KANAL24.AZ
Az Iw En Ru

Nizami Kino Mərkəzində Xocalı soyqırımına həsr olunmuş kino axşamı

Mədəniyyət və Turizm Nazirliyi Xocalı faciəsinin 24-cü ildönümü münasibətilə Nizami Kino Mərkəzində üç sənədli film təqdim edib. Filmlər Milli qəhrəmanlar Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunub.

Nazirlikdən Kanal24.az-a bildirilib ki, “Xocalının zamini”, “İlk komandir” və “Pəhləvan əsgər” sənədli filmlərinin təqdimatında iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu tədbirin faciə zamanı həlak olan şəhidlərimizə ehtiram olduğunu bildirib. Qeyd edib ki, “Yaddaş” və “Salnamə” sənədli studiyalarında son illərdə Milli qəhrəmanlara həsr edilən 40-dək film ekranlaşdırılıb. Vurğulanıb ki, bu filmlər gənclərimizin vətənpərvər ruhda tərbiyələnməsi, qəhrəmanlıq səhifələrimizin unudulmamasına bir töhfədir. Yeni yaradıcılıq baxımdan təqdim edilən bu filmlər qəhrəmanların həyat və fəaliyyətlərini əks etdirməklə, xalqımızın torpaqların qaytarılması üçün necə qəhrəmanlıqlar göstərdiyini sübut edir. Onların keçdiyi döyüş yolu və həmin dövrdə baş verənlər bu filmlərdə sənədli kadrlarla öz əksini tapıb.

Diqqətə çatdırılıb ki, Xocalı faciəsinin bütün dünyada əhatəli şəkildə tanıdılır və xalqımızın haqq səsi ucaldılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində dünyanın bir çox ölkələri Xocalı həqiqətləri barədə məlumatlar əldə edib və faciənin soyqırımı kimi tanınmasına nail olunub.

Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də xalqımızın qan yaddaşının bugünkü və gələcək nəsillərə çatdırılması, Xocalı faciəsi və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin məruz qaldığı hərbi təcavüz barədə həqiqətlərin daha qlobal miqyasda yayılması, təbliği üçün müxtəlif layihələr həyata keçirir.

Sonra filmin yaradıcı heyəti səhnəyə çıxıb. Rejissorlar Nizami Abbas, Zamin Məmmədov filmin ərsəyə gəlməsində dəstək olan təşkilatlara təşəkkürlərini bildiriblər. Təqdimatda iştirak edən Milli qəhrəmanların ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə, filmin ərsəyə gəlməsində təşəbbüs göstərən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra film nümayiş olunub. Qarabağ müharibəsi və Xocalı soyqırımından bəhs edən filmlərdə Milli qəhrəmanların keçdikləri döyüş yolu əks olunub. Sənədli filmlərdə çəkilişlərlə yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin foto-video və sənədli filmlər studiyasının arxivindəki materiallardan istifadə edilib.


03:28 28.02.2016
Xəbər lenti
Bütün xəbərlər