KANAL24.AZ
Az Iw En Ru

Tanınmış baletmeyster Mədinə Əliyeva Belarus Teatrına dəvət alıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Belarus Milli Akademik Böyük Opera və Balet Teatrı və Belarus Dövlət Musiqili Teatrı ilə əməkdaşlıq əlaqələri davam edir.

 

Teatrın mətbuat xidmətindən Kanal24.az-a bildirilib ki, bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Belarus Musiqili Teatrından növbəti dəvət məktubu daxil olub. Belə ki, teatrın quruluşçu baletmeysteri Xalq Artisti Mədinə Əliyeva fevralın ilk günlərində həmin teatrın səhnəsində Q.Şaydulovanın “Kleopatra” baletinin quruluşunu həyata keçirmək üçün Minskə dəvət olunub. Dəfələrlə xarici teatrlara dəvət alan aktrisa 2010-cu ildə Belarus Musiqili Teatrında səhnəyə qoyulan Ü.Hacıbəylinin “Arşın mal alan” tamaşasında rəqslərə quruluş verib. O, həm də 2013-cü ildə həmin teatrda F.Əmirovun “Min bir gecə” baletinə quruluş verib.

Qeyd edək ki, azərbaycanlı xoreoqrafın istedad və bacarığını yüksək qiymətləndirən Belarus Musiqili Teatrının rəhbərliyi onu yenidən əməkdaşlığa dəvət edib. Bu əlaqələr çərçivəsində vaxtaşırı belaruslu sənətçilər Bakıda, azərbaycanlı sənətçilər isə Minskdə qastrol səfərlərində olur, rejissor və baletmeysterlər yeni tamaşaların quruluşunu həyata keçirir, ustad dərsləri təşkil edir.


19:16 26.01.2016