KANAL24.AZ
Az Iw En Ru

Cəbhəyanı kəndlərə kommunal güzəştlər... – MM-də müzakirə

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların himayəyə verildikdən sonra da ödənişli təhsil müəssisələrindəki təhsil haqqından azad edilməsinin qanunvericilikdə öz əksini tapmasını yüksək qiymətləndirdiyini deyib.

Kanal24  xəbər verir ki, o, qanun layihəsinin çox humanist və vacib olduğunu vurğulayıb.

Qənirə Paşayeva ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsi, təhsili, onların qayğıları yönündə örnəklər yaratdığını minnətdarlıqla qeyd edərək, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara övladlığa verildikdən sonra da bu cür dəstək göstərilməsinin cəmiyyət tərəfindən müsbət qarşılanacağını bildirib.

Millət vəkili ön cəbhə kəndlərindən olan və ödənişli əsaslarla təhsil alan tələbələrin də təhsil haqqından azad olunması təklifi ilə çıxış edərək, bunun vacibliyi ilə bağlı fikirlərini bölüşüb.

Q.Paşayeva deyib ki, I, II, III qrup əlilliyi olan Qarabağ müharibəsi veteranlarının ödənişli əsaslarla oxuyan tələbə övladlarının təhsil haqları dövlət tərəfindən qarşılanır:

“Lakin müharibədə aldığı zədələr nəticəsində daha sonralar sağlamlığını qismən itirib, “ümumi əlilliyi olan” kateqoriyasına düşən Qarabağ veteranlarının övladları bu güzəştlərdən yararlana bilmir. Onların övladları bu və ya digər səbəbdən sağlamlığını itirərək, əlillik dərəcəsi alan insanların övladlarına şamil edilən hüquqlardan, ancaq digər valideyni vəfat etmiş olduğu halda yararlana bilir. Qarabağ müharibəsi veteranları, müharibədən sonrakı illərdə sağlamlığını itirərək əlilliyi olan şəxsə çevrilən veteranların övladlarına da bu imtiyazların verilməsi xahişi ilə çıxış edir. Onlar bildirir ki, müharibədən sonra sağlamlığını itirərək əlillik dərəcəsi alan Qarabağ müharibəsi veteranları uşaqlarının digər valideynini itirmədiyi halda da bu güzəştlərdən yararlana bilməsinə böyük ehtiyac var”.

Deputat sərhədyanı kəndlərdə yaşayan əhali üçün bir sıra güzəştlərin, məsələn, kommunal xərclərdə endirimlərin tətbiqinin ümumi işin xeyrinə olacağını da vurğulayıb. O, hökumətdən cəbhəyanı kəndlərlə bağlı təkliflərinin 2021-ci ilin dövlət büdcəsi layihəsində nəzərə alınmasını xahiş edib.


05:32 01.10.2020