iqtisadi layihələr Azərbaycanın hərtərəfli inkişafına xidmət edir.

Güclü sosial siyasətlə tamamlanan iqtisadi islahatların zamanın tələblərinə uyğunlaşdırılması Azərbaycanı dünyaya sosial dövlət kimi təqdim edir. Vətəndaş amilinin dövlət siyasətinin önündə saxlanılması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə, həmçinin beynəlxalq qurumların hesabatlarında təqdir olunur. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar bir məqsədə xidmət edir- Ölkənin hərtərəfli inkişafı təmin edilsin, insanlar daha rahat və yüksək rifah şəraitində yaşasın. Bir əsas məqamı da qeyd etməliyik ki, 2009-cu ildə keçirilən referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklər arasında “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə bir daha dövlətin siyasətində insan amilinə verilən önəmi təsdiqlədi. Həmin əlavəyə əsasən dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsidir. Bu gün Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə də insan amilinə verdiyi önəm xüsusi qeyd edilir, Azərbaycan təcrübəsinin öyrənilməsinin gərəkliyi vurğulanır.

Azərbaycanın davamlı uğurlarına daim öz töhfələrini verən ulu öndər Heydər Əliyevin yaradıcısı, Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının da fəaliyyət istiqamətlərindən biri insan amilinə dəyərdən qaynaqlanan mühüm əhəmiyyətli layihələrdir. Məhz həyata keçirdiyi siyasətin əsasında dövlətə, xalqa xidməti əsas tutmasının nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 640 mindən artıq üzv birləşib. Bütün fəaliyyəti dövründə ölkənin davamlı inkişafı, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması başlıca məqsəd olub. Məhz bu səbəbdən 2011-ci ildə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda beynəlxalq konfrans mahiyyəti baxımından geniş təhlil olunmaqla yanaşı, partiyanın məqsəd və məramına, ölkədə və beynəlxalq aləmdə nüfuzuna işıq saldı. Konfransda əsas diqqət günün əsas problemi olan yoxsulluqla mübarizəyə yönəldilərək bildirildi ki, Azərbaycanın bu sahədə təcrübəsi digər ölkələrə nümunədir. Bu fikir daha çox səsləndirildi ki, kasıb yox, yaxşı idarə olunmayan ölkələr var. Bildirilmişdir ki, Azərbaycan dövlətinin düşünülmüş siyasəti sayəsində Azərbaycan qarşılaşdığı çətinliklərdən uğurla çıxır, hər sahədə əldə etdiyi nəticələr diqqət çəkən olmaqla bərabər növbəti uğurlara yol açır. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında bu rəqəmlər hər zaman açıqlanır, bu fonda qarşıdakı il üçün proqnozlar verilir. Azərbaycan üçün verilən proqnozlar hər zaman özünü doğruldur. Asiya İnkişaf Bankının ölkəmizlə bağlı proqnozunu xatırladaq. Qurumun Azərbaycandakı daimi nümayəndəliyi bildirir ki, Azərbaycan iqtisadiyyatı son illər ərzində sürətlə inkişaf edir. 2020-ci ildə Azərbaycanda ÜDM-nin həcminin 130 milyard dollara çatacağı gözlənilir. Ölkə infrastrukturunun inkişafına yatırılan investisiyanın həcmi isə 40 milyard dollara bərabər olacaq.

Ölkə iqtisadiyyatının aynası dövlət büdcəsidir. Son on bir ildə dövlət büdcəmizin 20 dəfədən çox artması uğurlu sosial-iqtisadi islahatlara əsaslanır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, qarşıdakı ilin büdcəsi əvvəlki ildən daim kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Təhlillər fonunda dövlət büdcəmizin ildən-ilə artdığının şahidi oluruq. Artıq cari ilin dövlət büdcəsi də təsdiqlənib. Gələn ilin dövlət büdcəsinin gəlirləri 19 milyard manat, xərcləri isə 21 milyard manat nəzərdə tutulub. Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Qeyd edək ki, ölkəmiz region iqtisadiyyatının 85 faizinə sahibdir.

Ölkəmizin iqtisadi və siyasi mövqeyini möhkəmləndirməsi ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də yol açır. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin və təşkilatların sayının artması Prezident İlham Əliyevin qətiyyət və səyinin nəticəsidir. Diplomatik mübarizədə qələbə qazanan ölkəmizin münaqişənin həllində hərb siyasətini seçdiyi təqdirdə də qələbəsi şəksizdir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın çox güclü, qüdrətli, beynəlxalq standartlara cavab verən ordusu var.

Azərbaycan hər sahədə uğurları ilə dünyanın diqqətindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir: “Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir.” Azərbaycanın 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də beynəlxalq dəstəyin yüksək səviyyədə olduğunun göstəricisidir. Beynəlxalq Humanitar Forumlar üçün ideal məkan seçilən Azərbaycan ötən il Ümumdünya İqtisadi Forumuna ev sahibliyi etdi. Forumdakı çıxışlarda bu fikir xüsusi qeyd olundu ki, tədbirin Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində əldə olunan uğurlara dəyərin təzahürüdür.

