2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxal olunub.
gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon dollar, o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil edib, nəticədə 4526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artıb, real ifadədə isə 1,3 faiz, o cümlədən idxal 2,8 faiz, ixrac 0,5 faiz azalıb. Bu dövr ərzində ölkədən 1572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.
İxracın 29,4 faizini İtaliyaya, 13,8 faizini Türkiyəyə, 6,9 faizini İsrailə, 5,7 faizini Hindistana, 4,9 faizini Almaniyaya, hər biri 4,2 faiz olmaqla Çin və İspaniyaya, 3,4 faizini Rusiyaya, 3,2 faizini Fransaya, 2,9 faizini Gürcüstana, 2,8 faizini Çexiyaya, 2,3 faizini Birləşmiş Krallığa, 2,1 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 12,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (8,4 faiz), Ukraynaya (2,5 faiz), İtaliyaya (2,3 faiz), Çinə (2,2 faiz), Yunanıstana (2,2 faiz), Niderlanda (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,3 faizi Rusiya, 11,6 faizi Türkiyə, 10,6 faizi İsveçrə, 9,4 faizi Çin, 6,0 faizi ABŞ, 5,1 faizi Almaniya, hər biri 3,4 faiz olmaqla Kanada, İran və Ukrayna, 2,7 faizi İtaliya, 2,6 faizi Avstraliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 20,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.