KANAL24.AZ
Az Iw En Ru

Akademik Zərifə xanım Əliyeva tibb elminin inkişafına böyük töhfələr verib

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprel ayının 28-də
anadan olub. Zərifə xanımın  keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o
cümlədən Azərbaycan qadını  üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva
özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Onun
ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik
Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə
yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır.
Zərifə xanım Əliyeva həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevlə
çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək
çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli
övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. O, Azərbaycan
Prezidenti İlham Əliyev kimi dahi şəxsiyyəti dünyaya gətirən, tərbiyə edən, layiqli vətəndaş
kimi yetişdirən anadır. Eyni zamanda, Zərifə xanım Azərbaycan tibb elminin inkişafına misilsiz
töhfələr verib. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya
elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksəkixtisaslı kadrlar
yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental
əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb.
Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat
laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Gözün
zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və
öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət
Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun
ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə fəaliyyət
göstərən bu laboratoriya təkcə kondisionerlər zavodunun deyil, həmçinin həmin vaxtlarda
paytaxtımızın sənaye mərkəzi sayılan Nərimanov rayonunda yerləşən digər zavod və
fabriklərin əməkçilərinin xidmətində idi. Zərifə xanım və onun rəhbərlik etdiyi kollektiv yüzlərlə
əməkçinin gözlərini müalicə edib və onların gözlərinə sözün əsi mənasında nuru qaytarıb.
Zavodda çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb
olunurdu. Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi
ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Bu
baxımdan hamı onu qadınların hamisi adlandırırdı. Zərifə xanımı tanıyanların, onun haqqında
xatirələrini söyləyənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi.
Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12
səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini
dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji
fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir
obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir
kamillik mücəssəməsidir.  Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti
görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının
tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün
də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və
yaradıcılığı hər zaman dərin hörmətlə yad olunur.
Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-də həkim-anestezioloq


14:24 15.04.2024
Xəbər lenti
Bütün xəbərlər