KANAL24.AZ
Az Iw En Ru

Mərkəzi Bankdan daşınmaz əmlakın sığortası barədə açıqlama

Mərkəzi Bank daşınmaz əmlakın icbari sığortası ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Qaynarinfo xəbər verir ki, Mərkəzi Bankın mətbuat xidmətindən  2019-cu ildə ölkədə baş vermiş irihəcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin sığorta mexanizmi vasitəsilə ödənilməsi nəzərdə tutulur:
 
"Bu sahədə dövlət yükünün azaldılması məqsədilə Qanunun icrasına tam nəzarət və tətbiqi üçün Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təbliğat və təşviqat işləri aparılır və bununla da 2020-ci ildən başlayaraq bu sahədə tədbirlərin həyata keçiriləcək”.
 
Bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə görə icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir:
 
""İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Prezidentin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.57-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır.
 
"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli  354s nömrəli Sərəncamı ilə "Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” (Tədbirlər Planı) təsdiq edilmişdır. Tədbirlər Planında sığortalanma prosesinin sadələşdirilməsi, penetrasiyanın artırılması və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədilə aidiyyəti qurumların elektron informasiya sistemlərinin İcbari Sığorta Bürosunun elektron informasiya sistemi ilə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada alınmasının təmin edilməsi elektron informasiya sistemlərinin inteqrasiyası ilə həyata keçiriləcək. Həmçinin müvafiq sığorta növü üzrə elektron informasiya sistemlərinin inteqrasiyasının və sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub”, - deyə rəsmi məlumatda bildirilib.

21:51 09.01.2020