KANAL24.AZ
Az Iw En Ru

"Baku Guide" bələdçi kataloqunun aprel nömrəsi çapdan çıxıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqunun 2016-cı il aprel nömrəsi çapdan çıxıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Kanal24-ə bildiriblər ki, Azərbaycan, rus və ingilis dillərində hazırlanan nəşrin bu nömrəsində 25-27 aprel tarixlərində Bakının ev sahiblik edəcəyi BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ilə bağlı materiallara xüsusi yer ayrılıb. Kataloqda Qlobal Forum, onun əhəmiyyəti haqqında ətraflı informasiya, beynəlxalq tədbir günlərində paytaxtın teatr və konsert müəssislərində, muzeylərdə keçiriləcək tamaşa, konsert və sərgilərin ayrıca proqram və afişası təqdim olunur.

Bələdçi kataloqunda 7-9 aprel tarixində paytaxtımızda 15-ci dəfə təşkil olunacaq Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF 2016) haqqında da dolğun məlumat verilir.

“Azərbaycan dünya turizminin inkişaf etməkdə olan bir parçasıdır”. Bu fikri isə mart ayında Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin Bakıda keçirilən toplantısında iştirak etmiş Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bələdçi kataloquna müsahibəsində deyib. Onun dünya və Azərbaycanda turizmin inkişaf perspektivləri, risklər və imkanlar barədə mülahizələrini nəşrlə bölüşüb.

Novruz bayramı ərəfəsində Bakıya gəlmiş əcnəbi qonaqların təəssüratlarına da kataloqda yer verilib. Bundan əlavə, iyun ayında baş tutacaq “Formula 1” üzrə Avropa Qran-pri yarışmasının rəsmi elçisi, iki dəfə dünya çempionu Fernando Alonsonun “Bakı şəhər halqası” treki və şəhərimiz barədə fikirləri ilə tanış olmaq olar.

İlboyu sağlamlığının qeydinə qalmaq, istirahətlə sağlam həyat tərzini birləşdirmək istəyənlər “Azərbaycanda müalicə turizmi” yazısını oxuya bilərlər. “Azərbaycan mətbəxi” rubrikasında isə bu dəfə əcnəbi oxucular səbzi qovurmalı plovun hazırlanma qaydası ilə tanış olacaqlar.

Nəşrdə ənənəvi olaraq paytaxtın teatr və konsert müəssisələrinin, kino nümayişi mərkəzlərinin aprel ayı üçün olan afişası oxucuların ixtiyarına verilib. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Şəhər turuna çıxmaq istəyənlər, suvenir həvəskarları üçün “Bakını “City sightseeng”lə kəşf edin”, “Bakıdan xatirə” yazıları maraqlı olacaq. Həmçinin turizm agentləri, aviakassalar, hava yolları, şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda əksini tapıb.


09:38 05.04.2016
Xəbər lenti
Bütün xəbərlər