KANAL24.AZ
Az Iw En Ru

«Rusiya Müsəlmanları İttifaqı»nın lideri Əlimərdan Topçubaşı kimdir?

                                                                                                     Dos.dr. Faiq Ələkbərov

  XX əsrin əvvəllərində Azərbaycanda qərbçilikdən çıxış edən yeniləşmə tərəfdarları milli liberalistlər olmuşdur. Belə ki, bu dövrdə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə qərbçilik, avropalaşmaq ideyaları milli-dini ideyaların mü­qa­yisə­si zamanı, üstünlüyü türkçülüyə və islamçılığa verirdilərsə, ancaq onlar­dan fərqli olaraq milli liberalizmin Azərbaycanda ən tanınmış nümayəndəsi Əlimərdan bəy Topçubaşı (1865-1934) daha çox liberal-demokratik mövqedən çıxış etmiş­dir. Deməli, Ə.Topçubaşı nə Ə.Ağaoğlu kimi «islam millətçiliyi»ni, nə də Ə.Hüseyn­zadə kimi «Osmanlı türkçülüyü»nü əsas ideya kimi qəbul etmişdir. Topçubaşı bu iki ideyanı ideallaşdırmaqdan yan qaçaraq, daha çox diqqəti liberal-demokratik dəyərlərə, o cümlədən Rusiya türklərinin birliyinə və onların məhəlli muxtariyyatına yönlətmişdir. Başqa sözlə, milli liberallar islamçılıqdan və türkçülükdən çox cəmiyyətin yeniləşməsi, Qərbin-Avropanın mütərəqqi mədəniyyətinin mənim­sənilməsi və s. məsələlərə diqqət yetirmişlər. Ancaq milli liberallar islamçı­lıq və türkçülükdə ifrata varmadıqları kimi, qəbçilik və avropaçılıq məsələlərində də radikal mövqedən çıxış etməmişlər. Belə ki, milli liberallar türk-müsəlman xalqlarının siyasi-ideoloji mənada vahid «islam birliyi» və «türk birliyi»ni real hesab etmə­mək­lə yanaşı, birmənalı şəkildə Qərb mədəniyyətinin, Avropa dəyərlərinin mü­səl­man ölkələrində tətbiq olunmasını da qəbuledilməz saymışlar.

Milli liberalistlərin Azərbaycan milli azadlıq hərəkatında roluna toxunan M.Ə.Rəsulzadə yazırdı ki, Azər­bay­can milli ideyası yaranana qədər, Azərbaycanda islamçılıqla («İttihadi-İslam»la) yanaşı, ondan kənarda marksistlərə meyil göstərən radikal türk inqilab­çıları (M.Ə.Rə­sul­zadə və b.) və kadetlərə rəğbət bəsləyən türk liberalistləri (Ə. Topçu­başov və b.) olmuşdur. M.Ə.Rəsulzadə onu da qeyd edirdi ki, Rusiya türkləri arasında ilk dəfə milli-mədəni muxtariyyətdən və başqa hüquqlardan çıxış edən isə Ə.Topçubaşı olmuşdur. Bu isə o deməkdir ki, milli aydınımız Hüseyn Baykaranın da qeyd etdiyi kimi, həmin dövrdə «panislamist» Ə.Ağaoğlu geniş və dərin, teoretik şəkildə «islam millətçiliyi»ni, «pantürkist» Ə.Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi zaman, «milli liberalist» Ə.Topçubaşov «Rusiya müsəlmanlarının birliyi» devizi altında, daha çox Azərbaycan türk xalqının milli-mədəni muxtariyyəti üçün çalışmışdır.