Azərbaycan 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməklə belə bir həqiqəti də təsdiqlədi ki, hər bir dövləti dünyada tanıdan siyasəti ilə yanaşı mədəniyyəti, elmi potensialıdır. Bu gün böyük inam hissi ilə qeyd edə bilərik ki, Azərbaycan beynəlxalq aləmdə yeri və rolunu möhkəmlədirməklə yanaşı, öz milli mənəvi dəyərlərini, tarixini, mədəniyyətini və incəsənətini yüksək səviyyədə qoruyan və təbliğ edən ölkələr sırasındadır. Müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmiz eyni zamanda dünyada idman ölkəsi kimi də tanınır. Avropa Olimpiya Komitəsinin 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı da buna bariz nümunədir. Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqına təbrikində bildirmişdir: “Bizim uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, Azərbaycanda, Bakıda yaradılmış müasir idman infrastrukturu da uğurlarımızı tamamlayır. Buna Azərbaycanda və Bakıda keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir.” Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin hər biri mahiyyəti və ölkəmizlə bağlı həqiqətlərin dünyaya təqdimatı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qeyd etdiklərimiz Azərbaycanın son on ildə əldə etdiyi uğurlara qısa baxışdır. Təbii ki, uğurlarımızın miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümumiləşdirilmiş fikir budur ki, uğurların davamlılığının təmin olunması dövlətin siyasətində prioritet məsələdir. Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurların fonunda qarşıdakı on ilin prioritetlərini müəyyənləşdirən dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bu məqsədə xidmət edir. Azərbaycanı yaxın zamanlarda inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək başlıca hədəfdir. Ümumi daxili məhsulun qarşıdakı on ildə daha 2 dəfə artırılması da əsas məqsəd kimi qarşıya qoyulur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası davamlı inkişaf çağırışları üçün yol xəritəsi kimi dəyərləndirilir. Dünya Bankının təmsilçiləri bildirmişdir ki, Azərbaycanda 2020-ci ilədək ÜDM-nin iki dəfə artırılması böyük çağırışdır. Bunu etmək üçün ölkə kifayət qədər güclü potensiala malikdir və inanırıq ki, Azərbaycan bu yolda ciddi uğur qazanacaq. Azərbaycan bütün dünyaya nümunə ola biləcək yeni geoiqtisadi regional güc mərkəzi modelini yaradıb. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir.

Uğurlarımız bu gerçəkliyi təsdiqləyir ki, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin başlıca məqsədi Azərbaycanı müasirləşdirmək, dünyanın inkişaf etmiş ölkələri ilə bir səviyyəyə yüksəltmək, beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevirməkdir. Dünya dövlətlərinin, təşkilatlarının rəhbərləri Azərbaycanın siyasi səhnəsində Prezident İlham Əliyevə alternativ görmür. Azərbaycana, Prezident İlham Əliyevə bu inamı qazandıran əsas amil düzgün qurulan siyasət və bu siyasətə xalqın dəstəyidir. Xalqın inamının böyük olduğu ölkədə Prezidentə milyonların sevgisi şəksizdir. Möhtərəm İlham Əliyevin 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində təkrar qələbəsi bunun təsdiqidir. 2013-cü ildə keçirilən andiçmə mərasimində möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi bu fikirlər gələcək barədə aydın təsəvvür yaradır: “Bizim siyasətimiz müstəqilliyin möhkəmləndirilməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dünya miqyasında özünə layiq yerini tuta bilibdir. Azərbaycan daha da güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq.” Azərbaycanın uğurlarının bələdçisi olan, cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf edib, sıralarını kəmiyyət və keyfiyyət baxımından möhkəmləndirən Yeni Azərbaycan Partiyası bu inkişafa, tərəqqiyə dəstək olmaq üçün ciddi səylər göstərir. Bu gün əsas şüarı “Rifah və quruculuq naminə” olan Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən bütün seçki proseslərində qələbəsini təmin edən də Azərbaycanın uğurlarıdır. Ölkəmizi qarşıdakı illərdə daha da möhtəşəm uğurlar gözləyir.

Redaksiyadan:
Möhtərəm Prezidentimiz!
Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün Sizin rəhbərliyiniz ilə sürətli inkişaf dövrünü yaşayır. Ölkəmiz son 11 ildə ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə böyük uğurlara imza atıb, inkişaf tendensiyasını müvəffəqiyyətlə davam etdirib. Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində insanların rifah halı daha da yaxşılaşıb, Azərbaycan beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilib. Bu gün ölkəmizin hər bir vətəndaşı gündəlik həyatında Sizin qayğınızı hiss edir. Xalqımızın Sizə olan inam və etimadı böyükdür. Əminik ki, Azərbaycan hələ bundan sonra uzun illər Sizin rəhbərliyiniz ilə daha böyük uğurlara imza atacaq, milli dəyərlərinə, dövlətçilik ənənələrinə daim sadiq qalaraq gələcəyə doğru inamla irəliləyəcək.
Möhtərəm Prezidentimiz!
“İki sahil” qəzetinin kollektivi olaraq Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Azərbaycanımızın daha da qüdrətlənməsi, çiçəklənməsi naminə daim möhtəşəm uğurlar, uzun ömür və möhkəm cansağlığı arzu edirik.

Vüqar Rəhimzadə,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru,
Əməkdar jurnalist


20:33 24.12.2014
Xəbər lenti
Bütün xəbərlər