KANAL24.AZ
Az Iw En Ru

Azər Ayxan: "İqtidara gəlsələr, müxalifətçilərin, jurnalistlərin başını kəsib, futbol oynayacaqlar?!”

Azər Ayxan: “Hansısa nazirin əmisi oğlu müxalifət liderlərindən birinin oğlunun başını kəsəcəyini bəyan etsəydi, AXCP sədrinin çığırtısından qulaq tutulardı”

 

 
“Azadlıq” qəzetinin 12 yanvar 2016-cı il tarixli sayında yer alan “Bir statusun ətrafına yığışanlar” adlı məqalədə, “Yeni Müsavat” qəzeti hökumətin sifarişi ilə işləməkdə ittiham edilərək,  İnqilab Kərimovun statusunu ictimailəşdirməkdə suçlanır. 
 
Qəzet yazır ki, ölkədə mühüm hadisələr baş verir, sosial-iqtisadi böhran qapını kəsdirib və belə bir vaxtda “Yeni Müsavat”ın diqqətini İnqilab Kərimovun facebook statusuna yönəldib. Bunun ardından qəzet iddia edir ki, bu mövzuya toxunmaqda məqsəd Əli Kərimlinin adını hallandırmaqdır. 
 
“Azadlıq” qəzetinin yazdığı, müxtəlif qınaq və ittihamlarla müşayiət edilən bu yazıya “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan cavab verərək, faktiki Əli Kərimlinin idarəsində olan bu qəzetin obyektiv bir yazıdan bu dərəcədə “qəzəblənməsini” əsassız adlandırıb: “Əli Kərimli əmisi oğlunun cinayətə bərabər statusunu işıqlandırdığımız üçün “Yeni Müsavat” qəzetinə hücum təşkil etdirib. Nəzarətində olan və faktiki olaraq baş redaktorluğunu icra etdiyi “Azadlıq” qəzetində bununla bağlı məqalə yazıb ki, guya biz hökumətin sifarişi ilə Azərbaycanda baş verən son iqtisadi-siyasi proseslərdən diqqəti yayındırmaq üçün  əmisi oğlu İnqilab Kərimovun məlum statusunu dövriyyəyə buraxmışıq. Bu yanlış yanaşmadır. Mətbuatın işi yalnız ölkədə baş verən iqtisadi prosesləri işıqlandırmaq deyil. Bizim qəzetimiz 16 səhifədir, o cümlədən musavat.com saytında xeyli xəbərlər gedir ki, o xəbərlərdən biri də İnqilab Kərimovun məlum statusu ilə bağlı yazıdır. İnqilab Kərimov sıradan bir adam deyil. O, Azərbaycanın müxalifət partiyalarından birinin sədrinin əmisi oğludur. Bu adamlar özlərini demokrat adlandırırlar. Bildirirlər ki, Azərbaycanda iqtidara gəlib, ölkəni və milləti bu vəziyyətdən qurtaracaqlar, ölkəyə demokratiya gətirəcəklər. Amma bir yandan da ən yaxın çevrələrindəki adamlar sosial şəbəkələrdə terror küləkləri əsdirir. Əli Kərimlinin yaxın ailə üzvü, qardaşı qədər ona yaxın olan  İnqilab Kərimov artıq neçənci dəfədir ki, terrora çağırış edir. Bir dəfə İŞİD-i Azərbaycana çağırmışdı, bildirmişdi ki, məhkəmədə hansısa saxtakarlıq edən hakimləri, yalançı şahidlik edən şəxsləri İŞİD üsulu ilə aradan götürmək lazımdır. İndi isə ölkənin nazirlərindən birinin oğlunun başını kəsib qoltuğunda gəzdirəcəyini deyib. Bu, çox qorxulu bir tendensiyadır. Bunu ilk növbədə Əli Kərimli özü qınamalı idi, onun nəzarətindəki qəzet qınamalı idi. İnqilabın bu statusunu pisləyən bəyanat verməli idi. Bunu etmədiyi bir yana, həmin terrora çağıran statusu qınayan qəzetə, jurnalistlərə böhtan atmaqla məşğuldur”.  
 
 

 “İndi belə çıxır ki, bunlar iqtidara gəlsələr, müxalifətçilərin, jurnalistlərin başını kəsib, futbol oynayacaqlar?!” 