Sovet ədəbiyyatında da etiraf olunurdu ki, «XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycan burjuaziyasının hələ öz siyasi partiyası yox idi və yerli panislamistlər öz ideoloqları Əhmədbəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşı başda olmaqla milyonçu H.Z.Tağıyev tərəfindən alınan «Kaspi» qəzeti ətrafında toplaşıb, onun səhifələrində öz baxışlarını təbliğ edirdilər». Bəs bu baxışlar nədən ibarət idi? Sovet ədəbiyyatı bunu «panislamizm» və «panturkizm» kimi qiymətləndirdiyi halda, türkçülüyün ideoloqlarından Ziya Gökalp tamamilə əksinə fikirləşirdi. Onun fikrincə, həmin dövrdə Ə.Topçubaşov və onun digər iki silahdaşı Ə.Ağaoğlu ilə Ə.Hüseynzadə mütərəqqi ruhlu islamılıq və türklük uğrunda çalışmışlar: «Bu vaxt (1905-1906-cı illər nəzərdə tutulur – F.Ə.) Hüseynzadə Əli bəy İstanbuldan və Ağaoğlu Əhməd bəy Parisdən Bakıya gəlmiş və orada fikir savaşı üçün əl-ələ vermişdilər. Topçubaşı da bunlara qoşuldu. Bu üç şəxs orada o zamana qədər hakim olan sünnilik və şiəlik anlaşılmazlıqlarını ortadan qaldıraraq türklük və islamlıq fikirləri ətrafında bütün azərbaycanlıları toplamağa çalışdılar».

Göründüyü kimi, Topçubaşı bu dövrdə Azərbaycan milli ideyasını yaranmasında aktiv şəkildə iştirak etmiş və milli işlərin görülməsində müstəsna rol oynamışdır. Bu baxımdan «Kaspi», «Həyat» və başqa qəzetlərdə Rusiya müsəlmanlarının-türklərinin hüquqlarını müdafiə edən Topçubaşının «Ümummilli haqq istəyi» layihəsində (1905) iştirakı da diqqəti cəlb edir. Bu layihəyə görə, türklərə-müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, onlara aid bütün məhdudiyyətlər aradan qaldırılmalıdır: «Rusiyada seçkilər əsasında təsis olunacaq qanunverici məclislərin, idarə müəssisələrinin hamısında azad şəkildə seçilmiş müsəlman nümayəndələri ruslarla eyni hüquqa malik olmalıdırlar; müsəlmanlara öz problemlərini həll etmək ixtiyarı verilməlidir». Bir sözlə, layihədə Qafqazda yerli idarələrin yaradılması və onların müstəqil olması, Qafqaz müsəlmanlarının şəxsiyyət və ərazi toxunulmazlığı, türk dilində məktəblərin olması, fikir, söz, mətbuat azadlığı verilməsi və s. tələb olunurdu.  «Ümumi Milli haqq istəyi» adlı bu ərzi-halı Bakı Şəhər Dumasının qərarı ilə çar hökumətinin Nazirlər Kabinetinin sədrinə və yenicə yaradılmış Qafqaz canişinliyinə seçilmiş nümaynədə heyəti vasitəsilə göndərmişdilər.

«Kaspi» qəzetində nəşr olunan «Qafqaz canişinliyi» (1905) məqaləsində inqilabın başlanması ilə Qafqaz canişinliyinin bərpa edilməsinə etiraz olaraq Topçubaşı qeyd edirdi ki, azadlıq hərəkatında ömrünü başa vurmuş idarəetmə formalarına qayıdış ola bilməz. O yazır: «Bizim şovinistlər qafqazlıların seperatizm, millətçi və sair meyillərini «urbi et orbi» kimi qələmə verərək imkan düşən kimi konsullara müraciət edərək Qafqaz diyarına xüsusi ciddi rejim tətbiq olunmasını tələb edirdilər… Qafqazda yaradılan canişinliyin məqsədinin bu cür «izah edilməsi, təbii ki, mədəni inkişaf yoluna yaxın vaxtlarda qədəm qoymuş diyarımızın taleyi barədə ciddi narahatlıqlar doğurmaya bilməzdi». Ancaq o ümid edirdi ki, «Qafqazda canişinlik bizim diyarı təcrid etmək və dövlət quruluşu, dövlət qaydaları barədə sənədlərdən irəli gələn bütün nemətlərin Qafqaza şamil edilməməsi məqsədilə yaradılmamışdır. Əksinə, bu canişinlik bizim diyara imkan verəcəkdir ki, Rusiyanın daxili vilayətləri ilə müqayisədə heç bir məsələdə kənarda qalmayaq. Yeni idarə üsulu yalnız bu şərtlə diyarda tam əmin-amanlıq bərqərar olmasına, onun mənəvi, maarifçilik və ictimai təlabatının ödənilməsinə şərait yarada bilər». O qeyd edirdi ki, Qafqazın Rusiyanın daxili hissələri ilə bərabər hüquqlara malik olmasının ədalətli və zəruri olması göz qabağındadır: «Rusiyanın başqa yerlərində olduğu kimi, Qafqazda keçiriləcək islahatlarda yerli adamlar əlbəttə, çox xeyir verəcəklər və biz əminik ki, görülən işlərdə Qafqaz xalqlarının nümayəndələrinin səsi eşidiləcək, ona xüsusi diqqət yetirləcəkdir» .


