KANAL24.AZ
Az Iw En Ru

“Türkiyədə, biz azərbaycanlıyıq, deyəndə, “ora haradır”, deyə bir cavab alardıq”

Müsahibimiz Ankara-Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəyinin rəhbəri və Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının baş katibi Mehmet Qiyas Azəritürkdür.

Mehmet Qıyas Azəritürk azərbaycanlı  bir ailəyə mənsubdur. Ana tərəfindən gəncəli, ata tərəfindən isə Borçalıdan–Sarvandandır. 1927-ci ildə Stalinin əmriylə Sovet sərhədlərindən çıxarılmış  “Bayramlı (Ağalıq Bayramlı)” ailəsinin üzvü olaraq 1964-cü ildə Türkiyədə doğulub. Türkiyədə heyəti olan bir çox Azərbaycan təşkilatının qurulmasında təşkilatçı kimi görəvləndirilib. TBMM-də millət vəkili müşavirliyini edən Azəritürk, eyni zamanda politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssisdir.

-Mehmet bəy, əvvəlcə təşkilatınız haqqında məlumat verərdiniz. Hansı bölgələrdə dərnəkləriniz fəaliyyət göstərir?

-Bizim Təşkilatımız, yəni Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDF) Türkiyənin hər bölgəsində, müxtəlif şəhərlərdə əksəriyyəti Azərbaycan türkləri tərəfindən qurulmuş dərnəklərdən ibarət  bir federasiyadır. İğdır-Qars kimi Azərbaycan türklərinin sıx yaşadığı şəhərlərdən başlayaraq, İstanbul, Ankara, Yalova, Muğla, İzmir, Manisa, Aydın kimi Türkiyənin böyük şəhərlərində dərnəkləri olan və eyni zamanda alimlərdən ibarət bir “Beynəlxalq Azərbaycan Dil və Tarix Mədəniyyət Araşdırma Mərkəzi”nə sahibik. Federasiyanın mərkəzi Ankara şəhəridir. Biz ulu öndər Heydər Əliyevin diasporla bağlı verdiyi sərancamında yazan fikirləri əsas götürərək milli diaspora yaratmağın səyi ilə 2003-cü ildən bəri fəaliyyət göstəririk. Buna görə də Federasiyamızın əsl qurucusu Heydər Əliyevdir, deyirik. Fəaliyyətimizə görə fəxri  rəhbərimiz Yücel Artantaş Azərbaycan dövləti tərəfindən şöhrət ordeni ilə təltif edilib.

-Əsas hədəfləriniz nədən ibarətdir?

-Bizim hədəflərimizn bir bölməsi çox şükür gerçək oldu. Qeyd etdiyim kimi bizlər əslən azərbaycanlı ataların, babaların övladlarıyıq.
Bir çoxumuz uşaqkən məktəbdə və ya başqa yerlərdə cox suallarla qarşılaşırdıq. “Siz haralısınız” kimi... Biz azərbaycanlıyıq, dediyimizdə, ora haradır, deyə bir cavab alardıq. İzah etsək də, sonda deyirdilər ki, hə Rusiyadan gəlibsiniz... Bizi ən çox narahat edən bu sözlər idi. Halbuki bizim atalarımız Rusyanın yolunu, yerini belə bilmirdilər. Şükür, indi artıq bu sual verilmir. Bu bizim hədəfimiz idi, reallaşdı. Bəli, artıq biz Azərbaycanlıyıq. Hər kəs bunu belə bilir. Bu səbəbdən də bizim baş hədəfimiz 80 milyonluq Türkiyədə özümüzü ifadə etmək, Azərbaycan varlığını qəbul etdirmək olub ki, bunu bacardıq. İndi əsl hədəfimiz Azərbaycanın təcavüzə məruz qalmış, işğal edilmiş  torpaqlarının, qədim türk yurdu olduğunu cəmiyyətin hər səviyyəsinə analtmaqdır.  Türkiyədə erməni əhalisi çox azdır. Ancaq bilirik ki, diasporası çox güclüdür. Bunu müxtəlif vasitələr və şəxsən türklərdən ibarət qurumlar və ya QHT-lər vasitəsilə edirlər. Yəni zavallı bir xalq,   sürgün edilmiş, soyqırıma uğramış, zərər çəkmiş bir xalq psixologiyasını qəbul etdirmək istəyirlər.  Bu istiqamətdə də xeyli xeyli irəlilədilər. Burada təbii ki, əsas məqsəd sözdə erməni soyqırımını qəbul etdirməkdir. Amma gözdən qaçan əsl problem  1992-ci ildə baş verən Xocalı faciəsini unutdurmaqdır. Düşünmək lazımdır ki, 1915-ci ildə nələr baş verdi? Niyə ermənilər köçürüldü? 1992-ci ildə nə oldu? 1915-ci ildə də Osmanlıya qarşı bir erməni üsyanı vardı.   Türkiyənin şərqində rusların da yardımı ilə cinayətlər həyata keçirildi, hətta dövlət elan etdilər. Mövcud Türk dövləti də üsyanı yatıraraq bunları başqa yerə göndərdi. Bəs,  1992-ci ildə  nə oldu? Ermənilər onlara üsyan edən bir xalqamı divan tutdular? Əlbəttə ki, xeyr. Tam tərsinə, suveren bir dövlətin torpaqlarına daxil olaraq uşaqları, yaşlıları və qadınları qətl etdilər. Həm də dünyanın gözləri önündə. Məhz bizim ən real hədəfimiz bu gerçəkləri başda Türkiyə xalqı olmaqla, bütün dünyaya anlatmaqdır. Unutdurmamaqdır.  Digər mədəniyyət və siyasi məsələlər və hədəflər bundan sonra gəlir.   Olduğumuz hər yerdə və  qarşılaşdığımız hər insana bunu anladırıq və anlatmaqda davam edəcəyik.  Azərbaycanlı olmaqdan fəxr edən hən bir insanı da bu hədəfmizə gedən yolda yanımızda görmək istəyirik.

