Xroniki böyrək çatışmazlığının yeganə müalicəsi böyrək transplantasiyasıdır. Belə ki, böyrək transplantasiyası olan xəstələr böyrək çatışmazlığının yaratdığı yüksək təzyiq, yüksək təzyiqlə bağlı dərman preparatları qəbulu, bununla əlaqədar fəsadların yaranması kimi bir çox problemlərdən azad olurlar. Böyrək çatışmazlığı olan xəstələrdə qan azlığı və s. ciddi problemlər olur. Hemodializə qoşulduğu zaman isə bu xəstələrdə əlavə, yanaşı olaraq hepatit xəstəliklərinə yoluxma riskləri yaranır. Təsəvvür edin ki, belə xəstələr həftədə 3 dəfə 6-8 saat hemodializə məruz qalmış olurlar. Amma bütün bunların həll yolu böyrək transplantasiyasıdır.
Hazırda bütün dünyada qabaqcıl tibb müəssisələri xəstələrin hemodializə qoşulmağındansa, orqan transplantasiyası əməliyyatlarının icrasına üstünlük verirlər.
Böyrək transplantasiyası əməliyyatlarını həyata keçirmək üçün xəstələrin ən vacib komponenti onların donorlarıdır. Müvafiq qan qrupuna uyğun olaraq xəstələrin donorları əməliyyata hazırlanır və böyrək transplantasiyası əməliyyatı icra olunur. Lakin elə xəstə qrupu da var ki, bunların qan qrupuna uyğun donor tapılmır və yaxud yoxdur. Belə olduqda, həmin xəstələr orqan transplantasyası əməliyyatı oluna bilmir.
Mərkəzi Gömrük Hospitalında hazırda donoru tapılmayan xəstələr üzərində çarpaz böyrək transplantasiyası əməliyyatları uğurla icra olunur.
Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloqu Mircəlal Kazımi bildirir: “Biz qaraciyər və böyrək transplantasiyası əməliyyatlarında professional bir komanda olaraq fəaliyyət göstəririk. Bu uğurların, müvəffəqiyyətlərin qazanılmasında Mərkəzi Gömrük Hospitalının, tibb bacılarının, tibbi personalın, əməliyyatxananın və reanimasiya xidmətinin böyük rolu vardır. Belə ki, artıq 800 nəfərdən artıq insan üzərində böyrək və qaraciyər transplantasiyası əməliyyatları icra olunmuşdur.
Donor çatışmazlığını həll etməyin alternativ yolu çarpaz böyrək transplantasiyası əməliyyatlarıdır. Çarpaz böyrək transplantasiyası əməliyyatları uyğun qan qrupu olmayan donorların cütlər arasında donorların dəyişməsindən ibarətdir. Belə ki, donorlar xəstənin müvafiq qan qrupuna uyğun donor olmadığı üçün öz donorunu qarşı tərəfdəki olan xəstənin donoru ilə dəyişdirir və bununla da, çarpaz böyrək transplantasiyası əməliyyatı icra olunur. Bu günlərdə daxil olan pasiyentlərimiz Mərkəzi Gömrük Hospitalında çarpaz böyrək transplantasiyası əməliyyatı olunub. Belə ki, hər iki xəstənin öz qohumları donor olsa da, qan qrupu uyğun deyildi. Ona görə də bu pasiyentlər öz aralarında donorlarını dəyişdirərək, çarpaz transplantasiya olunublar. Artıq əməliyyatdan sonra hər iki xəstənin analiz nəticələri qənaətbəxşdir, donorlar və xəstələr evlərinə yola salınıb, öz müalicələrini ambulator şəraitdə davam etdirirlər. Bu, bizim icra etdiyimiz növbəti çarpaz böyrək transplantasiyası əməliyyatı idi. Donoru olmayan xəstələr bizə müraciət edərək qarşı tərəfdə də cütlərin donoru olmadığı zaman uyğun qan qrupu olan donor tapa bilərlər və biz onları çarpaz böyrək transplantasiyası əməliyyatı edərək, böyrək çatışmazlığı xəstəliyindən xilas edə bilərik”.
Mərkəzi Gömrük Hospitalında böyrək transplantasiyasına ehtiyacı olan xəstələrin donorları laparoskopik üsulla, yəni bağlı üsulla əməliyyat olunurlar. Dr. Mircəlal Kazıminin rəhbərlik etdiyi komandanın fürsətləri genişdir, komanda üzvləri müxtəlif xarici ölkələrdə öz təhsillərini başa vurmuş həkimlərdir. Dr. Kamran Beydullayevin rəhbərliyi ilə donor əməliyyatları icra edilir. Onun əməyi nəticəsində donorların böyrəyi laparoskopik üsulla icra olunur və donorun böyrəyi çox kiçik bir estetik kəsikdən xaric edilir. Donorun xəstəxanada qalması 3-5 gündür. Laparoskopik yolla əməliyyatların bir çox üstünlükləri var: donorun xəstəxanada qalma müddəti az olur, yaranın kəsiyi estetik və kiçik olur, yara yerində hər hansı defektin əmələ gəlmə ehtimalı demək olar ki, 0-a bərabər olur.
Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən icra edilib.