KANAL24.AZ
Az Iw En Ru

Gürcüstanın məşhur Ozurqeti Dövlət Teatrı Xalq Yazıçısı Elçinin “Şekspir” əsərini səhnələşdirib

Gürcüstanın Ozurqeti şəhərindəki Ozurqeti Dövlət Dram Teatrında Azərbaycanın Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Teatrın bədii rəhbəri Vasili Çikoqidze bildirib ki, Ozurqeti Dövlət Dram Teatrı 148-ci mövsümü Azərbaycan dramaturgiyasının parlaq nümunəsi ilə açır: “Bu, bizim xalqlarımız arasındakı dostluğun və qardaşlığın nümunəsidir”.

Daha sonra teatrın bədii rəhbərinin təklifi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, eləcə də aprelin 2-də şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vasili Çikoqidze bildirib ki, dost gürcü xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və zorakılığı, terroru pisləyir: “Biz Azərbaycan xalqının kədərini bölüşürük”.

Sonra tamaşa nümayiş olunub. Aktyorlar Temur Kvirkveliya, Liya Markiaşvili, Gennadi Nikolaşvili, Levan Savinadze, Şorena Kvetadze, İvano Çixaidze, Bela Kikvadze, Aleksandr Lomidze və başqalarının çıxışı alqışlarla qarşılanıb.

Azərbaycanın Batumidəki baş konsulluğunun məsul əməkdaşı Arzu Mikayılov aktyorlara gül çələngi təqdim edib, onlara uğurlar arzulayıb. O, Azərbaycan dramaturgiyasına müraciət etdiklərinə və gözəl tamaşa hazırladıqlarına görə teatrın kollektivinə minnətdarlıq edib.

Tamaşanın premyerasında Ozurqeti şəhər bələdiyyəsinin, icra hakimiyyətinin rəhbər işçiləri, deputatlar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Otar Kutaladzedi AZƏRTAC-a müsahibəsində deyib: “Müasir Azərbaycan dramaturgiyası öz zənginliyi və çalarlılığı ilə fərqlənir. Bu da bizdə maraq oyatdı və Xalq Yazıçısı Elçinin əsərlərinə müraciət etdik. Elçinin “Şekspir” əsəri daha maraqlı göründü və bu pyes əsasında yeni tamaşa hazırladıq. Düşünürəm ki, aktyorlarımız tamaşadakı rolları məharətlə ifa etdilər və biz pyesin məğzini teatr dilində tamaşaçılara çatdıra bildik”.


17:31 05.04.2016
Xəbər lenti
Bütün xəbərlər