KANAL24.AZ
Az Iw En Ru

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfərə
gəlib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşləri olub.
Prezidentlər görüşlərdən sonra mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Görüş çərçivəsində Azərbaycanla Konqo arasında imzalanan Əməkdaşlıq haqqında
Bəyannamə iki ölkə münasibətlərinin gələcək inkişafında təməl rolunu oynayacaq. Məhz
bugünkü səfər və keçirilən görüşlər gələcəkdə Azərbaycanın Afrika ölkələri ilə
münasibətlərini intensivləşdirəcək. Təbii ki, xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı
olduqca vacibdir.
Prezident İlham Əliyev çıxışlarında bu fikirləri də böyük inamla qeyd edir ki,
Azərbaycan xarici siyasətlə bağlı nümunəvi ölkə sayıla bilər. Ona görə ki, Azərbaycan
dünyada sülhə, sabitliyə xüsusi töhfə verir. Ölkəmizdə keçirilən humanitar forumlar,
konfranslar, yüksək səviyyəli iclasların gündəliyində dünyada sülh prosesinin irəli
aparılması, ədalətin bərqərar olunması dayanır. Bir müddət əvvəl ölkəmizdə təsis olunmuş
Bakı Təşəbbüs Qrupunun əsas məqsədi də məhz bu gün dünyada baş verən yeni
müstəmləkəçilik meyillərinə qarşı mübarizə aparmaqdır.
Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə
mətbuata bəyanatında söyləyib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq
əlaqələri yaradılacaqdır”.
Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əlaqələri yüksək səviyyədədir. BMT-
də və Qoşulmama Hərəkatında əlaqələrin uğurlu inkişafı səfər çərçivəsində atılan
addımlarda özünün aydın ifadəsini tapdı. Belə ki, cənab İlham Əliyev qeyd etdi ki,
Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan
Konqonun dəstəyini hər zaman hiss etmişdir. Təşəbbüslərimizə Konqo hər zaman öz
dəstəyini vermiş və bunun nəticəsində quruma sədrliyimiz dövründə Qoşulmama
Hərəkatının institusional inkişafı da təmin edilmişdir.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox
ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq
etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
Bütün bunlar Azərbaycanın xarici siyasət uğurlarının davamıdır. Ölkəmizin yaratdığı
yeni reallıqlar regionda və dünyada yeniliklərə yol açır, dünyanın xarici siyasətinin
gündəliyinin Azərbaycanda müzakirəsini şərtləndirir.
Jalə Sadıqova,
Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi


09:54 08.04.2024
Xəbər lenti
Bütün xəbərlər