KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Gürcüstan aşıqları bir arada

Azərbaycan Açıqları Birliyinin nümayəndə heyəti Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Gürcüstan Aşıqlar Birliyinin üzvləri ilə görüşüb.

“Region press” qəzetinin redaktoru Binnət Məmmədov tədbiri açdıqdan sonra Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, Xalq Şairi Zəlimxan Yaqubun əziz xatirəsi yad olunub.

Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, mövcud problemlərdən və onların həlli yollarından danışıb, təkliflərini səsləndirib.

Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Məhəmmədəli Məşədiyev dövlətimizin aşıq sənətinə qayğısından, bu sənətin inkişafı ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin nəzdində Gürcüstan Aşıqlar Birliyinin üzvlərinin də təmsil olunduğu bədii şura yaradılıb. Birliyin hazırladığı yeni layihələrdə Azərbaycanın və Gürcüstanın bölgələrində aşıq sənətinin inkişafı, təbliği, Borçalı aşıq məktəbinin fəaliyyətinin genişləndirilməsi, bu işə gənclərin cəlb olunması və s. məsələlər nəzərdə tutulub. Həmin layihələr AMM ilə birgə həyata keçiriləcək.

Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov çıxış edərək xalqımızın qədim və zəngin mədəni irsə sahib olduğunu vurğulayıb. Azərbaycan parlamentinin də bu layihələrə dəstək verəcəyi bildirilib.

AMM-in sədri Fazil Həsənov çıxışında qeyd edib ki, rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə Gürcüstanda aşıqların qurultayı, görkəmli saz və söz ustadlarının yubileyləri təşkil olunub, Aşıq Kamandarın ev muzeyi inşa olunub və büstü qoyulub. Ev muzeyi Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin siyahısına əlavə olunub.

Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəfova, AMM–in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva və başqaları çıxış edərək rəy və təkliflərini bildiriblər.


00:32 24.03.2016
Xəbər lenti
Bütün xəbərlər