KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan ilə Türkiyə arasında əlaqələr ən yüksək səviyyədədir

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri
mövcud olub. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması
Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli
Lider Heydər Əliyevin söylədiyi kimi, “Bir millət, iki dövlət”dir. Hər iki xalq istər xoş günlərdə, istərsə
də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüblər. Dövlətlərimiz və
xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. Bu gün  iki dövlət
arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanmaqdadır.
Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Türkiyə -
Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması hər iki ölkənin inkişafına, tərəqqisinə, həmçinin
regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verdiyi kimi, türk dünyasının
birləşməsində həlledici rol oynayır. Danılmaz faktdır ki, türk dünyasının birliyinin əsasını  Türkiyə və
Azərbaycan təşkil edir.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəlli
olduğu kimi. Vətən müharibəsi zamanı hər kəs buna bir daha şahid oldu. Vətən müharibəmizin qürur
dolu tarixinin ilk anlarından qardaş Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verdi. 44 gün
müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu
və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Xüsusən, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə
Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu
bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol
oynadı.
Şanlı Qələbənin şərəfinə 2020-ci ilin dekabr ayının10-da Azərbaycan Prezidenti İlham Əliyevin
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının ən böyük meydanı olan “Azadlıq
meydanı”nda möhtəşəm Zəfər Paradı keçirildi. Təntənəli hərbi parad 44 günlük şanlı Vətən
müharibəsində qazanılan Qələbə sevincinin və qürurunun parlaq göstəricisi olmaqla yanaşı, Azərbaycan
Ordusunun hərbi qüdrətinin bütün dünyaya növbəti nümayişi oldu. Zəfər paradında hər iki ölkənin
Prezidenti bir daha bu münasibətlərin bundan sonra daha sıx, daha şaxəli olacağının mesajını verdi. O
şərəfli günlərdə hər iki ölkə şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin
həqiqətini dünyaya nümayiş etdirdilər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə
inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına
mühüm töhfələr verir.
“Dəmir Yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində
rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə
müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı,
xalqımızın Qələbə əzminin də əyani təsdiqidir. Bu şanlı Qələbəni siyasi-diplomatik və iqtisadi
müstəvidə də uğurla davam etdirən Azərbaycan regionda əməkdaşlıq və rifah üçün yeni reallıqlar
yaratması qarşıda hələ çox zəfərlərin olacağını deməyə əsas verir. Yaşasın, müstəqil Azərbaycan
Respublikası! Yaşasın, müzəffər Azərbaycan Ordusu! Yaşasın, sarsılmaz və əbədi Azərbaycan-Türkiyə
qardaşlığı!
Varis Rüstəmov, 
YAP Sabirabad rayon təşkilatının sədri


17:24 10.12.2022