1-ci Dövlət Dumasında «Müsəlman fraksiyası»nın rəhbəri olan Ə.Topçubaşı 1905-1907-ci illərdə mövcud olmuş «Rusiya Müsəlmanları İttifaqı» Partiyasının (Y.Akçuraoğlu yazır ki, bu qurumun «Rusiya Müsəlmanları İttifaqı» adlanması, o zaman türk ellərinə ortaq adın tapılmaması ilə bağlı olmuş və məcburiyyətdən «müsəlman» anldayışına müraciət edilmişdir) yaranmasında fəal iştirak etməklə yanaşı, bu siyasi təşkilatın nizamnaməsini, proqramını şəxsən hazırlamışdır. Topçubaşov tərəfindən hazırlanan proqramda məhkəmə, siyasi məqsədlər, fəhlə məsələləri, məhəlli muxtariyyət, dini qaydalar, maliyyə işləri, dövlət quruluşu və s. öz əksini tapmışdır. Ə.Topçubaşının hazırladığı və qurultaya tədqim etdiyi bu proqramda açıq şəkildə yazılır ki, «İttifaq»ın siyasi məqsədi Rusiya müsəlmanlarını əməli işdə birləşdirməkdir. Rusiyanın dövlət quruluşunu Konstitusiyalı monraxiya kimi görmək istəyən Topçubaşov yazır ki, bu idarə üsulunda vəkillər monarxa nəzarət edərlər. Xalq vəkilləri isə, bir məclis – Dövlət Duması olmaqla, ümumi, gizli, bərabərlik prinsipi ilə seçiləcək, müsəlmanların vəkilləri əhalinin ümumi sayına mütənasib olacaqdır.

Əhalinin sayına və ərazinin böyüklüyünə görə fərqlənən millətlərə məhəlli muxtariyyət verilməsi müəddəasını irəli sürən Ə.Topçubaşı proqramın 34-35-ci maddələrində qeyd edir ki, vilayətə aid məsələlərin hamısı məhəlli muxtariyyət idarələrinin səlahiyyətlərinə görə, vilayət məclislərində müzakirə edildikdən sonra dövlətin icraiyyə orqanları tərəfindən həyata keçirilməlidir. Vilayətdə hər hansı bir millət çoxluq təşkil edərsə bu vilayətin idarələrində həmin millətin dili ümumi dil olmalıdır. Rus dili isə ümumdövlət dili olmaq şərtilə mərkəzi idarələrdə, dəniz və quru qoşunlarında işlədilməlidir. Proqramın 36-cı maddəsində isə Topçu­başov yazır: «Bütün xalqlar mədəni, siyasi hüquq baxımından bərabər olmaqla yanaşı, dövlətin əsas qanunları xalqların hamısını mədəni hüquqlarla təmin etməlidir, yəni hər dildə və hər məhəlli dialektdə danışmaq, məktəb, mədrəsələr inşa etmək, uşaqları tərbiyə etmək, dil və ədəbiyyat cəmiyyətləri, müəssisələri yaratmaq xüsuslarında millətlərin hər birinə tam azadlıq verilir».

Göründüyü kimi, Topçubaşı tərəfindən hazırlanan bu proqram daha çox Rusiya türklərinin maraqlarına uyğun milli-demokratik səciyyə daşımış, demək olar ki, islamçılıq və türkçülük ideyaları burada çox az yer tapmışdır. H.Baykaraya görə, buna səbəb Ə.Topçubaşının Ə.Ağaoğlu ilə müqayisədə islam­çılıq ideyasına son dərəcədə bağlı olmaması idi: «Ə.Topçubaşıda Ə.Ağa­yevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbay­can xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi» .

