KANAL24.AZ
Az Iw En Ru

“SCOPUS Mükafatı Azərbaycan-2016” təqdim olunub

Yanvarın 25-də dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Elsevier” əməkdaşlıq etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu ilə birlikdə ilk dəfə olaraq “SCOPUS Mükafatların”ı təqdim etmək məqsədilə tədbir və qala gecə keçirib.

Milli Məclisin deputatlarının, elmi ictimaiyyətin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev təqdimatların əhəmiyyətindən danışıb, ölkəmizdə elmin inkişafına dövlət tərəfindən göstərilən qayğını xüsusilə vurğulayıb.

Bildirib ki, “SCOPUS Mükafatı Azərbaycan-2016” “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi tədqiqatçıların və təşkilatların səylərini dəstəkləmək üçün təşkil edilib. “SCOPUS Mükafatı Azərbaycan-2016” ölkəmizdə aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, nüfuzlu nəşrlərdə məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları, həmçinin eksklüziv akademik jurnalları önə çəkmək, Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək məqsədini daşıyır.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Elsevier” nəşriyyatının daxil olduğu “RELX” qlobal şirkətlər qrupunun korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Chi, təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev təqdimatların əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, bu təqdimatlar Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəməklə qəti addımlar atdığını bir daha təsdiqləyir. Həmçinin Milli Məclis də bu işi dəstəkləyir. Milli Məclisdə elm haqqında yeni qanun qəbul ediləcək. Bu qanunun qəbulundan sonra müvafiq istiqamətdə atılacaq addımların hüququ bazası da geniş olacaq.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətinin təqdirəlayiq olduğunu bildiriblər.

Məlumat verilib ki, “Elsevier” aralarında “ScienceDirect”, “SCOPUS”, “Elsevier Research İntelligence” və “Clinical Key”in olduğu veb-bazalı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33000-dən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir. “Elsevier” “RELX Group” şirkətlərindən biridir. “RELX” elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən və dünya liderlərindən olan informasiya həlləri təminatçısıdır.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat qurumuna, həmçinin 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarları, həmçinin SCOPUS və SciVal bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub.


01:32 26.01.2016