KANAL24.AZ
Az Iw En Ru

Bircə rəsmi ilə bütün dünya onu tanıdı - rəssamımız

2500 ildən çox yaşı olan xalçaçılıq sənətinin qaydalarını dəyişən rəssam Faiq Əhməd... Bu rəssam üçün ənənə  sadəcə, təkan aldığı bir başlanğıc nöqtəsidir. Əsərləri beynəlxalq səyyar sərgiyə daxil edilən rəssamın hazırda dünyanın 5 ölkəsində sərgiləri keçirilir. Amerika Birləşmiş Ştatları, Hindistan, Çin və Avropa ölkələrində Azərbaycan xalçaçılıq sənətini təmsil edən gənc ənənəvi  xalçaçılıq  janrının müasir və tam fərqli istiqamətini yardır. Bu xalçalarda Şərqin qədim ənənələri ilə Qərbin müasirliyi uzlaşır. Nəticədə ortaya maraqlı bir iş çıxır.  

Xalça sənətində  inqilab edən Azərbaycanlı rəssam özü xalça toxumasa da, çəkdiyi müasir və qeyri-ənənəvi xalça nümunələrini yaratmaq üçün hətta bu sənətin incəliklərinə yiyələnməli olub. Çünki adi xalçalardan fərqli olaraq bu sənət  əsərlərinin toxunma texnologiyası da ənənəvi toxuculuqdan fərqlənir.

Bir il ərzində ənənəvi toxuma sənəti üzərində dəyişiklik etməyə çalışan rəssam nəhayət öz istəyinə nail ola bilib. 2006-cı ildən beynəlxalq sərgilərə qatılan Faiq Əhmədin bu vaxta qədər Moskva, Berlin, London, Paris, Honkonq kimi şəhərlərdə əsərləri nümayiş olunub. Bu əsərlərdə diqqəti cəlb edən ən böyük məqam isə rəssamın fəlsəfi fikirlərinin xalça üzərində məntiqi təzahürüdür.

Hazırda İtaliyanın paytaxtı Romada dünyanın ən böyük müasir incəsənət muzeylərindən biri sayılan Roma Müasir İncəsənət Muzeyində fərdi sərgi təşkil etməyə hazırlaşan Faiq Əhməd incəsənətdə yeni istiqamətlərdən olan video instalyasilalar üzərində çalışır.

ATV.az


23:17 19.01.2016