KANAL24.AZ
Az Iw En Ru

Britaniya Film Baharı Festivalı ən möhtəşəm və müasir Birləşmiş Krallıq filmlərini Bakıya gətirir

“British Council-Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə birlikdə aprelin 25-dən 30-dək İkinci Britaniya Film Baharı Festivalını keçirəcək.

“British Council-Azərbaycan” təşkilatından AZƏRTAC-a bildirilib ki, festival çərçivəsində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri nümayiş olunacaq.

Festival Kolm Toybinin eyniadlı romanına əsaslanaraq çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan Oskar nominasiyalı “Bruklin” tarixi dramının premyerası ilə açılacaq.

Festival çərçivəsində baş rolunu Meqqi Smitin ifa etdiyi “Furqondakı ledi”, Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş “45 il” filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun “Lobster”, həmçinin “Mister Homs”, “Mənə qulaq as, Marlon” kimi olduqca maraqlı və eyni zamanda çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.

Festival müddətində “British Council” tərəfindən təşkil olunan onlayn müsabiqələrin iştirakçılarına bir çox bilet və hədiyyələr təqdim ediləcək. Bu barədə ətraflı məlumatlar aprel ayı müddətində “British Council-Azərbaycan”ın “facebook” səhifəsində yerləşdiriləcək.

Bütün filmlər rus dilində alt yazılarla ingilis dilində nümayiş ediləcək. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.


00:03 09.04.2016
Xəbər lenti
Bütün xəbərlər