KANAL24.AZ
Az Iw En Ru

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsində 202 şagird iştirak edib

Təhsil nazirinin əmrinə əsasən, 2015-2016-cı tədris ilində VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilir. Müsabiqənin məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən Kanal24.az-a bildiriblər ki, 258 nömrəli tam orta məktəbdə və Məktəb Lisey Kompleksində “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib. Yazılı formada təşkil olunan müsabiqədə Bakının 116 məktəbindən 202 şagird iştirak edib.

Şagirdlərə oxuduqları sinif fərqi nəzərə alınmaqla, onların Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılmasına, oxuduqları bədii əsərlərin ictimai mahiyyətinin, insanların mənəvi tərbiyəsində rolunun, ədəbiyyat tarixində tutduğu real yerin hansı səviyyədə dərk olunmasına yönəlmiş, iki variant üzrə 12 açıq sual verilib.

Müsabiqənin yekun turu Bakıda təşkil olunacaq, şəhər mərhələsinin qalibləri final mərhələsində iştirak hüququ qazanacaqlar.


05:50 24.02.2016