KANAL24.AZ
Az Iw En Ru

NATO ilə aparılan dialoq uğurla davam edir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var və bu
tərəfdaşlıq bu gün də uğurla davam edir. Beləki, Prezident İlham Əliyevin dəvəti əsasında
NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə
bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni
mərhələyə qədəm qoyub.
2020-ci ildə Vətən müharibəsi və ötən ilin sentyabrında antiterror tədbirləri ilə
Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyinin timsalında beynəlxalq hüququn aliliyini
təmin etməklə qlobal tərəfdaşlarla müzakirələrin gündəliyindən bu mövzunu çıxardı.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, NATO-Azərbaycan müzakirələrinin mövzuları
sırasında artıq bu məsələ yer almır.
Bəyanata dövlət başçımız bildirib ki, “Mənim Brüsselə sonuncu səfərim zamanı
mətbuat konfransında bu məsələyə toxundum və qeyd etdim ki, Azərbaycan belə bir
təşəbbüs irəli sürüb və biz Ermənistanın cavabını gözləyirik. Sülh danışıqlarına başlamağın
bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin
layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutub. Xarici işlər
nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş
görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd
etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq”.
Xüsusən bu reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd
davranışları fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri əslində
əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin
yaratdığı reallıqları qəbul etdiyini göstərir.
Yens Stoltenberqin ölkəmizə səfəri çərçivəsində diqqət çəkən daha bir məqam,
NATO ilə təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişlənərək enerji təhlükəsizliyini
də əhatələməyə başlamasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan 8
ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş
ölkəsidir”. Dövlətimizin başçısı haqlı olaraq bu situasiyanı “həm böyük üstünlük, həm də
böyük məsuliyyət” kimi dəyərlənirsə də, özlüyündə cari reallıq həm də o deməkdir ki,
Azərbaycan Alyans coğrafiyasının təhlükəsizliyində rolunu artırmaqdadır.
Bəyanatda Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə əlaqədar məsələ də yer
alıb: “Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilmişdir. Bu, bizim yaşıl
keçidlə bağlı səylərimizin tanınmasının göstəricisidir. Zəngin təbii ehtiyatlara, qazıntı
yanacağına malik ölkə olaraq biz tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə
sərmayə yatırırıq. Mən cənab Baş katibi bu ilin noyabrında vəzifəsindən asılı
olmayaraq, ölkəmizə səfərə gəlməyə dəvət etdim ki, o, bu mühüm tədbirdə bizimlə birlikdə
olsun.”
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri


22:09 18.03.2024
Xəbər lenti
Bütün xəbərlər