H.Baykaranın fikrinə görə, bu baxımdan Ə.Topçubaşı Ə.Ağaoğlu və Ə.Hüseynzadədən fərqli olaraq, islamçılıq və türkçülük kimi «utopik axınların heç birində iştirak etməmişdir. Dərin biliklə hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır. «Rusiya Müsəlmanları İttifaqı» türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürmüşdür». Fikrimizcə, burada H.Baykaranın qeyd etməsi ki, Ə.Top­çu­baş­ov ümumiyyətlə, islamçılıq və türkçülük axınlarında iştirak etməmişdir, doğru deyildir. Sadəcə, Topçubaşov Ağaoğlu və Hüseynzadə ilə müqayisədə daha çox realist mövqedən çıxış edərək, milli ideyanı mücərrəd və ümumi mahiyyət daşıyan nə «islam birliyi», nə də «Osmanlı türkçülüyü» olaraq qəbul etməmiş, onu daha çox Rusiyanın əsarəti altında olan türk xalqlarının azadlıq hərəkatında və bu hərəkatın əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində görmüşdür. Bu isə daha çox, liberal-demokratizmə əsaslanan milli baxış idi.

Yusif Akçuraya görə, 1905-1907-ci illərdən etibarən Quzey və Qafqaz türkləri arasında qəbiləvi fərqlər azalaraq milli birlik fikrinə dayalı ciddi bir «milli şüur» formalaşmağa başlamış və bu məsələdə ən mühüm rollardan birini Topçubaşı oynamışdır. O yazır: «1905-1907-ci il hərəkatları, zahirən Rusiya müsəlmanları birliyi adı altında yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada türkləri, məzhəb baxımından ikiyə, sünni və şiə qisimlərinə ayıran ixtilafın qaldırılmasına da bu zəmanə ciddi surətdə çalışılmışdır. Bütün Rusiya müsəlmanlarının III konqresində, qəbul olunan qərarlardan biri də bu idi: «Müxtəlif məzhəblər arasındakı fərqlər önəmli deyildir. Bu fərqlər Rusiya müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini baxımdan bir maneə törədə bilməz». Bu qərarı şiə məzhəbindən olan azərbaycanlı Əli Mərdan bəy Topçubaşoğlu təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər konqres isə bu təklifi «sünilik, şiəlik yoxdur, Yetsin ixtilaf!» sədaları ilə və dəqiqələrcə sürən alqışlarla, səs birliyi ilə qəbul etmişdir». Beləliklə, Akçuraoğlunun təbrincə desək, ruslaşdırmaya və farslaşdırmaya qarşı dayanmaq, məzhəb ayrılığına son qoyaraq düşmənlərinə fürsət verməmək və s. baxımından Ə.Topçubaşov Ə. Ə.Ağaoğlu, Ə.Hüseynzadə və başqaları kimi, Qafqaz türklüyündə birliyin yaranmasına çalışmışdır. Azərbaycan türkçülüyünün siyasi-ideoloji tarixini ilk dəfə qələmə alanlardan biri olan mühacir ziyalımız Mirzə Bala Məmmədzadə də hesab edir ki, milli liberallar dini-ruhani idarə birliyi, yəni «Rusiya Müsəlmanlarını İttifaqı» bayrağı altında millətçi bir proqramın tətbiqinə girişmişdi.

M.Ə.Rəsulzadə, H.Baykara, Y.Akçuraoğlu və M.B.Məmmədzadənin mülahizələri bir daha təsdiq edir ki, doğrudan da, Topçubaşı «İttifaq»ın timsalında Rusiya türklərinin milli-mədəni birliyinin yaranmasına inanmış və türk-müsəlman «ittifaqçı»ların bir araya gəlməsini də milli bayram kimi qəbul etmişdir. Bunu, Topçubaşovun «İttifaq»ın Nijni-Novqorodda Oka çayı üzərində keçirilən üçüncü qurultayının sonundakı çıxışı da göstərir: «Mən bu günü heç vaxt xatirəmdən çıxartmayacağam. Bu günün, bundan sonra Ümumrusiya müsəlmanları üçün milli bayram günü olacağı şübhəsizdir. Biz türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Günbatandan gündoğana qədər bizim babalarımızın mülki idi. Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında, Krım bağlarında, Kazanın çöllərində – ata və babalarımızın mülki olan öz vətənimizdə, öz torpağımızda, öz ehtiyaclarımız barədə danışmağa ixtiyarımız qalmadı. Şükürlər olsun Allaha ki, bu qədər çətinliklərə, zəhmətlərə baxmayaraq, bu gün sular üzərində ürəklərimizi açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb, hal-əhval tutmağa müvəffəq olduq».

