KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Vəkilliyinin beynəlxalq institutlar tərəfindən tanınması, ciddi tərəfdaş kimi qəbul edilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsinin təminatıdır.

Məmnuniyyətlə qeyd edirəm ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında səsləndirdiyi “..ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır” cümləsi artıq vəkilliyin devizinə çevrilib.

Azərbaycan vəkilliyinin dinamik inkişafı dövrü adlandırılan son illər ərzində, hörmətli sədrimiz Anar Bağırovun rəhbərliyi ilə Azərbaycan vəkilliyi həqiqətən tarixi uğurlara imza atıb. Vəkillik institutunun vətəndaşların keyfiyyətli hüquqi yardım almaq kimi konstitusiya hüquqlarının reallaşmasında və vətəndaş cəmiyyətinin inkişafında əvəzedilməz rolu və mühüm əhəmiyyəti danılmazdır. Bu gün vəkilliyin əsas məqsədi ehtiyacı olan vətəndaşlara ixtisaslı hüquqi yardım göstərməkdir. Məlumdur ki, vətəndaş cəmiyyəti hüquqi dövlətin yaradılmasının ilkin şərtlərindən biridir ki, onu inkişaf etmiş vəkillik institutu olmadan təsəvvür etmək mümkün deyil. Vəkillərin peşəkar birliyi olan Vəkillər Kollegiyası tərəfindən həyata keçirilən islahatlar, görülən işlər məhz vəkillik institutunun gücləndirilməsi ilə insan hüquqlarının müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi mütərəqqi islahatların reallaşdırılmasına töhfə verməkdədir. Ölkəmizdə vəkilliyə olan etimadın gücləndirilməsi, vəkilliyin nüfuzunun artırılması, bununla da vətəndaş hüquqlarının effektiv və səmərəli müdafiəsinin təmin olunması mübahisəsizdir. Təbii ki, bu proses ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olmaqla bütövlükdə insan hüquq və azadlıqlarının təmin olunmasına yönəlib.

AR Vəkillər Kollegiyasının sədri, cənab Anar Bağırov beynəlxalq qurumlarla əməkdaşlığı hər zaman prioritet hesab edib və şəxsən özünün bilavasitə gərgin, məqsədyönlü əməyi nəticəsində ciddi uğurlar əldə edilib. BMT-nin ixtisaslaşmış qurumları olan Beynəlxalq Miqrasiya Təşkilatı, İnsan hüquqları, habelə Uşaq hüquqları üzrə komissarlıqları, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), habelə Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı və Beynəlxalq Qırmızı Xaç Təşkilatı ilə əməkdaşlıq münasibətləri möhkəmləndirilib. Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Hüquqşünasların Beynəlxalq Assosiasiyasına (UIA) və Asiya və Sakit Okeanı hövzəsi ölkələrinin hüquq cəmiyyətlərinin birliyinə (LAWASIA) üzv seçilib.  Azərbaycan Vəkillər Kollegiyası Çin, Polşa, Rusiya, Türkiyə, Avstriya, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Almaniya və digər ölkələrin peşəkar vəkil birlikləri, Vəkillər Kollegiyası Hüquqşünaslarının Beynəlxalq Assosiasiyasının (UIA), Asiya və Sakit Okeanı Ölkələrinin Hüquq Assosiasiyasının (LAWASIA) və digər beynəlxalq vəkil təşkilatları ilə sıx əməkdaşlıq edir, beynəlxalq tədbirlərdə milli vəkilliyimizi layiqincə təmsil edir.

