KANAL24.AZ
Az Iw En Ru

Həştərxandakı Heydər Əliyev adına məktəbin ən yaxşı müəllim və şagirdləri Bakıya səyahətlə mükafatlandırılıblar

Həştərxandakı Heydər Əliyev adına məktəbin fərqlənən şagird və müəllimləri mükafatlandırılıblar.                                                                                                                                                                   Rusiya KİV-lərinin yaydığı məlumata görə, Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə tədris rübünün yekunlarına görə bu təhsil ocağının müəllim və şagirdlərinin ənənəvi mükafatlandırılma mərasimi keçirilib. “Həştərxan şəhəri” bələdiyyə qurumu administrasiyasının başçısı Oleq Polumordvinov təntənəli mərasimin fəxri qonağı olub.

Məktəbin direktoru Tatyana Tixomirova deyib ki, məktəbin ən yaxşı şagird və müəllimlərinin həvəsləndirilməsi ənənəsinin əsası dörd il əvvəl qoyulub. Hər tədris rübünün yekunlarına görə mükafatlandırma olur. Hər dəfə 10 şagird və 5 müəllim mükafatlandırılır. Mükafat almaq üçün əlaçı və ya müxtəlif səviyyəli yarış və olimpiadalarının qalibi olmaq lazımdır. Bundan əlavə, ildə iki dəfə - yay və qış tətillərində fərqlənənlərə Azərbaycanın paytaxtı Bakıya səyahət etmək imkanı yaradılır.

Məktəbdə mövcud olan bu ənənəni yüksək qiymətləndirən Oleq Polumordvinov deyib: “Heç şübhəsiz, bu, yaxşı ideyadır. Nə yaxşı ki, Heydər Əliyev Fondundakı dostlarımızın ən yaxşı şagirdləri və onların müəllimlərini rüblərin yekunlarına görə mükafatlandırmaq imkanı var. Bu, daha yaxşı oxumaq üçün əlavə stimuldur”.


04:05 28.02.2016