Fikrimizcə, bütün bunlar bir daha təsdiq edir ki, Topçubaşov ümumi və utopik xarakter daşıyan türkçülüyü (türk birliyini) və islamçılığı (islam birliyini) idealaşdırmaqdansa, ilk növbədə konkret olaraq Rusiya ərazisində məhkum həyat yaşayan müsəlman türklərinin milli birliyini vacib saymışdır. O, bu zaman reallıqlardan çıxış edərək Rusiya türklərinin müəyyən mədəni və məhəlli muxtariyyət və başqa azadlıqlara sahib olmasına çalışmışdır. Bu baxımdan H.Baykara doğru qeyd edir ki, Ə.Topçubaşovun rəhbəri olduğu «Rusiya Müsəlmanları İttifaqı» partiyası əsarətdə yaşayan türklərin liberal-demokratik burjua hərəkatıdır.

Bizə elə gəlir ki, həmin dövrdə milli ideyaya yaxınlığı baxımından islamçılıq və marksizmlə müqyaisədə, türkçülük (Ə.Hüseynzadə və b.) və milli liberalizm (Ə.Topçubaşı və b.) ideyaları Azərbaycan türkçülüyü ideyasına-milil azərbaycançılıqa nisbətən daha yaxın olublar. Hər halda, türkçülərdən Ə.Hüseynzadə «Osmanlı türkçülüyü»nü (yəni ortaq türk ədəbi dilini, türk ədəbiyyatını, hətta Osmanlı Türkiyəsinin timsalında türk birliyini və s.) təbliğ etməsinə baxmayaraq, yeri gələndə Azərbaycan türkcəsini də öymüş, Azərbaycan türklərinin türk millətləri arasında özünəməxsus yer tutmasını bəyan etmişdir. Milli liberallardan Ə.Topçubaşı isə çar Rusiyasının əsarəti altında olan türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin milli-mədəni muxtariyyət, hüquq və azadlıqlar əldə etməsinə səy göstərmişdir. Şübhəsiz, bütün bunlar milli və müstəqil Azərbaycan ideyasına doğru gedən yolda mühüm addımlar idi. Məhz 1900-1910-cu illərdə atılan kövrək addımların nəticəsi idi ki, 1910-1920-ci illərdə, sözün həqiqi mənasında, Azərbaycanın istiqlalını hədəfləyən müstəqil milli ideya – Azərbaycan türkçülüyü (milil azərbaycançılıq) ideyası yarandı.

Azərbaycan türklərinin əksəriyyətini öz ətrafında birləşdirən Azərbaycan türkçülüyü ideyasının yaranmasında 1910-cu illərdə dünyada və Qafqazda baş verən mühüm hadisələr (Balkan müharibəsi, 1-ci dünya müharibəsi, 2-ci rus burjua inqilabı və s.) və bir sıra digər amillər (milli özünüdərk, inqilabi ideyaların güclənməsi, çar Rusiyasını əsarəti altında olan müxtəlif xalqların azadlıq hərəkatı və s.) mühüm rol oynamışdı. Məhz bu tarixi olayların və milli azadlıq hərəkatlarının təsiri altında Azərbaycandakı milli ruhlu islamçılar-türkçülər, liberallar və inqilabçılar vahid əqidə ətrafında birləşərək milli və müstəqil taktika yürütməyə başlamışlar. Bu dövrdəki hadisələrin gedişi isə ideya baxımdan milli liberalların və türkçülərin, taktika baxımından isə milli inqilabçıların (marksistlərin) düzgün yol tutduğunu təsdiq etmişdi. M.B.Məmmədzadə yazır: ««İttiifaqçılar»ın liberal millətçilik taktikası məğlubiyyətə uğramışdı. Hadisələr inqilabçı millətçilərə haqq verirdi. Türklər milli haqlarını, milli varlıqlarını savaşda qazana biləcəklərdi. İnqilabi taktikanı seçən millətçilər ideoloji baxımdan ittifaqçıların milli məsələdəki ideologiyasından fərqli bir ideologiya izləmirdilər. Onlar inanırdılar ki, çarizm yıxılmadıqca, türklər digər əsir millətlərlə birlikdə siyasi haqq və hürriyyətə malik olmadıqca bu proqramın tətbiqi qeyri-mümkündür» .

