KANAL24.AZ
Az Iw En Ru

Səməd Seyidov Recep Meydani ilə görüşüb

Oktyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Albaniyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq mərkəzinin üzvü Recep Meydani ilə görüşüb.

Kanal24.az xəbər verir ki, rektor Səməd Seyidov qonağa rəhbərlik etdiyi ali təhsil ocağı haqqında ətraflı məlumat verib.
ADU-nun beynəlxalq əlaqələrindən danışan rektor universitetin bir sıra ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlığından söz açıb. O, universitetdə Qərbi Avropa dilləri ilə yanaşı, çin, yapon, koreya, və indoneziya dillərinin də tədris olunduğunu, həmçinin ADU-da xarici ölkələrin dil və mədəniyyət mərkəzlərin fəaliyyət göstərdiyini vurğulayıb. Bununla yanaşı, universitetdə Şərq dillərinin və mədəniyyətinin öyrənildiyini də diqqətə çatdırıb.
Azərbaycan ilə Albaniya arasındakı əməkdaşlıqdan danışan rektor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib.
Azərbaycanda olmasından məmnunluğunu ifadə edib Albaniyanın sabiq Prezidenti Recep Meydani ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdən sonra Albaniyanın sabiq prezidenti ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə “İnsan təhlükəsizliyi” mövzusunda mühazirə oxuyub.
O, mühazirəsində insan mühafizəsinin izahı, iqtisadi, ətraf mühit, sağlamlıq məsələləri, insan hüquqları, daxili və xarici mühafizə arasında fərqlər, təhlükəsizliyin elementləri və digər məsələlərə toxunub.
Sonda tələbələrin sualları cavablandırılıb.


22:00 30.10.2014