KANAL24.AZ
Az Iw En Ru

Sloveniya qaçqın qəbulunda limit tətbiq edəcək

Sloveniya qonşu Avstriya nümunəsi əsasında ölkəyə qaçqın qəbuluna limit tətbiq edəcək. Sloveniyanın STA agentliyinin məlumata görə, bu qərarın verilməsi Avstriyanın eyni addımı atacağını elan etməsi ilə əlaqədardır. Sloveniya hökuməti Balkan regionundan Mərkəzi və Qərbi Avropa istiqamətində hərəkət edən marşrut üzərində yerləşən Xorvatiyanı da həmin qərar barədə məlumatlandırıb.

Avstriya hökuməti cari ildə maksimum 37500 qaçqın qəbul edəcəyini elan etdikdən sonra qaçqınların hərəkət marşrutu üzərində yerləşən ölkələrdə də limit tətbiqi məsələsi aktuallaşıb. Sloveniya Avstriyaya gündəlik qaçqın transferini min nəfərədək azaltmaq niyyətindədir.

Fevralın 18-də Avropa İttifaqının qaçqınlar və siyasi sığınacaq məsələlərinə həsr olunmuş Zirvə toplantısı öncəsi Mərkəzi Avropa ölkələri arasında qaçqın qəbulu ilə bağlı Almaniyanın yürütdüyü kursa qarşı müqavimət güclənməkdədir. Slovakiyanın Baş naziri Robert Fitso bazar günü verdiyi açıqlamada Almaniyanın qaçqınlarla bağlı öz “xoşgəldin” siyasəti ilə ciddi səhvə yol verdiyini və digər ölkələri bu siyasətə qoşulmağa məcbur etdiyini bildirib.

Fevralın 15-də Praqada Makedoniya və Bolqarıstanın iştirakı ilə “Vişeqrad ölkələri”nin (Çexiya, Slovakiya, Macarıstan və Polşa) toplantısı keçiriləcək. Kansler Angela Merkelin kursu ilə ziddiyyət təşkil edən ölkələri bir araya gətirən bu toplantı Avropa İttifaqı daxilində qaçqın qəbulu mövzusunda mövqeləri daha da gərginləşdirə bilər.


23:44 15.02.2016