KANAL24.AZ
Az Iw En Ru

“Yuğ” Teatrı “Teatr: təcrübədən nəzəriyyəyə” adlı layihəyə başlayıb

Martın 14-də Azərbaycan Dövlət “Yuğ” Teatrı “Teatr: təcrübədən nəzəriyyəyə” adlı yeni layihəyə start verib.

Kanal24.az xəbər verir ki, teatrın rejissoru Gümrah Ömər layihə barədə məlumat verib.

Bildirilib ki, uzunmüddətli silsilə tədbirləri nəzərdə tutan layihə milli teatr prosesində canlanma yaratmağa, teatrla cəmiyyət, teatr xadimləri, dramaturqlar, yazarlar, tələbələr arasında intensiv qarşılıqlı ünsiyyət yaratmağa yönəlib. Bəlli həqiqətdir ki, teatr prosesini hərəkətə gətirən, yaşadan ən vacib amil qarşılıqlı ünsiyyətdir. Bu ünsiyyət yalnız teatr-tamaşaçı müstəvisində deyil, həmçinin teatrsevərlərin, bu sahəyə hər hansı bir səmərə vermək potensialına malik insanların arasında qurulmalıdır.

O deyib: “Dünya təcrübəsi göstərir ki, buna nail olmaq üçün müxtəlif tipli teatr festivallarının, konfransların, seminarların və s. tədbirlərin təşkili xüsusi əhəmiyyət daşıyır. Gənc rejissor, aktyor, teatrşünas, dramaturq kadrlar məhz bu tipli tədbirlərdə aşkarlanır, yetişir və inkişaf edir. Odur ki, milli teatr prosesini canlandırmaq üçün Avropa teatr təcrübəsində sınaqdan keçmiş üsul və vasitələrin tətbiq edilməsi vacibdir”.

Layihə çərçivəsində Mehman Musabəylinin “Toy səyahəti” pyesinin teatrlaşdırılmış oxunuşu olub. Əsərə teatrın gənc rejissoru Mikayıl Mikayılov quruluş verib. Tamaşa dramaturqların, teatrşünasların, rejissor və aktyorların, ədəbi tənqidçilərin, jurnalistlərin və tələbələrin iştirakı ilə müzakirə olunub.

Sonra ingilis rejissor Metyu Qoldunun iştirakı ilə seminar keçirilib.


03:24 15.03.2016