A.Ayxan onu da qeyd edib ki, İnqilab Kərimovun sözgedən statusu həm hüquqi, həm də mənəvi-psixoloji baxımdan çox qorxulu bir çağırışdır və bu, qınanmalıdır: “Biz terrora çağırış edən bir adamın bu çağırışını qınamışıq. Əli Kərimlinin adını da ona görə çəkmişik ki, bu insan özünü AXCP sədrinin əsgəri sayır və bunu dəfələrlə bəyan edir. Biz də diqqəti buna yönəldirik ki, Azərbaycana firavanlıq gətirəcəyini iddia edən, özünü əsl demokrat, prinsipial müxalif lider adlandıran AXCP sədrinin ən yaxınındakı şəxs - İnqilab Kərimov belə status yazır. Və belə çıxır ki, sabah, Allah eləməmiş, AXCP hakimiyyətə gələrsə Kərimlilər nəslinin nümayəndələri xoşları gəlmədikləri adamların - müxalifətçilərin, jurnalistlərin başını kəsib futbol oynayacaqlar?! Təsəvvür edin ki, bu çağırışı hansısa bir nazirin əmisi oğlu edəydi. Facebookda kiminsə, lap tutaq ki, hansısa müxalifət liderinin övladının başını kəsəcəyi haqda status yazaydı. O zaman Əli Kərimlinin çığırtısı ölkəni başına götürərdi”. 
 

 “Əli Kərimli əmisi oğlunun insanlığa zidd çağırışını qınamaq əvəzinə, növbəti dəfə bizə şər atıb. Məqsədi iz azdırmaq, ictimai qınaqdan yayınmaqdır” 

 
“Biz bu qorxunc və hüquqa zidd çağırışa biganə qalmayaraq yazılar dərc etmişik. Çox da doğru etmişik” – deyən baş redaktor müavini daha sonra bunları söyləyib: “Əgər hüquq-mühafizə orqanları bundan istifadə edərək cinayət işi açıbsa, bu, bizim problemimiz deyil. Bu, Əli Kərimlinin problemidir. Getsin əmisi oğlunun başına ağıl qoysun, tərbiyələndirsin. Bunu bacarmırsa, İnqilabın bu insanlığa zidd çağırışını pisləsin. Əli Kərimli əmisi oğlunun insanlığa zidd çağırışını qınamaq əvəzinə, növbəti dəfə bizə şər atıb. Məqsədi iz azdırmaq, ictimai qınaqdan yayınmaqdır. Özlərini sığortalamaq üçün yazının girişində qeyd ediblər ki, bu, İnqilab Kərimovun qeyri-ciddi statusdur, zarafatıdır. O zaman Əli Kərimli ətrafına ciddi adamlar yığsın. İndi biz də onlardan soruşuruq ki, xalqın bu cür ciddi bir problemlə üzləşdiyi zamanda belə uğursuz zarafat etmək bir partiya sədrinə, onun çevrəsinə yaraşarmı? Əlbəttə, yaraşmaz”. 
 
Redaktor müavini həmçinin, “Azadlıq” qəzetinin başqa bir məqalədə Zahid Orucun müsahibəsi ilə bağlı yazdığı fikirlərə də münasibət bildirib. O, AXCP rəhbərini alternativ fikrə hörmətlə yanaşmağa çağırıb: “Əli Kərimli bizim Zahid Orucla müsahibəmizə də toxunaraq başqa bir imza ilə bildirib ki, guya hakimiyyətdən sifariş alaraq, Zahid Orucu Əli Kərimlinin əleyhinə danışdırmışıq. Təbii ki, hər dəfə olduğu kimi bu dəfə də yalan yazır, şər söyləyir. Biz müxalif bir partiya sədrinin videomüsahibəsində hakimiyyəti hədəfə alaraq söylədiyi fikrə hakimiyyət sözçüsünün münasibətini almışıq. Əli Kərimli deyib ki, mən hakimiyyət götürməyə hazıram. Qarşı tərəfin bununla bağlı mövqeyini dərc etmişik və burada Əli Kərimlinin fikirlərinə istinad etmişik. Əli Kərimlinin bizi boykot etməsinə baxmayaraq, biz onun fikrini də tirajlamışıq ki, AXCP sədri belə bir söz deyib və biz də onun bu fikrinə alternativ olaraq, Zahid Orucu danışdırmışıq. Zahid Oruc müsahibəsində nə deyibsə, o, bizim problemim deyil. Qəzetin bir işi də bu cür polemikalar təşkil etmək, müxtəlif fikirlərə rəylər almaqdır. Əli Kərimli necə demokratdır ki, alternativ fikri süngü ilə qarşılayır. Əli Kərimli bu hakimiyyətdən necə demokratiya tələb edir ki, özü demokratiyanın təməl prinsipi olan söz azadlığına, fikir müxtəlifliyinə dözümsüzlük göstərir?”
 
 
Musavat.com

03:04 13.01.2016
Xəbər lenti
Bütün xəbərlər