KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda 16 min ha yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil ediləcək

Azərbaycanda cari ildə 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil ediləcək.

Bunu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə iyulun 10-­d­a Azərbaycan Prezidenti İlham Əliyevin­ s­ədrliyi ilə Nazirlər Kabinetinin 2016­-cı­ ilin birinci yarısının sosial-iqtis­adi inkişafının yekunlarına və qarşıda d­uran­ vəzifələrə həsr olunan iclasında d­eyib.

ASC sədri qeyd edib ki, Dünya Bankının krediti ilə respublikanın 15 rayonunda 95 min hektara yaxın sahədə təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri tamamlanmış, cari ildə isə daha 10 min hektar sahədə bu işlər başa çatdırılacaq: “Eyni zamanda, respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri layihəyə uyğun davam etdiriləcəkdir. Ümumiyyətlə, 2016-cı ildə aparılacaq tədbirlər hesabına 65 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması təmin ediləcək, 16 min hektar yeni suvarılacaq torpaqlar əkin dövriyyəsinə daxil ediləcək.

Möhtərəm cənab Prezident, Sizin tapşırığınıza əsasən Səhmdar Cəmiyyəti az məhsuldar qış otlaq sahələri, örüş yerləri, dövlət ehtiyatı və bələdiyyə torpaqları hesabına suvarılan sahələrin artırılması məsələlərini araşdırmışdır. Kənd təsərrüfatı məhsullarının ekstensiv yollarla inkişafına nail olmaq məqsədi ilə su ehtiyatları nəzərə alınmaqla son illərdə inşa olunmuş su anbarları zonasında başlanılmış işləri, eləcə də yeni layihələr əsasında tikinti və kompleks meliorativ tədbirləri davam etdirməklə əlavə olaraq 280 min hektardan artıq yeni suvarılan torpaq sahəsini əkin dövriyyəsinə daxil etmək və 350 min hektar sahənin su təminatını yaxşılaşdırmaq olar. Eyni zamanda, Böyük Qafqazın dağ çaylarında tikintisi nəzərdə tutulmuş su anbarlarından əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsi mümkün olacaqdır. Bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv yollarla artırılması, sudan və torpaqdan daha səmərəli istifadə edilməsi məqsədilə sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, kollektor-drenaj şəbəkələrinin, nov kanalların və hidrotexniki qurğuların təmir-bərpa edilməsi, yeni mütərəqqi suvarma üsullarının tətbiqi üçün böyük həcmdə işlərin görülməsi tələb olunur”.

Ə.Əhmədzadə deyib ki, bütün bunlar respublikamızda ərzaq təhlükəsizliyini təmin etmək, ixracyönümlü məhsul istehsalını artırmaq, yeni iş yerləri yaratmaq, neftdən asılılığı azaltmaq üçün bu sahədə uzunmüddətli əsaslandırılmış proqramın qəbul edilməsini zəruri edir: “Möhtərəm cənab Prezident, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Siz kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin bizim üçün həmişə, bu gün də prioritet olduğunu bildirmiş, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə verilməsi, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılıq, taxılçılıq, tütünçülük, üzümçülük, baramaçılıq və heyvandarlığın inkişaf etdirilməsi üçün qarşımızda mühüm vəzifələr qoymusunuz. Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədilə Səhmdar Cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir”.

Onun sözlərinə görə, hazırda respublikanın su anbarlarında 17,2 milyard kubmetr su yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 825 milyon kubmetr çoxdur: “Təkcə onu qeyd etmək olar ki, yaxın illərdə istifadəyə verilmiş Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarında 400 milyon kubmetrə yaxın su toplanmışdır. Bu da əhalinin içməli su, əkin sahələrinin isə vaxtında və tələb olunan həcmdə suvarma suyu ilə təmin edilməsinə imkan yaratmışdır. Ümumilikdə, 2016-cı ildə 1376 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulmuşdur ki, hazırda bu sahələr orta hesabla 2 dəfə suvarılmış və suvarma işləri müvəffəqiyyətlə davam etdirilir.

Hörmətli cənab Prezident, Sizin son iki gün ərzində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan NATO-nun Zirvə toplantısında iştirakınız, keçirdiyiniz mühüm görüşlər, Azərbaycanın mənafeyinə xidmət edən, hərtərəfli ədalətə söykənən, beynəlxalq aləmdə yüksək qiymətləndirilən və hesablaşılan müstəqil siyasətinizi bir daha ortaya qoyan çıxışınız bütün Azərbaycan xalqı kimi, bizim Səhmdar Cəmiyyətinin kollektivini də sevindirir, respublikamızın işiqlı gələcəyinə inamımızı artırır və bizi daha yaxşı işləməyə ruhlandırır. Sizi əmin edirik ki, Səhmdar Cəmiyyətinin kollektivi qarşıya qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsi üçün bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edərək daha səylə çalışacaqdır”.


19:12 12.07.2016
Xəbər lenti
Bütün xəbərlər