KANAL24.AZ
Az Iw En Ru

Dohada neft hasilatının “dondurulması” müzakirə edilir

Bu gün Qətərin paytaxtı Dohada neft istehsal edən ölkələrin nümayəndələri Rusiyanın hasilatı “dondurmaq” barədə təklifini müzakirə edirlər. Azərbaycanı görüşdə energetika naziri Natiq Əliyev təmsil edir.

N.Əliyev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan neft hasilatının dondurulmasına razıdır. Onun sözlərinə görə, Azərbaycan Dohada neft ixrac edən digər ölkələrlə razılaşmanı imzalamaq niyyətindədir. Energetika naziri deyib ki, razılaşma imzalandıqdan sonra neftin qiyməti 2016-ci ilin sonunadək 50 dollara çatacaq. Qiymət nə qədər yüksək olsa, o qədər yaxşıdır. Gələn il isə bizim üçün münasib səviyyə bir barel üçün 60 dollardı. Hasilatı dondurmaq istəyən ölkələrlə yanaşı, bu qərarı dəstəkləməyənlər də var.

Aprelin 17-də İranın Milli Neft Şirkətinin icraçı direktoru Rüknəddin Cavadi bildirib ki, bu ölkədə neft hasilatının gündəlik həcmi 3,5 milyon bareldir. Yaxın günlərdə isə İran neft satışının həcmini 2 milyon barelə çatdıracaq.

Neft istehsalçılarının Dohada hasilatın dondurulmasını müzakirə etdiyi bir vaxtda İranın Milli Neft Şirkətinin icraçı direktorunun bu cür bəyanatı təsadüfi xarakter daşımır. İran əvvəlcədən hasilatı dondurmayacağını bildirib və Doha görüşlərinə qatılmaqdan imtina edib. Yeri gəlmişkən, Avropanın ən iri neft istehsalçısı olan Norveç və Liviya Doha toplantısına qatılmayıb. Bununla yanaşı, Rusiya, İordaniya, Ekvador, Küveyt, Venesuela kimi neft istehsal edən ölkələr dünya bazarında neftin qiymətini yüksəltmək ümidi ilə Rusiyanın təklifini hələ Doha görüşündən əvvəl qəbul etdiklərini bildiriblər.

Dünyanın ən iri neft istehsalçısı olan Səudiyyə Ərəbistanı isə yalnız İranın hasilatı donduracağı təqdirdə Rusiyanın təklifinə razılıq verəcəyini bəyan edib. Yuxarıda qeyd etdiyimiz kimi, İran hasilatı dondurmaq fikrində deyil. Belə ziddiyyətli mövqelərin mövcudluğuna baxmayaraq, görüş davam edir. Tədbir çərçivəsində ikitərəfli görüşlər də keçiriləcək.

Doha görüşünün əsas məqsədi dünya bazarında neftin qiymətini optimallaşdırmaqdan ibarətdir. Mütəxəssislər qeyd edirlər ki, Dohada razılıq əldə edilsə, neftin qiyməti yüksələcək.

Hələlik müzakirələr davam edir.


03:08 18.04.2016
Xəbər lenti
Bütün xəbərlər