KANAL24.AZ
Az Iw En Ru

Təhsil Problemləri İnstitutunda ilk peşə-ixtisas təhsili standartları müzakirə olunub

Martın 4-də Təhsil Problemləri İnstitutunda (TPİ) “Səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartları: məzmun və struktur məsələləri” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Təhsil Nazirliyinin, Dövlət Məşğulluq Xidmətinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, “KNAUF” şirkətinin, Həmkarlar İttifaqı Konfederasiyasının, QHT-lərin, peşə təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

TPİ-dən AZƏRTAC-a bildiriblər ki, institutun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartlarının XXI əsrin xüsusiyyətləri qarşısında rəqabət gücünə və tələb olunan kompetensiyalara malik kadrların formalaşdırılmasına xidmət etməsinin zəruriliyini vurğulayıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərindən biri məhz ilk peşə-ixtisas təhsilinin strateji məqsədi növbəti vəzifə kimi ölkə qarşısında duran sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsində fəal iştirak edən kadr hazırlığına nail olunmasıdır. Kadr hazırlığı prosesində həlli vacib olan başlıca məsələ səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartlarının düzgün reallaşdırılması və yüksək təlim nəticələrinin əldə edilməsidir.

Tədbirdə institutun şöbə müdiri Rəsul Əsgərov “Səriştələrə əsaslanan ilk peşə-ixtisas təhsili standartları: məzmun və struktur məsələləri” mövzusunda təqdimatla çıxış edib.


05:20 05.03.2016