KANAL24.AZ
Az Iw En Ru

Mükəmməl görünmək təzyiqi qızları ruhdan salır - Girlguiding xeyriyyə qrupu

Girlguiding qadın xeyriyyə cəmiyyətinin məlumatına görə Birləşmiş Krallıqda qızlar özlərinə beş il bundan əvvəl olduğundan daha az güvənirlər.

2016-cı ildə aparılmış Girls' Attitudes Survey rəy sorğusunda iştirak etmiş 7-21 yaşları arasında olan 1627 qızın yalnız 61 faizi öz bədənlərindən razıdır. Halbuki bu rəqəm 2011-ci ildə 73 faiz idi.

Rəy sorğusunun müəllifləri deyirlər ki, hətta 7 yaşında qızlar da "mükəmməl görünmək cəhdinin intensiv və qarşısılalınmaz təzyiqi altındadırlar".

Girlguiding-in direktoru Becky Hewitt bu göstəriciləri narahatedici adlandırıb.

"Qızlar bizə deyirdilər ki, "bəsdir bizə vücudumuza görə qiymət verdiniz" - deyib Hewitt, - Biz hamını qızları olduqları kimi dəyərləndirməyə çağırırıq".

Hesabatda deyilir ki, vücudlarının görünüşü məsələsi qızları hər yerdə izləyir. İstər media və ya sosial media olsun, istərsə də adamların münasibəti.

 

Rəy sorğusunda 7-10 yaşları arasında olan 559 qız iştirak edib:

  • 36% deyib ki, onları ən əsas məsələnin zahiri görünüş olduğuna inandırıblar
  • 38% kifayət qədər yaraşıqlı olmadığını düşünür
  • 35% razılaşır ki, qadınlara bacarıqlarından daha çox vücudlarına görə qiymət verirlər
  • 23% hesab edir ki, mükəmməl görünmək lazımdır

Rəy sorğusunda 11-21 yaşlarında olan 1000 qız iştirak edib:

  • 80% hesab edir ki, onlar üçün ən mühüm şey zahiri görünüşləridir
  • 66% düşünür ki, kifayət qədər yaraşıqlı deyillər
  • 93% razılaşır ki, qadınları bacarıqlarından daha çox zahiri görünüşlərinə görə qiymətləndirirlər
  • 47% hesab edir ki, zahiri görünüşləri onlara əngəl olur
  • 61% mükəmməl görünməyə can atır

Qızlar araşdırmaçılara bildiriblər ki, vücud quruluşları nəinki onları müəyyən paltarları geyinməkdən, hətta idman etməkdən, sinifdə çıxış etməkdən və təmaslardan məhrum edir.

Girlguiding qadın xeyriyyə cəmiyyəti bildirir ki, qızları zahiri görünüşlərinə məhəl qoymadan yeni fəaliyyət növlərinə həvəsləndirmək lazımdır.

Yay oxu

Məktəb direktorunun narahatlığı

St Albans qızlar məktəbinin direktoru Jenny Brown deyir ki, surət məsələsi heç şübhəsiz qızların gündəliyində baş məsələdir.

Məktəb direktorlarının Stratford-upon-Avon şəhərində keçirilmiş konfransında xanım Brown bildirib ki, bu hal sosial mediadakı "diqqət partlayışı" ilə bağlıdır.

Xanım Brown deyib ki, sosial media yeniyetmə qızlar üçün güzgü rolunu oynayır.

Məktəblər və valideynlər qızları "özlərindən daha vacib məsələlərə, dünyada güzgü yox, pəncərə axtarmağa yönəltməlidirlər".

Təhsil Nazirliyinin sözçüsü deyir ki, "vücud gözəlliyi təşviş yaradan məsələ ola bilər və buna görə də biz məktəblərin bu məsələni şagirdlərlə müzakirə etməsini dəstəkləyirik. Biz istəyirik ki, onlar özlərinə və başqalarına hörmət bəsləsinlər".


03:00 06.10.2016
Xəbər lenti
Bütün xəbərlər