KANAL24.AZ
Az Iw En Ru

Bölgələrdəki etirazlar bütün ölkəni bürüyə bilərmi?

Ərəstun Oruclu: “İstənilən bir prosesin total xarakter alması üçün çox ciddi təşkilatçı lazımdır”

 

Ayrı-ayrı bölgələrdə bahalaşma əleyhinə aksiyalar keçirilir. Devalvasiyadan sonra mağazalarda qiymət artımı, xüsusən strateji məhsullar olan unun və çörəyin bahalaşması ilə bağlı narazılıq artıq etirazlara səbəb olub. Lənkəran, Ucar, Füzuli, Siyəzən və Sabirabad rayonlarının əhalisi mövcud duruma etirazlarını bildirmək üçün küçələrə axışıblar. Artıq bəzi bölgələrdə icra başçıları sakinləri qəbul etməyə başlayıb. Lakin etiraz dalğasının digər rayon və şəhərlərə keçəcəyi də istisna edilmir.
 
Cəmiyyət bu etirazların total xarakter alacağından narahatdır. Politoloqlar isə bunun əksinə olaraq iddia edir ki, bölgələrdə lokal xarakterli etirazlar olsa da, bu, ölkə miqyasında geniş vüsət almayacaq. 
 
“Yeni Müsavat”a açıqlamasında mövcud durumu şərh edən politoloq Ərəstun Oruclu indiki mərhələdə etirazların total xarakter alacağını gözləmədiyini bildirdi: “İstənilən bir prosesin total xarakter alması üçün çox ciddi şəkildə şəbəkələşmiş bir təşkilatçı lazımdır. Əks halda, bütün bu proseslər kortəbii şəkildə gedir. Ayrı-ayrı yerlərdə müxtəlif qruplar şəklində təşkil olunur, spontan yaranır. Spontan yarandığı üçün də bu prosesin kütləvi şəkil alması ehtimalı çox azdır. İctimai-siyasi proseslərin idarə olunması  texnologiyası var. Bu texnologiyalar olduğu halda, onu tətbiq edəcək mütəşəkkil, şəbəkələşmiş, peşəkar fəaliyyət göstərən, ölkəni və ya onun əhəmiyyətli hissəsini əhatə edə biləcək təşkilat və ya bir qurum olanda təbii ki, bu mümkündür. Amma bugünkü şəraitdə bu yoxdur. İndi hakimiyyət rəsmiləri, ilk növbədə polis müxalifət təmsilçilərini şöbəyə çağıraraq onları təşkilatçılıqda ittiham edirlər. Halbuki məlumatlar onu göstərir ki, burada təşkilatçılıq yoxdur, bu spontan proseslərdir”. 
 
Ərəstun Oruclunun sözlərinə görə, hökumət bu etirazlara siyasi çalar vermək niyyətindədir: “Sadəcə olaraq, bir görüntü yaratmaq istəyirlər ki, guya bu artıq bir siyasi hərəkatdır, az qala inqilab törətmək cəhdidir. Hakimiyyət bu yolla əsas hədəfdən yayınmağa çalışır. Əsas hədəf isə ölkədə baş verən bahalaşmadır və hakimiyyətin sosial-iqtisadi siyasətinin bugünkü fəsadlarıdır. Burada hələ ki siyasi faktor yoxdur. İctimai-siyasi faktor olmayan yerdə, spontan olaraq ayrı-ayrı bölgələrdə meydana gələn etirazların ölkəni və ya onun əhəmiyyətli bir hissəsini əhatə edən hərəkata çevrilməsi ehtimalı qeyri-mümkündür. Mən düşünmürəm ki, hökumət bu etirazlardan çəkinsin. İlkin reaksiyalardan da bu görünmür. Məsələn, Lənkəran Rayon İcra Hakimiyyətinin açıqlamasında sakinlər aşağılanır, az qala alkoqolik kimi təqdim olunurlar. Bu düşüncə ilə hansısa rasional mövqe tutub insanlara doğru getmək, onların vəziyyətini yüngülləşdirmək üçün addımlar atmaq mümkün görünmür. Birinci düşüncəni, təfəkkürü dəyişmək lazımdır. Təəssüf ki, təfəkkür göstərir ki, ikinci devalvasiyadan sonra atılan addımlar nə iqtisadi, nə sosial, nə siyasi baxımdan rasional addımlar deyil. Yəni hökumət hansısa addımlar atsa belə, onun islahatçı təcrübəsi olmadığından o addımların ziyana işləməsi ehtimalı son dərəcə yüksəkdir”. 
 
Ekspert onu da qeyd etdi ki, hazırda müxalifətin fəallaşması üçün zəmin var, lakin bu düşərgənin bundan necə istifadə edəcəyi sual altındadır: “Mən hesab edirəm ki, indiki şəraitdə müxalifətin fəaliyyəti üçün müəyyən zəmin formalaşıb. Çünki  illər boyu müxalifət siyasi proseslərdən müxtəlif  üsullarla kənarlaşdırılıb. Amma bu gün əhalidə etirazlar başlayırsa, müxalifət üçün fəaliyyət şəraiti yaranır. Müxalifət bundan istifadə edə biləcək, ya yox, bu artıq başqa məsələdir”.

17:46 14.01.2016
Xəbər lenti
Bütün xəbərlər