KANAL24.AZ
Az Iw En Ru

Bakıda batut gimnastikası üzrə Dünya Kuboku olimpiadaya seçim üçün vacibdir

Batut gimnastikası üzrə Dünya Kuboku Rio-de-Janeyro olimpiadası üçün komandanın tərkibinin müəyyənləşdirilməsi baxımından çox vacibdir. Bunu Trend-ə turnirdə iştirak etmək üçün Bakıya gəlmiş Avstraliya yığmasının baş məşqçisi Bred Tomas Ostin deyib.

O bildirib: “Gimnastların yüksək səviyyədə çıxış edəcəyini gözləyirəm. Belə yarışlar idmançıların reytinqləri və olimpiadaya potensial seçim baxımından çox vacibdir. Atletlərimizin hamısı ölkəni layiqincə təmsil etməyə hazırdır. Hesab edirəm ki, medal qazanmaq əsas deyil – əsas olan layiqli və yüksək səviyyədə çıxış etməkdir. Bununla yanaşı, ümid edirəm ki, idmançılarımız mükafatçılar sırasına düşə biləcəklər. Əsas rəqiblər arasında həmişə yaxşı nəticə göstərən Rusiya komandasını göstərmək olar, eləcə də yaponiyalı idmançıları və Belarus komandasını qeyd etmək olar”.

B.Ostin vurğulayıb ki, şəhəri görmək və Azərbaycanla yaxından tanış olmaq çox maraqlı olardı: “İlk dəfədir Azərbaycandayam və bu ölkəyə gəlmək mənə çox maraqlı gəlirdi. Hesab edirəm ki, Azərbaycan Avstraliyadan fərqlənir”.

Qeyd edək ki, martın 5-6-da Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfədir təşkil olunur. Olimpiya ilinin batut gimnastikası üzrə ilk yarış mövsümünün açılışını edən kubokda Avropa ilə yanaşı, uzaq Şərq ölkəsi Yaponiya, Okeaniya ölkəsi Avstraliya, eləcə də Atlantik okeanının sahillərindən ABŞ-ı təmsil edən idmançılar iştirak edəcək.

Ümumilikdə, yarışlarda 17 ölkədən 78 gimnast fərdi və sinxron çıxış proqramında mübarizə aparacaq.

Batut gimnastikası üzrə Azərbaycan yığma komandasının lideri, ilk Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişuninlə yanaşı, ölkəmizi yarışlarda açıq ölkə çempionatının qızıl medalçısı Oleq Piunov, Dmitri Fedorovski və Ruslan Ağamirov, həmçinin zərif cinsin nümayəndələri - I Avropa Oyunlarının finalçısı Svetlana Makştarova və Sabina Zaytseva təmsil edəcək.

İlk günündə təsnifatı keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.

Yarış vaxtı izləyicilər də diqqətdən kənarda qalmayacaq. İdmançılara azarkeşlik edəcək tamaşaçılar yarışlar boyunca müxtəlif maraqlı müsabiqələrdə iştirak edərək, təşkilatçıların hazırladığı hədiyyələrə sahib olacaqlar.


04:42 02.03.2016
Xəbər lenti
Bütün xəbərlər