KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi

30 ilə yaxın bir müddət ərzində erməni şovinistlərinin "keçilməz Ohanyan səddi" və
"məğlubedilməz erməni ordusu" mifləri cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi qüdrətli Azərbaycan ordusu tərəfindən darmadağın edildi. Bununla da ermənilərin
mistik "yenilməz ordu" xülyaları süquta uğradı.
Beləliklə, Müzəffər Ali Baş Komandanımızın sərkərdəlik təcrübəsi və şanlı Azərbaycan
Ordusunun şücaəti, qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən Müharibəsi
zamanı doğma torpaqlarımız işğaldan azad edildi və tarixi ədalət bərpa olundu.
Qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz liderinin - müzəffər
Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini,
mübarizliyini nümayiş etdirdi.
Eyni zamanda qeyd etmək lazımdır ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad
olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar
və qürur mənbəyinə çevrildi.
Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin
nümayişi oldu. 10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında ölkə
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı deyib:"Bu zəfər tarixi zəfərdir.
Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş
Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz
daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında
addımlar atdıq, bütün gücümüzü səfərbər edərək, bir dəmir yumruq yaradıb düşmənin başını əzdik.
Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü
təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman
xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi,
Ermənistanı məğlub etdi".
44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir
azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini
tapacaq. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə
əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı.
Vətən Müharibəsindəki şanlı Zəfərimizdən sonra regionda yeni geosiyasi vəziyyət yaranıb, bu proseslər
Azərbaycanın xeyrinə davam edir. Çünki bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq
aləmdə, həm də regionda böyük nüfuza sahib olan bir dövlətdir. Tam əminliklə deyə bilərik ki, ölkə
Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni-yeni
uğurlara, yeni-yeni qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli
maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur.
Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz
sahibi olan bir dövlətə çevrilmişdir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


13:22 10.12.2022