-Saxta erməni soyqırımı ilə bağlı həqiqətlər Türk xalqına hansı şəkildə çatdırılır?

-Saxta erməni soyqırımı məsələsi sadəcə Azərbaycanın problemi deyil.  Bu problemin əsl hədəfi Türkiyə dövləti və türk xalqıdır.   Bizlər həm Türkiyə dövlətinin vətəndaşı kimi, həm də böyük Türk millətinin övladı kimi hər yerdə bu iddiaları rədd edirik və etməyə davam edəcəyik.  Onlardan soruşuruq madam ki,  siz “soyqırıma uğradınız” və bu da pis bir işdir,  bəs o zaman nədən 1992-ci ildə soyqırım törətdiniz? Əvvəlcə bunu, dünyanın gözü qarşısında törədilən soyqırımı qəbul edin. Əgər qəbul etmək səlahiyyətiniz yoxdursa, o zaman lənətləyin, qınayın. Nəyin və hansı xəyalın arxasındasınız? 1918-ci ildə İrəvanda erməni əhalisi var idimi? Azərbaycan torpaqlarında bir dövlət qurdunuz. İndi bunu əvəzi ikincisinimi qurmaqdır?  Kimi yerləştirəcəksiniz? Əhaliniz yox, Ermənistan boşalıb. Siz bu torpaqlarda kimi yerləşdirəcəksiniz? Biz bir neçə dəfə erməni xalqına müraciət edtik. Dedik ki, bizm sizinlə bir problemimiz yoxdur. Bizim işimiz sizi Qafqazda bir çıxılmaz yola salan,  yoxsullaşdıran, əzən və düşmənçiliklə bəsləyən irqçi, daşnaq zehniyyəti ilədir. Bunlar 100 ildir sizi sümürür. Böyük Ermənistan xəyalı ilə sizi çıxmaz bir yola çəkir. Bu zehniyyət davam etdiyi müddətdə Qafqaza sülh gəlməyəcək.  Bundan da ən çox zərəri yoxsul erməni xalqı çəkəcəkdir.  24.04.2015-ci ildə beynəlxalq bir konfrans keçirəcəyik. Elm adamlarını dəvət edəcəyik.  Hətta sağlam düşüncəli vicdan sahibi erməni elm adamlarını da. İşğalı və vəhşiliyi analatacayıq.  Artıq bunların elmi ortamlarda, akademyalarda danışmalarını istəyirik.

-Türkiyədə yaşayan soydaşlarımızın daha yaxşı təşkilatlanması üçün hansı işlər həyata keçirilir?

-Heydər Əliyev ilk dəfə sərhədlər (Naxcıvan) açılandan sonra bir söz buyurdu ki,  “sel gələndə əvvəl çör-çöp, zil-zibil gətirər. Ondan sonra da mütləq təmiz, duru su gələcək. Biz indi duru suyun gəlməsini gözləyirik”.
İndi Türkiyədə Azərbaycana gedən-gələn, işləyən çox təşkilat var.  İlk əvvəlkilər indi yoxdur. Deməli, deyəsən çör-çöp bitir. Biz də təmiz suyu gözləyirik. Daha yaxşı təşkilatlanmaq üçün çör-çöpün təmizlənməsi lazımdır. İnşallah o zaman hər şey daha yaxşı olacaq. 

-Gələcək planlarınız nədən ibarətdir?

-Bizim gələcək planımız keçmişimizlə bağlıdır. Müstəqil, azad, işğaldan uzaq bir Azərbaycan görməkdir. Heydər Əliyevin sözünün həyat tapdığı, yəni hər kəsin, hər yerdə yaşayan azərbaycanlıların sənaye və iqtisadiyyatı, idmanı bütün cəhətləri ilə firavan olan “fəxr etdiyimiz” bir Azərbaycan. Bunun üçün çalışacayıq. Bizə düşən kiçik bir daşsa, onu qaldıracayıq. Qayadırsa, altına girəcəyik.
Unutmayaq ki, Azərbaycan 9 milyon olsa da, azərbaycanlılar 9 milyondan ibarət deyil.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 


23:33 10.12.2014
Xəbər lenti
Bütün xəbərlər