KANAL24.AZ
Az Iw En Ru

Gəncədəki Nizami Gəncəvi Muzeyinə böyük ziyarətçi marağı var

Muzeylər bəşəriyyətin tarix boyu qurub-yaratdığı, icad etdiyi və gələcək nəsillərə ötürmək istədiyi maddi-mənəvi, mədəni dəyərlərin qorunub saxlandığı, mühafizə olunduğu xüsusi məkanlardır. Bu baxımdan Gəncə son illərdə yalnız sürətli sosial-iqtisadi və mədəni inkişafı ilə deyil, həm də tarixi irsin qorunduğu bir-birindən yaraşıqlı muzeylərin tikilib istifadəyə verildiyi şəhər kimi diqqəti cəlb edir. Hazırda Gəncədə ən çox maraq doğuran, keçmiş irsin, maddi dəyərlərin nümayiş olunduğu mədəni mərkəzlərdən biri də Nizami Gəncəvi Muzeyidir. Adından da bəlli olduğu kimi, muzeydə XII əsr Azərbaycan poeziyasının klassiki, böyük mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən əşyalar, eksponatlar nümayiş olunur.

Muzey binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra isə Prezident İlham Əliyevin Gəncəyə növbəti səfərində istifadəyə verilib. Orijinal layihə əsasında tikilən muzey binası zirzəmi və 3 mərtəbədən ibarətdir. Qısa müddət ərzində mərkəzdə olduqca dəyərli sənət nümunələri, əşyalar toplanıb.

Muzeyin önündə sol tərəfdə dahi şair Nizami Gəncəvinin büstü qoyulub. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin əks olunduğu guşə yaradılıb, şairin həyat və bədii yaradıcılığını əks etdirən monitor, həmçinin elektron məlumat köşkü quraşdırılıb.

Binanın ikinci mərtəbəsində isə geniş sərgi salonu yaradılıb. Elə muzeyə aid dəyərli eksponatlar da burada sərgilənir. Mərkəzlə tanışlıq sərgi salonunun yuxarı hissəsindən başlayır. Muzeyin qonaqlarını burada Nizami Gəncəvinin əzəmətli heykəli qarşılayır. Sərgi salonunun divar və sütunlarında dünya poeziyasının nəhənglərinin, dahi yazarların, mütəfəkkirlərin Azərbaycan şairi haqqında söylədikləri fikirlər əks olunub.

Muzeyin özəlliklərindən biri də Azərbaycanın Mərkəzi Bankı tərəfindən qızıldan hazırlanmış ayrı-ayrı vaxtlarda Nizami Gəncəvi mükafatına layiq görülmüş görkəmli ictimai-siyasi və dövlət xadimlərinin – Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçer, Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəl, ABŞ-ın sabiq prezidenti Bill Klinton, Latviyanın sabiq baş naziri Vaira Vike-Freyberqa, Niderlandın sabiq baş naziri Vim Kok, Oksford məktəbinin rəhbəri, Britaniya Kral Akademiyasının prezidenti Baronessa Süzan Qrenfeld, UNESCO-nun xüsusi elçisi Valter Füst, Misirin İsgəndəriyyə Kitabxanasının rəhbəri doktor İsmail Seragəldin və Dalay-Lama kimi görkəmli dövlət, elm və din xadimlərinin dahi mütəfəkkir haqqında söylədikləri dəyərli fikirlərinin öz əksini tapmasıdır.

Divarlarda XIII-XVII əsrlərə aid, Metropoliten, Bruklin muzeylərində, Yel Universitetində, həmçinin Misirin İsgəndəriyyə, Rusiyanın Saltıkov-Şedrin və Avstriyanın Milli Kitabxanalarında, Azərbaycan Əlyazmalar İnstitutda mühafizə olunan “Xəmsə” əlyazmaları və miniatürlərinin nüsxələri qorunur. Sərgi salonunda nümayiş olunan Azərbaycanın görkəmli heykəltəraş və rəssamlarının düzəltdikləri əl işləri – “Xəmsə” miniatürləri əsasında toxunan süjetli, ipək, pambıq, yun-ipək qarışıqlı bədii xalçalar, şairin əsərlərinin motivləri əsasında hazırlanan müxtəlif formalı çini qablar, eləcə də əsərlərin qəhrəmanlarına həsr olunan şərq motivli heykəlciklər və fiqurlar muzeyin qiymətli eksponatları sırasındadır. Muzeydə əsasən Azərbaycanın əməkdar və xalq rəssamları - Arif Hüseynov, Şərif Şərifov, Rafael Abbasov, Xaliq Əhmədov, Eldar Hacıyev, Rasim İsmayıloğlu, Xanlar Əhmədov, İsmayıl Məmmədov, Namiq Dadaşov və Firəngiz Hacıyevanın əl işlərindən ibarət müxtəlif materiallardan, fərqli texnika və üslublarda hazırlanan olduqca qiymətli, nəfis sənət nümunələri nümayiş olunur.

Sərgi zalında Nizami Gəncəvinin sələfləri və xələfləri adlı ayrıca guşə yaradılıb ki, burada da şairin özündən əvvəl və sonra Gəncədə yaşayıb-yaradan böyük şəxsiyyətlərin şəkli asılıb, haqqında məlumat verilib.

Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Burada dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir.

Muzeydə dahi şairin 870 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən çap olunan “Xəmsə” və monoqrafiyalar, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən ölkəyə gətirilən müxtəlif əsrlərə aid “Xəmsə” əlyazmaları və Qurani-Kərim nümunələri sərgilənir.

Əlbəttə bənzərsiz poetik irsi ilə özündən sonra böyük bir ədəbi məktəbin əsasını qoyan Nizami Gəncəvinin həyat və yaradıcılığına daim böyük maraq olub. Odur ki, hazırda dünyanın elə böyük muzey, arxiv və əlyazmaların saxlandığı mədəni mərkəz tapmaq olmaz ki, orada dahi şairin yaradıcılığından bəhs edən hər hansı əlyazma və yaxud əşya qorunub saxlanmasın. Lakin şairin doğma vətənində, xüsusilə də onun dəfn olunduğu türbənin önündə bu cür muzey mərkəzinin yaradılması qonaqlara həm böyük mütəfəkkirin məzarını ziyarət etməyə, həm də onun yaradıcılığının əks olunduğu muzeylə tanış olmağa imkan yaradır.

Muzey əməkdaşları bildirirlər ki, böyük mütəfəkkir Nizami Gəncəvi irsinə olan sonsuz maraq buraya həmişə ziyarətçi axını ilə müşayiət olunur. Qətiyyətlə demək olar ki, XII əsrdən dövrümüzə qədər Nizami Gəncəvinin bədii irsi, onun əsərlərində toxunduğu bəşəri estetik ideyalar, humanizm prinsipləri, yaratdığı ən kamil insan surətləri dünya ədəbiyyatsevərləri tərəfindən hansı məhəbbətlə sevilibsə, bu gün şairin vətəni Gəncədə adını daşıyan muzey mərkəzi də istər yerli, istərsə də xarici qonaqlar tərəfindən eyni məhəbbətlə sevilir, böyük maraqla ziyarət olunur.


05:22 07.07.2016
Xəbər lenti
Bütün xəbərlər