Ə.Topçubaşı hələ, ilk vaxtlardan romantik türk birliyinin deyil, ayrı-ayrı türk dövlətlərinin yaranmasının tərəfdarı olduğu üçün, bu dövrdən etibarən milli azərbaycançılıq ideyasını müdafiə etmiş və bunun nəticəsi olaraq 1918-ci ilin 28 mayında yaranmış Azərbaycan Cümhuriyyətinin parlament sədri seçilmişdi. Ancaq o, Azərbaycan Cümhuriyyətini dünya dövlətlərinə tanıtmağı bu vəzifəni icra etməkdən üstün tutaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, əvvəlcə Türkiyəyə və ordan da Fransaya getmişdi. «Hələ 1918-ci ilin sentyabrında Türkiyəyə-İstanbula gələn Əlimərdan bəy Topçubaşı Azərbaycanın mövcudluğu, əhalisinin sayı, tərkibi, hazırkı durumu, milli müstəqilliyini elan etməsi ilə bağlı memorandumu müxtəlif dövlətlərin buradakı nümayəndələrinə təqdim etmişdi». Ə.Topçubaşının başçılıq etdiyi nümayəndə heyəti bir müddət İstanbulda qaldıqdan sonra Versala yola düşmüşdü. Versal sülh konfransında başlıca olaraq Almaniya ilə sülh nizamlanması nəzərdə tutulsa da, əvvəldən böyük dövlətlərin liderləri «rus məsələsini» müzakirəyə başladılar. Ə.Topçubaşı yazır: «Elə buna görə də bütün ağırlığına baxmayaraq Antantanın münasibəti bizi haldan çıxarmırdı, qarşıya qoyduğumuz məqsədə – Azərbaycanın müstəqilliyinə çatmaq yolunda zəruri saydığımız, özümüzə borc bildiyimiz addımları atmaqdan çəkindirmirdi. Biz misilsiz nemət saydığımız bu böyük sərvətə – müstəqilliyə nail olmaq yolunda heç nədən çəkinməmişik və çəkinmirik. Mən əvvəllər də Sizə yazmışdım – indi elə bir yola gedirik ki, verəcəyimiz heç bir qurban bizi bu yoldan çəkindirməyəcəkdir». Topçubaşının istər Versaldan göndərdiyi məktublardan, istərsə də hələ İstanbulda ayrı-ayrı dövlətlərin nümayəndələri ilə keçirdiyi görüşlərdən aydın olur ki, Azərbaycan Cümhuriyyətinin müstəqil bir dövlət kimi tanıdılması üçün böyük işlər görmüşdür. Məhz Topçubaşının bu danılmaz əməyi sayəsində də Müttəfiq dövlətlərin Ali Şurasının 1920-ci ilin yanvarın 11-də keçirilən iclasında Azərbaycan de-fakto tanındı.

Göründüyü kimi, 1900-1910-cu illərdə Ə.Ağaoğlu «islam millətçiliyi» adı altında bütün müsəlman xalqlarının ən azı mənəvi-ideoloji birliyinə, Ə.Hüseynzadə islam-türk birliyinin vəhdəti şəklində «osmanlı türkçülüyü»nə üstünlük verdiyi halda, Ə.Topçubaşı isə eyni ideyalarla, ancaq daha çox liberal-demokratik dəyərlərlə bütün Rusiya müsəlmanlarının-türklərinin, o cümlədən müəyyən qədər də, Azərbaycan türkləri­nin birliyinə çalışmaqla, 1910-1920-ci illərdə meydana çıxan Azərbaycan türk­çü­lüyü ideyasının yaranmasında mühüm rol oynamışdır. Bu isə həmin dövrdə milli məsələyə daha gerçəkçi bir  baxış kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan türkləri arasında ilk dəfə milli-mədəni müxtariyyət ideyasını irəli sürən Topçubaşı bununla da azərbaycançılıq ideyasını müdafiə etmişdir.

 


06:29 14.12.2014
Xəbər lenti
Bütün xəbərlər