KANAL24.AZ
Az Iw En Ru

Görkəmli Azərbaycan xalçaçı rəssamı Lətif Kərimovun doğum günüdür

Görkəmli Azərbaycan xalçaçı rəssamı Lətif Kərimovun doğum günüdür.Lətif Hüseyn oğlu Kərimov 1906-cı ildə Şuşa şəhərində anadan olub. 1912-ci ildə balaca Lətifin ailəsi İranın Məşhəd şəhərinə köçüb. Onun xalçaya marağı burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasında məhəbbətə çevrilib. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərində ilmə vurmaq, naxış salmaq öyrənib.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib.

O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib.

İlk dəfə Bakıda və Qubada xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub.

Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. 150-dən çox xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlayıb.

Lətif Kərimov tanınmış Azəırbaycan rəssamları ilə birlikdə 1940-1941-ci illərdə dahi şair Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilib.

Böyük elmi əhəmiyyəti olan əsərlərinə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədi-alimlik dərəcəsi verilib. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır.

Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunub.

Görkəmli sənətkar 1991-ci ildə Bakıda vəfat edib.


17:38 17.11.2016
Xəbər lenti
Bütün xəbərlər