KANAL24.AZ
Az Iw En Ru

Heydər Əliyev və Azərbaycan

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçirilən növbəti açıq dərsin mövzusu belə olub.

Kanal24.az AzərTAc-a istinadən xəbər verir ki, açıq dərsdə Naxçıvan Tibb Kollecinin tələbələri iştirak ediblər.
Kollecin tarix müəllimi Rəna Vəliyeva bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası özünün qədim tarixi, zəngin mədəniyyəti, gözəl təbiəti ilə fəxr etdiyi kimi, onu dünyaya tanıdan dahi şəxsiyyətləri ilə də fəxr edir. Belə şəxsiyyətlərin fövqündə dayanan ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına, müstəqilliyinin əldə olunmasına və onun qorunub saxlanılmasına həsr edib.
Qeyd olundu ki, böyük şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmiz çox qısa bir dövrdə aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilib, respublikamızda elm, təhsil, səhiyyə və mədəniyyətin inkişaf etdirilməsinə böyük diqqət göstərilib, mühüm nailiyyətlər əldə olunub. Bu dövrdə müstəqil Azərbaycanın gələcəyi naminə bir çox tarixi addımlar atılıb, bu müstəqilliyi qoruyacaq milli ordumuz üçün ilkin baza yaradılıb, bütün sahələr üzrə yüksəkixtisaslı kadrların hazırlığı diqqət mərkəzində saxlanılıb.
Vurğulandı ki, Azərbaycan xalqının çağırışına biganə qala bilməyən dahi Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə qayıtdı. Onun hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimizin qorunması, torpaqlarımızın işğalına son qoyulması, ölkədə əmin-amanlığın, siyasi sabitliyin bərqərar olunması ilə nəticələndi. Tarix üçün çox qısa zamanda Azərbaycan öz iqtisadi, siyasi gücü ilə dünya dövlətləri sırasında söz sahibi olan bir ölkəyə çevrildi. Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikası da uğurlu inkişaf yolu keçdi, intibaha qovuşdu. Ulu öndər Heydər Əliyevin Naxçıvanla bağlı arzularının uğurla həyata keçirilməsi bu gün muxtar respublikanı sürətlə inkişaf edən regiona çevirib.
Sonra tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.


21:06 30.10.2014