Azrbaycan vəkilliyinin ən böyük uğurlarından biri də şübhəsiz ki, bu il mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının həmin təşkilata üzv qəbul edilməsi hadisəsi omuşdur. CCBE-yə üzvlük vəkillərimizə avropalı vəkillər, vəkillər kollegiyaları, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq, peşə vərdişlərində keyfiyyətin artırılması və Avropa ölkələrində təcrübə keçmək üçün əlbəttə geniş imkanlar yaradacaqdır. Vəkillər Kollegiyasının CCBE-yə üzvlüyə qəbul olunması beynəlxalq əlaqələrin qurulmasında böyük əhəmiyyətə malikdir. Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurası (CCBE) 32 Avropa ölkəsini və daha on bir assosiativ üzv və müşahidəçini bir araya gətirən assosiasiyadır. CCBE bir milyona yaxın avropalı hüquqşünası, əsasən Aİ institutlarında, həm də digər beynəlxalq təşkilatlarda təmsil edir. Bu mötəbər, beynəlxalq quruma üzvlüyümüz dörd illik gərgin əməyin və danışıqların bəhrəsi olmaqla, əlbəttə ki, Azərbaycan vəkilliyinin inkişafına əvəzolunmaz töhfədir. Məhz 2017-ci ilin sonundan başlayaraq vəkillik təsisatında həyata keçirilən uğurlu islahatların nəticəsi olaraq Vəkillər Kollegiyası CCBE-yə üzvlüyü qazanmışdır. CCBE-də üzvlük Azərbaycan Vəkillər Kollegiyasının gələcək inkişafını, Avropa vəkil ailəsinə inteqrasiyasını təmin etməklə yanaşı, həmin təsisatın müzakirələrində yaxından iştirak etməsini, faydalı birgə layihələrin həyata keçirilməsini, insan hüquqlarının müdafiəsinə yönəlmiş beynəlxalq müdafiə mexanizmlərinə çatımlılığının təmin edilməsini, vəkillik peşəsinin dəyərlərininin qorunmasını və nəticə etibarı ilə insan hüquqlarının müdafiəsini təmin edəcəkdir. CCBE təşkilatının fəaliyyətinin əsas məqsədini vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərlərin müdafiəsi təşkil edir. CCBE üzv dövlətlərdə məhkəmə sisteminin müstəqilliyi, vəkillərin azad və ləyaqətli fəaliyyəti, vəkillərin və stajor vəkillərin, hüquqşünasların hazırlanması, məhkəmə sisteminin müstəqilliyi və məhkəmə sisteminin ən mühüm sütunu olan müdafiə hüququna dair təminatların həyata keçirilməsi ilə bağlı Avropa İttifaqı Komissiyası ilə sıx əməkdaşlıq edən bir təşkilatdır. Məhz bu səbəbdən də, CCBE Avropa İttifaqında böyük nüfuza malikdir. AR Vəkillər Kollegiyasının CCBE kimi nüfuzlu beynəlxalq quruma üzvlüyə qəbul olunmasını həm də ciddi diplomatik uğur hesab etmək olar. Bu uğurun arxasında isə 2017-ci ildən başlayaraq, məhz hörmətli sədr-Anar Bağırovun yüksək idarəçiliyi ilə vəkillik təsisatında zəruri, təxirəsalınmaz islahatların həyata keçirilməsi dayanır. Əlbəttə ki, görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycan vəkilliyi həm aparıcı beynəlxalq təşkilatlar, həm də vətəndaş cəmiyyəti qarşısında mahiyyətinə uyğun müstəqilliyini təsdiq edərək Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini birləşdirən CCBE təşkilatına üzvlüyə qəbul olunmağa nail oldu. Bu üzvlüklə Azərbaycan hüquqşünasları ilə Avropa hüquqşünasları, kollegiyaları və hüquq cəmiyyətləri arasında əməkdaşlıq imkanları genişlənəcək. Avropada təcrübə keçmək imkanları yaranacaq, hüquqşünasların peşəkar hazırlığı təkmilləşdiriləcək ki, bu da onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçirilməsi üçün müstəsna əhəmiyyət kəsb edəcək. Bu, eyni zamanda Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsinə böyük imkanlar yaradacaqdır.

Əldə edilmiş ugurları dəyərləndirərkən, əlbəttə nəzərə alınmalıdır ki, təqribən dörd il bundan əvvəl sədr Anar Bağırovun rəhbərliyi ilə demək olar bütün işlər sıfırdan başlamışdır. Belə qısa müddət ərzində vəkillik peşəsinin nüfuzunun artırılmasında və bu institutun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar ata bilmişik. Görülən işlərdə dövlətin və vətəndaşların dəstəyini daim hiss etmişik. Təbii ki, bütün bu məsələlərdə cənab Prezidentimizin vəkillik təsisatına verdiyi önəm, həyata keçirdiyi uğurlu hüquq islahatları vacib yer tutur. Vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun reallaşdırılması və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi üçün daha da güclənməyi və daha böyük uğurlara imza atmağı hədəf almışıq. Vəkilliyin uğurlarının bəhrəsindən hər bir Azərbaycan vəkili faydalanacaqdır. Vəkilliyin davamlı uğurları ölkəmizdə həm vətəndaş cəmiyyəti, həm də dövlət qurumları tərəfindən alqışlanmaqdadır. Vəkillər Kollegiyasının sədri Anar Bağırovun vurğuladığı kimi, CCBE təşkilatına üzvlüyə qəbul olunmağımız bu son dörd ildə ən böyük uğurlarımızdan biridir və bu uğur ölkəmizin imicinə də öz müsbət təsirini göstərəcəkdir. Fürsətdən istifadə edərək, Vəkillər Kollegiyası üçün böyük əhəmiyyətə malik olan belə bir işin uğurla nəticələnməsi münasibəti ilə bütün həmkarlarımı təbrik edir, bu böyük uğurda danılmaz zəhməti olan hörmətli Anar Bağırova yeni-yeni nailiyyətlər arzu edirəm.

AR Vəkillər Kollegiyasının sədr müavini,

Hakimlərin Seçki Komitəsinin üzvü Aydın Axundov

 

 

 


21:19 18.06.2022
Xəbər lenti
Bütün xəbərlər