KANAL24.AZ
Az Iw En Ru

Ekspert: “Ağır xəstələrin reanimatoloq olmayan Ağciyər İnstitutuna yönləndirilməsi ölüm hallarını artırır”

Son günlər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda qeydə alınan ölüm faktları narahatlıq yaradıb. Ağciyər İnstitutunda müalicə alanların böyük əksəriyyəti tənəffüs problemləri, vəziyyətləri ağır olan xəstələrdir. Lakin İnstitutda həkim-reanimatoloqların olmaması baş verən ölüm faktlarının səbəblərini bir qədər sual altında qoyur.

Bir müddət əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi mediaya açıqlamasında İnstitutda cəmi bir həkim-reanimatoloqun çalışdığını və bu ştat üzrə altı vakansiyanın elan olunduğunu demişdi.

Mövcud vəziyyətin hansı səbəbdən yarandığı məsələnin başqa tərəfidir. Əsas sual odur ki, bəlkə bir müddət həmin vakansiyalar üzrə müraciət edən olmadı. Bir nəfər reanimatoloqun İnstitutda bütün xəstələrin vəziyyətinə ciddi nəzarət etməsi nə dərəcədə realdır? Həkimlərin bu və ya digər səbəblərdən işdən getməsinin cəriməsini xəstələr çəkməlidirmi?

 

Ən azından müvəqqəti də olsa, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna həkim reanimatoloqlar cəlb edilə bilər. Bu məsələ niyə həllini tapmır? Bu barədə hansı qurum tərəfindən tədbir görülməlidir? TƏBİB, yoxsa Səhiyyə Nazirliyi?

Mövzu ilə bağlı  əməkdaşı tibbi ekspert Adil Qeybulla ilə söhbət edib. Məsələyə münasibət bildirən ekspert qeyd edib ki, bu gün səhiyyə sisteminə kimin nəzarət etdiyini başa düşmək olmur:

“Hazırda ölkənin səhiyyə sisteminə tam olaraq cavabdehlik daşıyan yekdil qurum yoxdur. Bilirsiniz ki, ölkədə İcbari Tibbi Sığorta ilə bağlı TƏBİB adlı qurum yaradılıb. Respublika üzrə əsas xəstəxanalar birmənalı olaraq həmin qurumun tabeliyinə verilib. TƏBİB isə strukturunu, işini tam şəkildə qura bilməyib. Təbii ki, buna vaxt lazımdır. Digər tərəfdən, tibb müəssisələrinin çox az bir hissəsi Səhiyyə Nazirliyinin nəzarətində qalıb. İkili rəhbərliyin yaranması səhiyyə sistemində bütün proseslərə, eləcə də ağır xəstələrin vəziyyətlərinə də ciddi təsir edir. Təəssüf ki, əziyyət çəkənlər xəstələr olur”.

A.Qeybullanın sözlərinə görə, istənilən halda İnstitutda ağır xəstələrin müalicə aldığını nəzərə almaq lazımdır:

“Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda reanimatoloq yoxdursa, xəstələrin qəbul edilməsi mənasızdır. Əslində, həkim olmayan müəssisəyə xəstələrin yönləndirilməsində ciddi qüsurlar var. Digər tərəfdən, ağırlaşmış ağciyər xəstələrində ciddi tənəffüs çatışmazlığı olur. Ağır vəziyyətdə olan xəstələrin reanimatoloq olmayan İnstituta yönləndirilməsi də ölüm hallarının sayını artırır. Reanimatoloq yoxdursa, İnstituta mütləq şəkildə kənardan həkim çağırılmalıdır. Burada hər kəsin öz məsuliyyəti var. Yaxşı olardı ki, hər kəs öhdəsinə düşəni yerinə yetirsin. Dövlət xəstəxanalarının təmiri, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində işlər görülüb. Amma nəticə göstərir ki, görülən işlər bu gün heç də kifayət etmir.

Hər halda düşünürəm ki, bu problemlər birinci növbədə təşkilati məsələlərdən qaynaqlanır. Vahid səhiyyə rəhbərliyi olmalıdır. Xüsusilə, dövlət xəstəxanalarının təchizatı, həkim təminatı və digər təşkilati məsələlər də vahid qurum tərəfindən təmin edilməlidir. Ümumilikdə, bütün bu səbəblər səhiyyədə xaotik vəziyyət yaradıb”.

Ekspert Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim probleminin aradan qaldırılması üçün qısa zamanda tədbirlər görülməsini vacib hesab etdiyini deyib.

Qeyd edək ki, daha əvvəl  TƏBİB-ə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-reanimatoloqların sayı ilə bağlı sorğu ünvanlayıb. Sorğuya cavab olaraq bildirilib ki, hazırda tibb müəssisələrində TƏBİB-in monitorinq qrupunun əməkdaşları araşdırmalar aparır. Aparılan çalışmalar yekunlaşmamış tibb müəssisələri barədə suallara konkret cavab verilməsi mümkün deyil.


00:37 13.02.2020