KANAL24.AZ
Az Iw En Ru

İki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafıni sürətləndirən səfər

Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu vəzifəyə təyinatından sonra ilk
səfərini Azərbaycana edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə
ölkəmizdə rəsmi səfərə gələn Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın dövlət
başçısı ilə təkbətək və geniş tərkibli görüşləri olub.Görüşlərin yekununda Prezident İlham
Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi
kökləri vardır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində
yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub. İki dövlət
arasında bir çox sahələr üzrə əməkdaçlıq günü-gündən artmaqdadır.
Prezident İlham Əliyev görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və
Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. “Bizim dostluğumuz,
qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban
qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər
qurulmuşdur” – deyə Azərbaycan Prezidenti bildirib.
Nəqliyyat, enerji layihələri üzrə birgə həyata keçirilən infrastruktur layihələri çox böyük
əhəmiyyət daşıyır və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə
nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün
əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq
genişləndirilmiş formada fəaliyyətə başlaması çox böyük nailiyyətlərdən biridir. Artıq bir-iki
aydan sonra bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq
və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.
Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost
ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-
Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki,
nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün
əvəzolunmaz imkanlar açacaq.
Bu gün Azərbaycan qazı Gürcüstan və Türkiyədən başqa, 6 Avropa ölkəsinə –
Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya ixrac olunur.
Mavi yanacaq Avropaya Türkiyənin ərazisindən keçərək, TANAP-la nəql edilərək çatdırılır və
bu vəzifə yüksək səviyyədə yerinə yetirilir.
Gürcüstan və Azərbaycanın birgə səyləri ilə iqtisadi müstəqilliyi təmin etməklə yanaşı,
həm də bölgə və bütövlükdə Avrasiya qitəsi üçün çox mühüm dövlətə çevriliblər, Gürcüstan
və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadırlar.
Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından
biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət
dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları
Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda
Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən
sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, “Biz bütün dövrlərdə bir-birimizin
suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar
vermişdik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişdik.
Bundan sonra da bu dəstək davam edəcək”.
Beləliklə də, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri iki dövlət
arasında dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafına kömək olacaqdır.
Güllü Nəsirova,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr


22:07 18.03.2024
Xəbər lenti
Bütün xəbərlər